Bəs deyirdiniz; bunlar "qoca qurdlardır"?
Doğrusu, Azərbaycanın beyni kiflənmiş qoca məmurları barədə deyilən “qoca qurdlar” bənzətməsinə heç vaxt inanmamışdım. Amma bu “beynikifli”lərin bu qədər də quzu balası olduğunu təxmin etməzdim. Elə ki, prezident İlham Əliyev Hacıbala Abutalıbovu qəbul edib ona bir-iki kəlmə söz pıçıldadı, qoca qurdlar da dönüb oldu quzu balaları.
Əslində onları başa düşmək də olar. Axı prezident heç də Hacıbalaya “qızım sənə deyirəm, gəlinim sən eşit” məntiqinə uyğun şəkildə nələrsə pıçıldamamışdı. Onun verdiyi mesaj tamamilə aydın idi: “Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır”.
Görünən budur ki, İlham Əliyevin verdiyi mesaj ilk əvvəl Azərbaycan Milli Elmlər Akademiyasına çatıb. Bu da başadüşüləndir. Necə olsa AMEA elm ocağıdır. Sözü sözdən seçə bilirlər. Onlar da qalxın özlərini Baş Nazirin birinci müavini Yaqub Eyyubov kimi aparsalar, daşıdıqları akademik adını batırmış olar. O başqa məsələdir ki, Yaqub Əyyubov inadkarlığı sayəsində nələri batıracaq, bunu bir Allah, bir də bilən bilir.
Nə isə, çox uzatmadan keçək əsas mətləbə.
Ötən gün Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, artıq AMEA prezidenti Akif Əlizadə istefa ərizəsini yazıb və sabah AMEA-ya yeni prezident seçiləcək.
Fövqəladə toplantı oktyabrın 23-də saat 11:00-a təyin olunub.
AMEA-nın yeni prezidenti kimi akademiklər - Nərgiz Paşayevanın və Rasim Əliquliyevin şansları daha çox dəyərləndirilir.
Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var.
Paylaş: