Ölkə başçısı İlham Əliyevin məmur özbaşınalığına qarşı çıxışları, hətta onlardan bəzilərinin cəzalandırılması və məhkəmə-hüquq sistemində ciddi islahatlar aparılacağına dair vədləri cəmiyyətimizdə yeni ümidlər doğurmuşdur. Bildirdiyinə görə, oğlu məmur səhlənkarlığının və cəzasızlığının qurbanı olmuş Cəmşid İrzaquliyevin redaksiyamıza göndərdiyi məktub da bundan xəbər verir.
Nə yazıq ki, ölkədə aparılan islahatlardan bir çox məmurların heç bir nəticə çıxarmaması vətəndaşların son zamanlar yaranan ümidini də söndürür. Hər halda Cəmşid bəyin məktubundan belə belə çıxır.
Saytımız vasitəsilə ölkə başçısına göndərilən müraciəti olduğu kimi dərc edirik:
Cəmşid İrzaquliyev
Cənab Prezident!
Öncə diqqətinizə çatdırım ki, yenicə yola saldığımız 2019-cu ildə Sizin tərəfinizdən bütün sahələri əhatə edən, xüsusən də nəhayətdə məmur cəzasızlığına son qoyulması yönündə atdığınız addımlar və Məhkəmə-Hüquq sistemində islahatların aparılmasına dair vermiş olduğunuz fərmanlar ümidverici oldu. Çünki illərdi məmur qudurğanlığı, məmur cəzasızlığı və Məhkəmə-Hüquq sistemindəki bərbad durum ölkə vətəndaşlarının haqlı narazılığına səbəb olan ən başlıca amillərdəndir.
Geden prosesler və atılan addımlar onu göstərdi ki, Sizin etimad göstərib, illərdir vəzifələrdə saxladığınız məmurların əksəriyyəti bu etimadı doğrulmamaqla yanaşı, hətta Sizin də qeyd etdiyiniz kimi, hələ bir Sizə yanlış məlumatlar da verib, əsil neqativ gerçəkləri Sizdən saxlamışlar.
Bu nədənlə də öz təsdiqini tapmış bütün bu gerçəklərlə bağlı, atılan addımlarda kimiliyindən asılı olmayaraq hər kəsin, hətta Sədri olduğunuz Yeni Azərbaycan Partiyasının yerli strukturlarında yüksək vəzifələrdə görəv alanların cəzalandırılması, artıq bu prosesdə heç kimə güzəşt olunmayacağını gözlər önünə sərmiş oldu. Akstafa Rayon İcra Hakimiyyətinin Başçısı və YAP rayon təşkilatının sədrinin tutuqlanaraq cəza evinə göndərilməsi buna əyani sübutdur.
Sanıram, YAP İcra Aparatının bəzi yüksək çinli mənsubları tərəfindən bu əməliyyat ön görülməsə də Siz bunu etdiniz. Bu isə bir daha kimliyindən və mənsubiyyətindən asılı olmayaraq haqsıza, oğruya, qudurğana qarşı amansız olacağınızı ortaya qoydu. Ölkə vətəndaşları olaraq bizlər, Sizin bu bu yöndə qətiyyətinizi və əzmkarlığınızı dəstəkləyir və arxanızda durduğumuzu bəyan etməklə yanaşı, aradığımız ədalətin də nəhayətdə yerini bulacağına ümid edirik.
Cənab Prezident! Xatırlatmaq istərdim ki, 02.09.2016-cı il tarixdə saat 19:25 radələrində, şəkildə gördüyünüz tək oğlum Tariyel Rzaquliyev Qala-Dübəndi yolundakı yol keçidi üzərindən keçərkən, Pirallahı rayonunda İcra Hakimiyyətininnın işçisi və həm də həmin tarixdə YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafovun xidməti istifadəsində (özü də maşında olmaqla) olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq həyatına son qoyulmuş, ailəsi övladsız, az yaşlı qızı isə ailəsi ilə birlikdə başsız qalmışdır. Hadisə zamanı maşında olan digər kişi – Həsən Niftəliyev isə (başqaları bizə bəlli deyil) İcra hakimiyyətinin Başçısı Vasif İmanovun köməkçisidir.
Şəkildə: Tariyel Rzaquliyev
Onlar hadisə zamanı oradan qaçıb uzaqlaşmaq istəsələr də, sonradan nəsə fikirləşib geri qayıtsalar da oğluma təcili ilkin yardım göstərməyiblər. Onlar o anda özlərinə kömək çağırıb oradan uzaqlaşıblar. Oğlumu sonradan yaxınlıqda olan N saylı hərbi hissənin zabitləri, hərbi hissənin tibb maşınında götürüblər xəstəxanaya. Yarı yolda təcili tbbi maşın gəlb, yaralı oğlumu onlardan götürüb. Bütün o müddət ərzində oğlumu vuranlardan heç kim onlarla olmayıb.
O Manaf Manafov ki, sonradan -05.05.2017-ci il tarixdə onu YAP rayon təşkilatının sədrliyindən çıxarmağa müəyyəssər olsaq da, Pirallahının Başçısı Vasif İmanov hələ də onu rayon təşkilatının idarə heyətində saxlayıb və hətta İcra Hakimiyyətində yüksək bir vəzifə də verib qoruyur. Təssüf ki, zamanında bu barədə YAP mərkəzi icra aparatına da dəfələrlə etdiyimiz müraciətlər cavabsız qalmış, gərəkən ölçü götürülməmişdir.
Şəkildə: Manaf Manafov
Əslində Vasif İmanov bununla, Sizin “qudurğan məmur və məmur övladları ən ağır cəza ilə cəzalandırılmalıdırlar” fikirinizə sayqısızlıq etmişdir. Başda Vasif İmanov olmaqla bu məmurların ən böyük mənəviyyatsızlıqları isə bu günə kimi qarşımıza çıxıb bizə bir dəfə də olsun təsəlli etməmələridir. Çünki onlar sıradan bir vətəndaş yox (o da bəllidir ki, sadə vətəndaşlar bunu etməzdi), Vasif İmanovun yüksək çinli məmurlarıdır. Bu əxlaqsızlıqdır, bu qudurğanlıqdır. Bu həm də Sizin görmüş olduğunuz bunca işlərə yerlərdə salınan kölgədir. Çünki, bütün Pirallahı rayon ictimayyəti onların bu əməlini bilir.
Cinayəti prezidentdən Əli Həsənov gizlədirmiş
Şəkildə: Vasif İmanov
Ədalət öz yerini bulsun deyə, hadisədən keçən bu 3 il 4 ay ərzində tərəfimizdən Sizə, Birinci Vitse-Prezidentə, Ombudsmana, YAP İCRA aparatına, keçmiş Daxili işlər Nazirinə, Baş Prokrora, Ədliyyə Nazirinə, Məhkəmə Hüquq şurasına və bütün olduğumuz instansiya məhkəmə sədirlərinə, Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısına xəbərdarlıqla yüzlərlə məktublar, teleqramlar göndərimiş, elektron müraciətlər edilmişdir.
Bu işdə Prezident Aparatının vətəndaşların müraciətlərinə səssiz qalmasının səbəbi isə, heç də şübhə etmirəm ki, bu yaxınlarda işdən kənarlaşdırdığınız Əli Həsənov kimi birisinin “fəaliyyətinin” sayəsində olmuşdur.
Diqqətinizə çatdırım ki, qeyd olunan hadisə ilə bağlı bütün bu müddət ərzində 11 instansiya məhkəməsində 30-a kimi məhkəmə iclası keçirilmişdir. Mülkü iddamızla bağlı Kassasiya şilayətimizə növbəti dəfə 13 yanvar 2020-ci il tarixdə baxılacaq.
Bütün bu 3 il 4 aylıq mücadilənin (hələ də davam edir) nəticəsi:
Cinayətlə bağlı Pirallahı rayon Polis Şəbəsinin o dövrdəki İQ-nun müstəntiqi Namiq Mirzəbəylinin 22 günlük, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsini YNH- dair İ və TŞ –nin müdiri Vüqar Əhədov başda olmaqla müstəntiqlərdən Azad Əliyevin, Qəzənfər Mansurovun və Cəsarət Bayramovun 7 aylıq qeyri obyektiv istintaqları ilə bizi təqsirkarın kimliyinə bir türlü inandıra bilməmişlər. Buna baxmayaraq Cəsarət Bayramovun sonda hazırladığı gülünc bir ittiham aktı Baş Prokrorun yüksək çinli əməkldaşı tərəfindən imzalanaraq Pirallahı rayon məhkəməsinə göndərilmişdir.
Pirallahı rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanov tərəfindən sürdürülən məhkəmənin gedişatında sükan arxasındakı kişinin kimliyi ilə bağlı qeyd etdiyimiz şübhələrimizdə və bu şübhələrlə bağlı məhkəməyə təqdim etdiyimiz 17 adda ehtimal və xususatlara rəğmən, məhkəmə obyektivliyi təmin etmədi. Ən əsası da, hadisə zamanı maşında olanlardan kənar, yeganə canlı şahid olan N saylı hərbi hissənin əsgəri Cavid Mahmudovun məhkəmədə müstəntiq Namiq Mirzəbəyli tərəfindən hədələndiyini və tanımadığı bir adamın çiyninə əlini qoydurub şəkilini çəkdirdiklərini bizzat dilə gətirməsi və məhkəmədə sükan arxsından Manaf Manafovu göstərərək onun düşdüyünü deməsi, Namiq Mirzəbəylinin köməyi ilə yolda olan 13 ədəd yol kamerasından, bir dənə də olsun görüntü əldə olunmasın deyə sildirməsi və telefon anten dairələrinin bəzilərinin yox edilməsi nəzərə alınmadı.
Bütün bu dəlil yetersizliyinə rəğmən, Pirallahı rayon məhkəməsinin hakimi 9 aylıq məkəmə gedişatının sonunda, özünü nəyinsə xatirinə “təksirkar” bilən Manaf Manafovun (hansı ki, qeyd olunan nədənlərdən dolayı bu gün də bizdə şübhələr var ki, sükan arxasında elə Manaf Manafovun özü olmuşdur) sürücüsü Baxşiyev Bağış Nurəli oğluna cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il azadlıqdan məhrum etmə cazası vermiş oldu.
Sonradan işlə bağlı vermiş olduğumuz Apellasiya şikayəti əsasında Pirallahı rayon məhkəməsinin qərarı dəyişdirilərək təqsirkara cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 5 il 6 ay iş kəsildi. Sonradan işlə bağlı Konstitutsiya Məhkəməsinə verdiyimiz şikayətlər təmin olunmamış, Bakı Apellasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
Biz bu işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin CK 18 iyul 2018-ci il tarixli qərarı ilə, hökm qüvvəyə mindikdən sonra , hadisə ilə bağlı dəymiş zərərin və geridə qalan 9 aylıq bir körpənin gələcək yaşam qarantını əldə etmək üçün, öncə Cavabdehin ünvanına rəsmi xəbərdarlıqla müraciət etdik və ay yarım gözlədik. Heç bir cavab almadıq. Cavabdehə aid məsul kişilərlə görüşməmiz üçün də dəfələrlə xəbər salsaq da, qəbul edilmədik. Biz yəqin ki, növbəti yazılarımızda onların adlarını açıqlayacağıq.
Bunula da biz Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1 və 1108.1-ci maddələrinə istinad edib cavabdehə qarşı mülki idda qaldırmağa, demək olar ki, məcbur edildik. Bundan sonra biz həm də cavabdehin nüfuzunun qorunmasını üstlənmiş olduq. Bunu sübut edəcək məhkəmə görüntüləri və cavabdehin vəkili Ramiz müəllim var.
Belə olan halda, Mülki Qanunvericiliyə görə, zərərçəkmişin qanuni nümayəndələri olaraq tərəfimizdən Bakı şəhər Səbail Rayon Məhkəməsində iddia qaldırdıq.
Bakı şəhər Səbail rayon məhkəməsi (məruzəçi hakim Bağırova Mədinə Ağacavad qızı) özünün 17 sentyabr 2018-ci il tarixli (iş-2(009) 2416/2019) qətnaməsində heç bir əsas göstərmədən iddanı təmin etmədi.
Həmin qətnamədən tərəfimizdən verilmiş apellasiya şikayəti Bakı Apellasiya Məhkəməsinin MK-nın (məruzəçi hakim Hüseynov Abiddin Qabil oğlu) 25.12.2018-ci il tarixli qətnaməsilə də təmin edilməmiş, Bakı şəhər Səbail rayon məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hakim Abiddin Hüseynov hətta bir az da irəli gedərək, çıxardığı bu qətnamədə cavabdehin belə məsələlərdə istisna təşkil etdiyini qeyd etmişdir.
Belə olduqda, biz Bakı Apellasiya Məhkəməsinin 25.12.2018-ci il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 29.01.2019-cu il tarixdə Kassasiya şikayəti vermişik.
Azərbaycan Respublikası Ali Məhkəməsinin (məruzəçi hakim Xələfov İlqar Rəhim oğlu) 15.05.2019-cu il tarixli, 2(102)-3549/2019 saylı qərarı ilə Bakı Apellasiya Məhkəməsinin 25.12.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün, Bakı Apellasiya Məhkəməsinə geri qaytarılmışdır.
Amma nədənsə Ali məhkəmənin hakimi, qərarları ləğv edilmiş Səbail rayon məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı və Bakı Apellasiya məhkəməsinin hakimi Hüseynov Abiddin Qabil oğlu barədə xüsusi qərardad çıxarıb, haqlarında intizam tenbehinin başladılması üçün Məhkəmə Hüquq Şurasına göndərməmişdir.
Bakı Apellasıya Məhkəməsi MK (məruzəçi hakim Sariyev Xəyal Əjdər oğlu) 21.08.2019-cu il tarixli (iş No- 2(103)-9786/2019) qətanaməsi ilə Bakı şəhər Səbail rayon məhkəməsinin 17.09.2018-ci il tarixli, 2(009) 2416/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbimizin yalnızca 4%-i təmin edilmişdir.
Belə olan halda biz məcbur qalıb, Bakı Apellası Məhkəməsi MK (məruzəçi hakim Sariyev Xəyal Əjdər oğlu) 21.08.2019-cu il tarixli, 2(103)-9786/2019 saylı qətnaməsindən yenidən Ali Məhkəmənin MK-na kassasiya şikayəti verdik.
İş (2(102)-8496/2019) hal-hazırda Ali Məhkəmənin MK-nın hakimi Sənan Hacıyevin icraatında və işə 13.01.2020-ci il tarixinə baxış təyin edilmişdir. Umarıq sonda Ali Məhkəmənin bu hakimi qanunların hökümünə və vicdanının səsinə qulaq asıb, təmsil olunduğu məhkəmənin və xüsusən də ölkənin imicinə xələl gətirəcək yanlış qerara imza atmaz.
Möhtərəm Prezident! Onsuz da biz anlayırıq ki, bu mücadilədə bizdən alınanı geri qaytara bilməyəcəyik. Amma bütün bu müddət ərzində bizim mücadiləmizin qayəsi Azərbaycan Respublikasının qanunlarına və ailəmizə qarşı etinasızlıq göstərmiş məmurların cəzalandırılması ilə haqqa, ədalətə azacıq da olsa işıq düşürməsinə nail olmaq olub. Bizim bu mücadiləmiz həm də Sizin bu yöndə yürütdüyünüz siyasətə də bir dəstək amacı daşıyır. Ki nəhayətdə biz də ədalətli, dürüst bir cəmiyyətin qurulmasına nail ola bilək. Bəyəm bunu damı bizə Con, Mişel, Şults diqtə etməlidir?
Bir şeyi də diqqətinizə çatdırım ki, insanlıqdan nəsibini almamış bu məmurların ən büyük günahları isə oğlunu itirən bir ataya qarşı bunca etinasızlıqlarıdır ki, onun eyni faciəni 3 il 4 aydır, hər gün yaşamasına nədən olmuşlar. Bu isə mənaviyyatsızlıqdır, əxlaqsızlıqdır və həm də dövlətə və onun Başçısına xəyanətdir. Siz demişkən, belələri o həddə harınlayıblar ki, Allahdan da artıq qorxmurlar.
Cənab Prezident! İnanıram ki, burada adları keçən, hər kəs diqqətə alınar və aidiyyatı orqanlar tərəfindən araşdırılaraq, gərəkən cəzaların verilməsi barədə öz sözünüzü deyəcəksiniz. Xüsusən də Pirallahı Rayon İvra Hakimiyyətinin başçısı Vasif İmanov, onun qoruduğu Manaf Manafov və Həsən Niftəliyev kmi məmurların haqqında ciddi ölçü götürülməsini istəyirəm. Belə mənəviyyatsızların ən azından vəzifələlərində qalmaları, Sizin yürütdüyünüz siyasətə həm əngəl, həm də ləkədir.
05.01.2020
Paylaş: