Xəbər lenti

 

Dekabr ayının 12-də Böyük Britaniyada keçirilən parlament  seçkiləri Mühafizəkarların tarixi qələbəsi ilə başa çatdı. Şotlandiyada isə mühafizəkarlar öz seçki platformasını müstəqillik və anti-Brekzit kampaniyası üzərində quran Şotlandiya Milli Partiyasına məğlub oldular. Seçkidən dərhal sonra Şotlandiyanın Birinci naziri və Şotlandiya Milli Partiyasının lideri Nikola Stercen seçkinin nəticələrinin onun hökumətinə müstəqillik haqqında yenidən referendum keçirməyə “danılmazmandat verdiyini elan etdi. Yanvarın 11-də onminlərlə müstəqillik tərəfdarı referendum tələbi ilə Qlazqoda nümayiş keçirmişdir. Yeni referenduma qarşı çıxan Baş nazir Boris Conson hökuməti isə birinci referendumun nəticələrini əsas gətirərək müstəqillik haqqında ikinci referenduma icazə verməyəcəklərini artıq elan etmişdir.

 

Brekzitdən sonrakı qeyri-müəyyənlik

Qeyd etmək lazımdır ki, 2014-cü ildə keçirilən referendumda Britaniya hökumətinin müstəqilliyə qarşı istifadə etdiyi əsas arqument Şotlandiyanın Avropa İttifaqındakı gələcəyi ilə bağlı idi. Belə ki, Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılması həm də Avropa İttifaqından çıxması demək idi ki, bu məqam o zaman şotlandların müstəqillik əleyhinə səs verməsində əhəmiyyətli rol oynamışdı. Nəticədə şotlandların 55%-i Birləşmiş Krallıqda qalmağı dəstəkləmişdi.

2016-cı ilin iyununda Brekzitlə bağlı keçirilən referendumda da şotlandların 62%-i Avropa İttifaqında qalmağa səs vermişdilər. O zaman Şotlandiyada iqtidarda olan Şotlandiya Milli Partiyası, dəyişən şərtləri nəzərə alaraq, xalqın iradəsinə zidd olaraq Şotlandiyanın Aİ-dən çıxarılmağa çalışılacağı təqdirdə yenidən müstəqillik haqqında referendum keçirəcəklərini elan etmişdi. Lakin 2017-ci ilin iyun ayında keçirilən parlament seçkilərində hakim Şotlandiya Milli Partiyasının məğlubiyyətə uğramasıBritaniyada qalmaq tərəfdarı olan Şotland Mühafizəkarlarının (Britaniya Mühafizəkarlar partiyasının Şotland qolu) 1983-cü ildən sonra seçkilərdə ilk dəfə olaraq özlərinin ən yaxşı nəticələrini göstərməsi müstəqillik haqqında yeni referendum tələblərini arxa plana atdı. 2019-ci il seçkilərində isə həm Şotlandiya Milli Partiyasının inamlı qələbə çalması, həm də Boris Consonun qələbəsi ilə Birləşmiş Krallığın “hard Brexit”-i, yəni Avropa İttifaqını tamamilə tərk etməyi seçməsi Şotlandiyada yeni referendum tələbini yenidən gündəmə gətirmişdir. Şotlandiya hökumətinin fikrincə, Aİ-ni tərk etmək şotlandlara nəinki heç bir şey qazandırmır, əksinə, onları Avropa bazarlarından məhrum etməklə ciddi iqtisadi ziyan vurur.

 

Referendum tələbinin hüquqi əsasları

Xatırladaq ki, Böyük Britaniya İngiltərə və Şotlandiya Krallıqları arasında 1707-ci ildə bağlanmış ittifaq müqaviləsi (Treaty of Union) əsasında yaradılmışdır. Britaniya qanunlarına əsasən Şotlandiyanın iki hökuməti var: Birləşmiş Krallıq hökuməti və Şotlandiya hökuməti. Birləşmiş Krallıq hökuməti müdafiə, xarici siyasət, iqtisadiyyat, sosial sığorta və konstitusiya məsələlərinə baxır. Şotlandiya hökuməti isə səhiyyə, təhsil, ədliyyə, müəyyən çərçivədə vergiyığma, məhkəmə və hüquq mühafizə orqanları, yerli idarəçilik sistemlərinə cavabdehdir. Hökumətlər arasında öhdəliklərin bölüşdürülməsi sərt şəkildə tənzimlənmir və 1999-cu ildə başlanan yerli özünüidarəetmə orqanlarına daha çox səlahiyyətlərin verilməsi siyasətinə (devolution) uyğun olaraq daima dəyişir. Bununla belə, Birləşmiş Krallıq hökuməti hətta Şotlandiya hökumətinin səlahiyyətlərinə daxil olan məsələlərdə də qanun qəbul etmək səlahiyyətlərini özündə saxlayır, lakin bunu Şotlandiya parlamentinin razılığı olmadan etməməyi üstün tutur.

 

Şotlandiya hökuməti birtərəfli qaydada müstəqillik haqqında referendum elan etmək və ya referendumun vaxtını təyin etmək kimi səlahiyyətlərə malik deyil. Referendum keçirmək üçün Şotlandiya hökuməti Birləşmiş Krallıq hökumətindən rəsmi icazə almalıdır. Bunun üçün Şotlandiyanın Birinci naziri Şotlandiya parlamenti qarşısında Britaniya parlamentindən referendum keçirməklə bağlı səlahiyyətlərin müvəqqəti olaraq Şotlandiya hökumətinə ötürülməsi barədə icazənin (s. 30 Order) istənilməsi məsələsini qaldırmalıdır. Şotlandiya parlamentində icazənin istənilməsi barədə qərar səs çoxluğu ilə qəbul edildikdən sonra Şotlandiya hökuməti Britaniya hökumətindən Şotlandiya aktının 30-cu maddəsinin ikinci bəndinə uyğun olaraq normal halda Britaniya hökumətinin suveren hüquqlarına daxil olan məsələlər (reserved matters) barədə səlahiyyətlərin – indiki halda referendum keçirmək barədə səlahiyyətlərin – müvəqqəti olaraq Şotlandiya hökumətinə ötürülməsi barədə icazə istəyir1 . Birləşmiş Krallıq qanunvericiliyinə əsasən, Şotlandiya hökuməti müstəqillik haqqında refendumu yalnız Britaniya hökumətindən belə bir rəsmi icazə alındıqdan sonra keçirə bilər. 2016-cı ilin oktyabrında hazırladığı sənəddə Şotland hökuməti birtərəfli qaydada referendum elan etməyəcəyini və Britaniya qanunları çərçivəsində hərəkət etmək niyyətində olduğunu bəyan etmişdir2 . Hətta Britaniya hökumətinin razılığı olmadan referendum keçirilsə və müstəqillik tərəfdarları qalib gəlsələr belə, bu referendumun Kataloniyada olduğu kimi heç bir hüquqi qüvvəsi olmayacaq və daha çox simvolik xarakter daşıyacaq. Referendum tələbinin gələcəyi Mühafizəkarlar artıq növbəti 5 ildə müstəqillik haqqında referenduma razılıq verməyəcəklərini bildirmişlər.3

 

 Mühafizəkarlar hesab edir ki, Avropa İttifaqı ilə danışıqlar bitmədən və nəticələr məlum olmadan şotlandların Birləşmiş Krallıqda qalıb-qalmamaqla bağlı doğru qərar verə bilməsi mümkün deyil. Qeyd etmək lazımdır ki, hətta ikinci referendum keçirilsə belə, nəticələrin 2014-cü ildə keçirilən referendumun nəticələrindən o qədər də fərqli olmayacağı ehtimal edilir4 . Belə ki, Birləşmiş Krallığın Aİ-dən çıxmasının müstəqillik istəyən şotlandların sayını artıracağı gözlənilsə də, bu, baş vermədi. İndiyə qədər keçirilən çoxsaylı sorğular göstərir ki, hələ də müstəqilliyə “hə” deyənlərin sayı “yox” deyənlərin sayından azdır. Məsələn, 2019-cu ilin dekabr ayında “YouGov/The Times” sorğusunda müstəqillik istəyənlərin 38%, müstəqilliyə qarşı olanların isə 48% olduğu görünür.5 Maraqlıdır ki, rəy sorğularının nəticələri Brekzitdən əvvəl də buna bənzər idi. Yəni, Brekzit şotlandların müstəqillik barədə fikirlərinə ciddi təsir göstərməyib.

Bundan əlavə, 2014-cü ildə müstəqillik leyhinə səs verən şotlandların 14%-i Brekzitdən sonra fikirləri dəyişib; indi Birləşmiş Krallıqda qalmaq istəyirlər. Görünən odur ki, 2014-cü ildə onlar Birləşmiş Krallıqdan Böyük Britaniya Avropa İttifaqının üzvü olduğu üçün çıxmaq istəyirlərmiş, lakin indi Birləşmiş Krallığın Aİ-ni tərk etməsilə buna artıq ehtiyac görmürlər.

 

Nikola Stercen Avropa İttifaqı ilə danışıqlara başı qarışacaq Boris Conson hökumətinin indiki şəraitdə müstəqillik əleyhinə güclü kampaniya apara bilməyəcəyini anladığından, referendumu indi keçirmək istəyir ki, 2014-ci ildə müstəqillik əleyhinə, 2016-cı ildə isə Avropa İttifaqında qalmağa səs verən həlledici 28% seçici kütləsini Boris Consonun hakimiyyətdə olması faktından istifadə edərək müstəqilliyə səs verməyə razı sala bilsin. Lakin bunun baş verə biləcəyinin ehtimalı azdır.

 Birincisi, ixracının böyük hissəsi neftdən asılı olan Şotlandiyanın neftin qiymətinin düşməsi ilə iqtisadi vəziyyəti son iki ildə pisləşmişdir.

İkincisi də, Şotlandiyanın iqtisadiyyatı Birləşmiş Krallığın iqtisadiyyatı ilə daha çox inteqrasiya olunub, nəinki Aİ ölkələri ilə. Yəni, Şotlandiyanın Birləşmiş Krallıqdan çıxması ölkəyə iqtisadi cəhətdən ciddi zərər vura bilər.

Belə bir şəraitdə Stercenin qərarsız olan şotlandları öz tərəfinə çəkə biləcəyi inandırıcı görünmür.

 

Nəticə

Yuxarıda qeyd edildiyi kimi, Britaniya parlamentinin referenduma icazə verməklə bağlı heç bir hüquqi öhdəliyi yoxdur. Yəni, bu, tamamilə siyasi qərardır. 2012-ci ildə Birləşmiş Krallıq hökuməti ilə Şotlandiya hökuməti arasında referendumun keçirilməsi ilə bağlı əldə olunan Edinburq razılaşmasından6 fərqli olaraq, müstəqilliyə qarşı olan Boris Consonun indiki şəraitdə belə bir referenduma asanlıqla razılaşmayacağı aydın görünür. Hətta Britaniya hökuməti ikinci referendumun keçirilməsinə prinsipcə razılaşsa belə, referendumun yaxın vaxtlarda keçiriləcəyi real görünmür. Digər tərəfdən, Britaniya hökuməti razılıq versə belə, referendum müstəqillik tərəfdarlarının qələbəsi ilə nəticələnməyə də bilər. Üstəlik, referendum Britaniya hökumətinin razılığı olmadan keçirilsə, bu referendumun Kataloniyada olduğu kimi heç bir hüquqi qüvvəsi olmayacaq və daha çox simvolik xarakter daşıyacaq.

Ayaz Rzayev,

BMTM-in aparıcı məsləhətçisi

 




Ana səhifəyə qayıt        Baxış: 3 425          Tarix: 26-01-2020, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma