Rusiyanın Federasiya Şurasının (parlamentin yuxarı palatası) spikeri Valentin Matviyenko 2019- cu ilin 2 oktyabrında Daşkəndə səfəri zamanı Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulmağa dair qərar verdiyini açıqlamışdır. Bundan bir neçə ay öncə, 2019-cu ilin iyununda ölkə parlamentində çıxışı zamanı Ş.Mirziyoyev də ölkəsinin AİB-ə üzvlüyü məsələsinin nəzərdən keçirildiyini bildirmişdi.
Qeyd edək ki, AİB-ə üzvlük Özbəkistanın müstəqillikdən sonra yeritdiyi və özünütəcrid siyasəti adlandırılan xəttə ziddir. Bu xarici siyasət xətti 2 əsas üzərində qurulmuşdur:
1) Balanslaşdırılmış xarici siyasət,
2) Çoxtərəfli inteqrasiya birliklərində iştirakdan yayınmaq.
Bu prinsiplər ölkənin 2012- ci ildə qəbul edilmiş son xarici siyasət konsepsiyasında da öz əksini tapmışdır. Rəsmi Daşkəndin KTMT-ni tərk etməsi ilə eyni ildə edilən bu konsepsiyaya görə ölkə heç bir alyansın üzvü ola bilməz. 2016-cı ildə Ş.Mirziyoyevin Prezident seçilməsi ilə isə Özbəkistan özünütəcrid siyasətindən imtina etməyə başlamışdır və hazırda xarici dövlətlər, xüsusən də regional qonşuları ilə əməkdaşlığın inkişafına xüsusi diqqət ayırmağa çalışmaqdadır. Həmçinin, ölkə çoxtərəfli əməkdaşlıq platformalarına fəal şəkildə qatılmağa başlamışdır (məsələn, Mərkəzi Asiya liderləri sammitləri təşəbbüsü, Türk Şurasına üzvlük, Dünya Ticarət Təşkilatına qoşulmaq üçün danışıqlar, Avropa Birliyi ilə Gücləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Müqaviləsinə dair müzakirələr və s.).
Ş.Mirziyoyevin Prezident seçilməsi ilə ikitərəfli münasibətlərin inkişafında ən ciddi irəliləyiş əldə edilən dövlətlərdən biri də Rusiyadır. Son dövrlər iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlərinin sayında ciddi artım baş vermişdir. Ş.Mirziyoyevin də Prezident kimi ilk səfər etdiyi ölkələrdən biri Rusiya olmuşdur. 2017-ci ilin aprelində baş tutan bu səfər zamanı iki dövlət arasında 15 mld. ABŞ dolları dəyərində iqtisadi razılaşmalar əldə edilmişdir. 2018-ci ilin oktyabrında isə Rusiya Prezidenti V.Putinin Daşkəndə səfəri zamanı 27 mld. ABŞ dolları dəyərində müqavilələr imzalanmış, iki rəhbər “Rosatom”un Özbəkistanda tikəcəyi (dəyəri 11 mld. ABŞ doları) AES-in təməlatma mərasimində iştirak etmişdir. Bu dövrdə Özbəkistan üçün önəmli məsələlərdən biri - kənd təsərrüfatı mallarının Rusiyaya ixracı üçün yaşıl koridorun açılması məsələsi – həllini tapmışdır. Beləliklə, Özbəkistanın Rusiya ilə son dövrlər münasibətlərin çox isti olması AİB-ə üzvlük məsələsinin yaxın zamanda reallaşacağı iddialarını gücləndirməkdədir.
Rəsmi Daşkəndin AİB-ə üzvlüyü məsələsində 2 əsas maraq ön plana çıxır: ticari əlaqələrin inkişaf etdirilməsi, əmək miqrantlarının problemlərinin həll edilməsi. Ş.Mirziyoyev 2019-cu ilin iyununda parlamentdə AİB-ə üzvlüyünün mümkünlüyünü ilk dəfə dilə gətirərkən bunun məhz ölkənin xarici ticarət əlaqələrini inkişaf etdirmək baxımından önəmli olduğunu vurğulamışdı. Həqiqətən də, Özbəkistanın ikiqat qapalı (double-landlocked) ölkə olduğunu nəzərə alsaq, ilk baxışdan xarici ticarəti asanlaşdıracaq inteqrasiya birliklərinə üzvlük iqtisadiyyatın inkişafı baxımından rasional addım kimi görünür. Ölkənin 3 ən böyük xarici ticari tərəfdaşından isə ikisi – Rusiya və Qazaxıstan AİB-in üzvüdür. Bu iki ölkə ilə ticarət Özbəkistanın ümumi xarici ticarət dövriyyəsinin ¼-dən bir qədər çoxunu təşkil edir.
Lakin nəzərə almaq lazımdır ki, AİB ölkələri ilə ticarətdə gömrük baryerlərinin ləğvinin birmənalı şəkildə ölkəyə iqtisadi qazanc gətirəcəyinə əmin olmaq mümkün deyil. AİB-ə üzvlük Qırğızıstanda olduğu kimi digər üzv ölkələrdən, xüsusən də Rusiyadan Özbəkistana ixrac edilən edilən malların həcmində ciddi artıma gətirib çıxara bilər. Özbəkistan uzun müddətdir ki, yüksək gömrük rüsumları ilə daxili bazarda yerli istehsalçıları xarici rəqabətdən qoruma siyasəti yeritmişdir.
Təcrid şəraitinə uyğunlaşmış yerli istehsalçıların isə gömrük rüsumlarının ləğvi ilə ölkəyə gələ biləcək ucuz məhsullarla rəqabət apara bilib-bilməyəcəyi sual altındadır. Təsadüfi deyil ki, özbək ekspertləri üzvlüyün reallaşacağı təqdirdə, Qazaxıstan və Qırğızıstan təcrübəsində olduğu kimi ölkəyə daha ucuz və rəqabətli Rusiya məhsullarının axın edəcəyindən narahatlıqlarını dilə gətirirlər.
Həmçinin, AİB-ə üzvlüklə təşkilatın iqtisadiyyatının 87%-ni təşkil edən Rusiyada yaranan iqtisadi problemlərin Özbəkistana da birbaşa təsirləri güclənəcək. Məsələn, AİB-in yaranması ilə eyni ildə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar hələ də təşkilata üzv dövlətlərin xarici ticarət həcmində artımın baş verməsinə imkan verməmişdir. Belə ki, 2014-cü ildə Rusiya, Belarus, Ermənistan və Qırğızıstanın ümumi xarici ticarət dövriyyəsi 868 mld. ABŞ dolları olmuş, 2015-ci ildə isə bu rəqəm 579 mld. ABŞ dollarına enmişdir. 2018-ci ildə dövriyyə hələ də təşkilatın yaranmasından öncəki səviyyəyə qalxa bilməmiş və cəmi 753 mld. ABŞ dolları təşkil etmişdir. Üstəlik, 2014-cü ilə 61,2 mld. ABŞ dolları olan AİB-daxili ticarət dövriyyəsi 2018-ci ilə bundan daha az - 59,7 mld. ABŞ dolları təşkil etmişdir. Ticarətin strukturunda baş verən ən önəmli dəyişiklik isə Rusiyadan digər üzv dövlətlərə ixracatın artması olmuşdur.
Bunun səbəblərindən biri də qeyri-tarif ticarət baryerləridir. Mütəxəssislər qeyd edir ki, AİB ölkələrinin Rusiya bazarına məhsul ixrac etmələrinin qarşısında 70-ə qədər bu cür baryer mövcuddur. Üstəlik, Rusiyanın digər AİB üzvü ölkələrlə iqtisadi-ticarət mübahisələri nadir hadisə hesab edilmir. Bunun ən son nümunələri kimi rəsmi Minsklə Moskva arasında Rusiyanın sanksiya qoyduğu malların ölkəyə daxil olmasına vasitəçilik etdiyi üçün yaranan mübahisəni və Qırğızıstanın miqrantların Rusiyadan pul köçürməsinə qoyduğu məhdudiyyətlərdən narazılığını göstərə bilərik.
Ticarət məsələsindən fərqli olaraq, Rusiyada çalışan özbək əsilli əmək miqrantlarının AİB-ə üzvlükdən faydalanacağını əminliklə söyləmək mümkündür. Hal-hazırda əmək miqrantı kimi ölkə xaricində yaşayan 2,5 milyon özbək vətəndaşının 80%-i və ya 2 milyonu Rusiya ərazisində yaşayır. Onlar il ərzində öz ölkələrinə 4 mld. ABŞ dolları məbləğində vəsait yollayırlar ki, bu da Özbəkistanın ümumdaxili məhsulunun 8%-nə bərabərdir. Rusiya ərazisində çalışan əmək miqrantları “əmək patenti” adlanan işləmək icazəsinə görə rüsum ödəməlidirlər.
Hesablamalara görə, AİB-ə üzvlük özbək miqrantlarını ümumilikdə illik 200 mln. ABŞ dolları məbləğində rüsumdan azad edəcəkdir. Üstəlik, miqrantlar üçün sənədləşmə probleminin birdəfəlik həlli onlara daha yaxşı iş imkanlarına malik olmağa kömək edəcəkdir. Beləliklə, V.Matviyenkonun bəyanatı və bunun rəsmi Daşkənd tərəfindən təkzib edilməməsi Özbəkistanın AİB-ə üzvlüyünə dair siyasi qərarın verildiyini deməyə əsas verir.
Lakin üzvlüyün Özbəkistana mümkün iqtisadi təsirlərinə dair ziddiyyətli fikirlər mövcuddur. Mümkün neqativ iqtisadi təsirlərin qarşısını almaq üçün isə, Qırğızıstan nümunəsində olduğu kimi, Özbəkistana bir neçə illik tarif güzəştləri tətbiq edilə və maliyyə yardımları göstərilə bilər. Bu cür güzəşt və yardımlar Qırğızıstan kimi kiçik iqtisadiyyatın üzvlükdən qaynaqlanan problemlərini qismən həll edə bilsə də, Özbəkistan kimi 50 mld. ABŞ dolları dəyərində ÜDM-ə malik iqtisadiyyat üçün nə dərəcədə effektiv olacağını əvvəlcədən söyləmək çətindir.
Məsələyə AİB perspektivindən baxdıqda isə, Özbəkistan kimi Mərkəzi Asiyanın ən strateji əhəmiyyətə malik ölkəsinin Birliyə qoşulması təşkilatın nüfuzu və ortaq bazarın genişlənməsi baxımdan nə qədər əhəmiyyətli olsa da, eyni zamanda bir sıra ciddi çağırışlar yaradacaqdır. Belə ki, AİB-in yarandığı 2015-ci ildən bəri ilk dəfə bu cür 33 milyonluq əhaliyə malik böyük ölkə onun sıralarına qoşula bilər. Daha əvvəl təşkilata qoşulmuş kiçik əhali sayına və iqtisadiyyata malik Qırğızıstan və Ermənistan kimi ölkələrin Birliyə inteqrasiya təcrübəsi Özbəkistanla müqayisə edilə bilməz. Beləliklə, Özbəkistanın AİB-ə mümkün üzvlüyü Birlik üçün yeni imkanlar açmaqla bərabər, onun gələcək genişlənmə planları və potensialı baxımından ciddi sınaq rolunu oynayacaq.
Azad Qəribov, siyasi ekspert
BMTM
Paylaş: