Xəbər lenti

 

İran İslam İnqilabı Keşikçiləri korpusunun Hava-Kosmik Qüvvələri komandiri general Əmir Əli Hacızadə Ukrayna təyyarəsinin vurulma səbəbinin detallarını açıqlayıb.

Ovqat.com xəbər verir ki, general bu gün keçirdiyi mətbuat konfransında təyyarəni kruiz raketi ilə səhv salıblar və bu da rabitə sistemində yaranan nasazlıqla bağlı olub.

Onun dediyinə görə, İrandakı hava hücumundan müdafiə sistemləri son həftələrdə yaşanan gərginlik səbəbiylə döyüşə hazır vəziyyətdə olub: "Hücum və müdafiə bölmələri tam həyəcan komandasına keçmişdi; xüsusilə amerikalıların İranda 52 nöqtəyə vuracağını elan etdikləri zaman".

Generalın etirafına görə, aktiv vəziyyətdə olan hava hücumundan müdafiə sistemləri Ukrayna təyyarəsini kruiz raketi kimi qəbul edib. "Təyyarənin uçuş istiqaməti də onu kruiz raketi olaraq alqılanmasına yol açıb. Üstəlik, rabitə sistemində də problemlər yaşanıb. Buna görə də mərkəzlə əlaqə qura bilməyən operator hədəfi vurmaq və ya vurmamaq üçün 10 saniyə ərzində qərar verməli olub. Nəhayət, ən pis qərarı verilib və təyyarə vurulub".

  

Hacızadə onu da deyib ki, Hava-Kosmik Qüvvələr Komandanlığı İraqdakı ABŞ hava bazalarına raket hücumu zaman hava sahəsinin mülki uçuşlara bağlanılmasını istəyib, amma bu tələbə əməl edilməyib.

Hadisədən çox kədərləndiyini bildirən Hacızadə sərnişin təyyarəsini vurduqlarını eşidəndə xəcalətindən ölüb yerə girmək istədiyini deyib  və bu səhvin bütün məsuliyyətini öz üzərinə götürüb:

Boynumuz tükdən incədir. Hakimiyyətin bizim haqqımızda verəcəyi bütün qərarlar qəbulumuzdur”.

 

Generalın xüsusilə bu sözləri təyyarə qəzasının bütün məsuliyyətinin SEPAH-ın üzərinə yıxılacağını göstərir. Halbuki, Hacızadənin etirafından da aydın olur ki, hadisənin əsl günahkarları rabitə sistemi və İran Mülki Aviasiya İdarəsidir. Zira SEPAH hava sahəsinin mülki uçuşlara bağlanmasını tələb etdiyi halda buna əməl edilməyibsə, günahı mülki aviasiyada axtarmaq daha doğru olardı. Digər tərəfdən rabitə sistemi də işləmədiyi üçün, məntiqlə, Hava-Kosmik Qüvvələrinin təkbaşına qərar verməkdən başqa çarələri də yox imiş. Üstəlik, bu çətin qərari verərkən 10 saniyə düşünmələri belə, kifayət qədər ciddi həssasiyyətdir. Çünki bir az daha artıq düşünmək  kruiz raketinin hədəfə dəyməsiylə nəticələnə bilərdi. Nəzərə alsaq ki kruiz raketləri qanadlıdır, radarlarda təyyarənin də o cür görünməsi qayət normaldır. Bu baxımdan əslində təyyarənin vurulmasında ən az məsuliyyət Hava Kosmik Qüvvələrinə düşür.

 

Buna rəğmən, məsuliyyətin həmin qurumun üzərinə qoyulması başqa mətləblərdən xəbər verir. Məlumat üçün bildirək ki, İranda Hava Kosmik Qüvvələri SEPAH-ın nəzarətindədir. Belə anlaşılır ki, olayın günahı da İran ən güclü hərbi qüvvələrini zərərsizləşdirməklə ABŞ-la ziddiyyətə son qoymaq istəyir. Bu isə İranın ABŞ-la müəyyən razılığa getməsinin işarəsidir.

 

SEPAH hərbi qurum kimi birbaşa İranın dini lideri ayətullah Xamaneiyə tabedir. Onun sıradan çıxarılmasına və ya generallardan hansınınsa cəzalandırılmasına yalnız dini lider qərar verə bilər. İndiyədək açıqlanan informasiyaların təhlili isə artıq bu qərarın verildiyini təsdiqləyir. İran prezidenti Həsən Ruhaninin bugünkü açıqlamaları da bundan xəbər verir. Məlumata görə, Həsən Ruhani bugünkü çıxışında təyyarənin vurulmasında günahı olan hər kəsin cəzalanacağını bildirərək deyib: “Bu kədərli faciə bağışlanılası sadə bir məsələ deyil. Sözsüz ki, bu faciəni törədənlərin kimliyinin müəyyənləşdirilməsi üçün aparılan araşdırmalar davam etdiriləcək və bu  bağışlanmaz səhvə yol verən şəxslər məsuliyyətə cəlb ediləcək”.

Hadisənin törədilməsində məsuliyyəti üzərinə götürən isə SEPAH oldu. Belə görünür ki, Ruhaninin günahkarı müəyyənləşdirməsi də çətin olmayacaq.

SEPAH-ın əsasən xarici hərbi əməliyyatlara rəhbərlik etdiyini nəzərə alsaq, bu, həm də İran ordu birliklərinin Yaxın Şərqdən çıxarılması deməkdir. ABŞ və İsrailin də ən çox üzərində dayandıqları tələb də əslində bundan ibarətdir. Görünən budur ki, İran artıq bu tələblə razılaşıb və bu gün dilə gətirilən etiraflar səbəbsiz deyil. Əks halda rəsmi Tehran SEPAH-ı heç bir zaman günahlandırmazdı.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 625          Tarix: 11-01-2020, 23:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma