Xəbər lenti

 

Ovqat.com olaraq, biz təkcə Şimali Azərbaycanın deyil, həm də cənublu qardaşlarımızın dili olmaq ülküsü ilə yola çıxmışıq. Zaman-zaman İranda baş verən hadisələrə göz atmağımız da bu ülkümüzdən qaynaqlanır.

Saytımızda vaxtaşırı Cənub yaramıza işıq tutan şeir və digər ədəbi nümunələri təqdim etmək qərarına gəldik. İkiyə bölünmüş Azərbaycanın mədəni sahədə bütünləşməsi məqsədi ilə Cənubda yaşayan şair və ədiblərin əsərlərinə də səhifələrimizdə yer verməyə çalışacağıq.

Saytımızın redaktoru Heydər Oğuzun 2011-ci ildə qələmə aldığı “Nə susubsan, qoca dünya!” adlı şeiri ilə “Cənubdan əsintilər” rubrikasını açırıq.

 

“Nə susubsan, qoca dünya!”

 

 

 

Ərəbin halına yandın, nə gözəl, biz də varıq.

Qəhr edir Türkü Yezid zülmü ərəbdən də betər.

Eşidilmir səsin, ağzın quruyub, bizmi karıq?

Bu qədər duyğusuz olmaq yaramaz, bəsdi, yetər!

 

Nə susubsan, qoca dünya? Gözünü aç, bizə bax!

Qana qəltan olunan Urmunu gör, Təbrizə bax!

 

Ərəbin haqqı çatır fikrini izhar eləyə

Yox bu cür məndə hüquq, dağ çəkilibdir dilimə!

Elimin çəkdiyi ah azca qalır ərşə dəyə,

Su verilmir, susayıb, təşnəyə dönmüş gölümə!

 

Din adından danışıb qan axıdan dinsizə bax!

Nə susubsan, qoca dünya? Gözünü aç, bizə bax!

 

Suyu göldən ayırıb çöllüyə döndərdi yağı

Yezidin ağlına gəlməzdi bu cür qanlı fikir.

Quruyur Urmunun odlarda yanan dil dodağı

Göl də dözmürsə müsibətlərə, millət nə çəkir?!

 

Hardasan, torpağımın üstə çıxıb qan dizə, bax!

Nə susubsan, qoca dünya?! Gözünü aç, bizə bax!

 

Tanrı əlvan yaradıb aləmi, öz təqdiridir.

Hər yemin öz dadı, hər bir quşun öz nəğməsi var.

Türkçəmin varlığı suçdursa, kimin təqsiridir?

Bəli, əlbəttə, bu məntiqdə qüsur nöqtəsi var.

 

Haqqa meydan oxuyan məntiqəsığmaz sözə bax!

Nə susubsan, qoca dünya? Gözünü aç, bizə bax!

 

Eşit artıq bizi, Tehran! Ucalır ərşə bu səs,

Toplanıb qəsrini viran edəcək qəlbdəki kin!

Qalmayıb sənlə bərabərliyə Türklərdə həvəs!

Dilə qandalmı vururlar, bumu İslam, bumu din?!

 

Bizə din öyrədən üzsüzdəki sən bir üzə bax!

Nə susubsan, qoca dünya? Gözünü aç, bizə bax!




Ana səhifəyə qayıt        Baxış: 1 390          Tarix: 14-12-2019, 11:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma