Xəbər lenti

 

Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu AKP-dən ayrılmış şəxslərlə birlikdə yeni siyasi partiya qurduğunu rəsmən elan etdi. Keçmiş AKP-çilərin birləşdiyi “Gələcək Partiyası”nın təsis olunması Türkiyə siyasi çevrələrində birmənalı qarşılanmadı. Bəs bu əndişələrin səbəbi nədir? AKP hökuməti Əhməd Davudoğludan niyə bu qədər çəkinir?

Ovqat. com-un suallarını cavablandıran Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, bu əndişənin səbəbi Gələcək partiyasının qurulmasının AKP-ni zəiflətməyə yönəlik bir proqram olmasından qaynaqlanır: "Çünki demək olar, Gələcək partiyasının bunun təsisçiləri AKP-nin əsas fiqurlarıdır, kifayət qədər AKP-dən istifadə edib, Türkiyənin ictimai-siyasi həyatında yer tutmuş adamlardır, baş nazir, maliyyə naziri və sairə. Görünür, Fətonun çevrilişi baş tutmayandan sonra AKP-yə, xüsusən də Rəcəb Təyyub Ərdoğana qarşı ən müxtəlif təzyiqlər hazırlanır. Baxmayaraq ki, AKP yenə də xalqın böyük dəstəyini alıb, bəzi qüvvələri yeni layihələri həyata keçirməyə məcbur eləyib. Gələcək partiyasının da məqsədi, mənə elə gəlir ki, Fəto-nun həyata keçirə bilmədiyi çevrilişi həyata keçirməkdir. Yəni artıq siyasi yol var: AKP-ni parçalamaq, elektoratı öz tərəfinə çəkmək və Ərdoğanın, AKP-nin hakimiyyətinə son qoymaq. Mənim başa düşdüyüm budur".

 

S.Cəlaloğlu Əhməd Davudoğlu və komandasının yeni partiya yaratmasının arxasında xarici güclərin dayana biləcəyini də istisna etmir: "Ola bilsin ki, bunun arxasında xarici qüvvələr var. Bilirsiniz ki, Davudoğlunun masonlarla əlaqəsi haqqında kifayət qədər söz-söhbətlər dolaşır. Ola da bilsin ki, Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq, AKP-ni zəiflətmək üçün beynəlxalq bir proyekt hazırlanıb. Bütün hallarda bu, AKP-yə zərbə vuracaq. Bu zərbə nə dərcədə öldürücü olacaq, bunu gələcək göstərəcək, amma indiki həlledici məqamda AKP-nin və Ərdoğanın siyasi avtoritetinin zəifləməsi Türkiyənin xeyrinə olmayacaq. Çünki Ərdoğan Türkiyə tarixində Atatürkdən bu tərəfə ikinci bir liderdir ki, Türkiyənin maraqlarını bütün dünya qarşısında qoruyub və artıq Türkiyəni regional gücə çevirmək həddinə gətirib çıxarıb. Əgər bir  zəif partiya hakimiyyətə gələcəksə, Ərdoğanın başlatdığı bütün bu işlər yarımçıq qalacaq və Türkiyə əvvəlki kimi xarici dövlətlərin diktəsi ilə fəaliyyət göstərən bir quruma çevriləcək".

  

Deputat Fazil Mustafa isə qeyd etdi ki, Davudoğlunun qurduğu partiya AKP-nin  bazası ətrafında formalaşan, onadan narazı olan qüvvələrin təşkilatıdır: "Bu narazılığın səviyyəsi genişlənə bilər. Davudoğlu da Türkiyədə müəyyən əhəmiyyətli  fiqurlardan biridir, ölkənin baş naziri, xarici işlər naziri işləyib. Ona görə də təbii ki, hakim partiyanın sıralarından xeyli adamları müəyyən dərəcədə öz partiyasına qata, tərəfdarına çevirə bilər. Ona görə də əhəmiyyətli dərəcədə müəyyən proseslər gözləniləndən fərqli məcrada davam edə bilər. Bu baxımdan, narahatçılıq başadüşüləndir. Çünki mərkəz sağda bu qədər fərqli partiyaların olması daha çox sol partiyaların işinə yarayacaq bir durum yaradır. Təhlükəli ondan ibarətdir ki, AKP və sağ partiyaların bazasında baş verən bu parçalanmalar seçkilərdə onların müəyyən mənada səs itkisinə gətirib çıxara bilər. Bu da sol partiyalara müəyyən dərəcədə üstünlük yaradacaq".

 

 REAL Partiyasının icra katibi Natiq Cəfərli Davudoğlunun yaratdığı partiyanın elektoratının mühafizəkar mərkəz sağ kəsimə aid olduğunu bildirdi: “Gördüyümüz qədəriylə, mərkəz sağ düşərgədə müxtəlif tanınmış insanların Gələcək partiyasına cəlb edilməsi prosesi gedir. Qurucu üzvlər arasında AKP-nin keçmişdə çox nüfuzlu şəxslərinin də adları var. Əgər bu partiya böyüsə, növbəti seçkilərdə səs alacağı kəsim məhz AKP elektoratı olacaq. AKP-dən aldığı səslər hesabına siyasətdə öz yerini tutacaq. Bu da AKP-nin təkbaşına iqtidarının sonunu gətirə bilər. Hakimiyyət tərəfindən narahatçılığın biri bununla bağlıdır.

Cəmiyyət tərəfindən olan bəzi narahatçılıq isə onunla əlaqədardır ki, Əhməd Davudoğlunun qurduğu indiki partiyaya Qərbdən təsirlərin olması ehtimalı yüksəkdir. Davudoğlunu akademik keçmişi, ingilis dilli olması, xarici işlər naziri işləməsi, baş nazir kimi Qərbə daha yaxın olması kimi məsələlər var. Xatırlayırsınızsa, Rusiya ilə münaqişədə məhz Davudoğlunun baş nazir olduğu vaxt yaşandı; təyyarənin vurulması, sonra vəziyyətin gərginləşməsi və s. Yəni belə bir ehtimal var ki, bu partiya Qərbdən daha geniş şəkildə dəstəklənəcək. Bu da Türkiyənin müstəqil siyasət aparması istiqamətində atacağı addımların gələcəkdə dayandırılmasına və yaxud azalmasına səbəb ola bilər.

Bəs Gələcək partiyası AKP-nin nə qədər səsini “oğurlaya” bilər?

 

Natiq Cəfərliyə görə, təxminən 8-10%: “İki gündür  Türkiyə mətbuatını izləməyə çalışıram. Ən azından düşünürəm ki, gələcək seçkilərə qədər bu partiya güclənsə, AKP-dən ciddi - təqribən 8-10%  səs qopartmaq potensialı var.  Bu da təbii ki, AKP-nin təkbaşına iqtidar olması şanslarını xeyli dərəcədə azaldır. AKP 2002-ci ildən təkbaşına iqtidardır. Növbəti seçkilərə qədər bu proses Davudoğlunun komandası tərəfindən ağılla yürüdülsə, Gələcək partiyasının kifayət qədər güclənməsi ehtimalları var. Çünki uzun müddət hakimiyyətdə qalan partiya istər-istəməz yorulur, problemlərlə qarşılaşır və bu problemlərdən narazı olan mühafizəkar sağ kütlə heç vaxt CHP-yə, HDP-yə tərəf meyl eləməz. Ona görə, onların gedəcəyi yer də yeni qurulmuş sağ mərkəzçi mühafizəkar partiya ola bilər”.

N.Cəfərlinin fikrincə, Davudoğlunun partiyası AKP üçün kifayət qədər təhlükəli rəqibdir: "AKP-nin həm prezident, həm də parlament seçkilərindəki nəticələrinə baxsaq, demək olar ki, Türkiyə yarı-yarıya bölünüb. Son prezident seçkilərində cəmi 52%-lə Ərdoğan seçkiləri uddu. Artıq Türkiyədə 3-5% seçicinin çox böyük əhəmiyyəti var. Yeni yaranan partiya 5% səs qoparsa, AKP-nin növbəti prezident seçkilərində qalib gəlməsi problem altına düşəcək. Həmçinin parlament seçkilərində təkbaşına hökumət qurması çətinləşəcək. Yəni kifayət qədər AKP üçün problem yarada biləcək bir təşəbbüsdür".

Şamo EMİN,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 964          Tarix: 14-12-2019, 21:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma