Qarabağı daha intensiv “nizamlayırlar”
Cenevrədə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iki gün davam edən danışıqları başa çatıb. Uzun sürən bu danışıqların nəticəsi isə yetərincə ümumi məlumatdan ibarət olub. Açıqlanmış məlumatın yaratdığı qənaət budur: baza problemləri hələ də çözülməmiş qalsa da, tərəflər 2019-cu ildə atmağa başladıqları “kiçik addımlar”ı davam etdirmək niyyətindədir. Söhbət ilk növbədə jurnalistlərin və ictimai xadimlərin qarşılıqlı səfərlərindən gedir.
Ümumilikdə Bakı ilə Yerevan ötənilki tempi qorumaq istəyir. Yeri gəlmişkən, ötən il iki ölkənin xarici işlər nazirləri beş dəfə görüşmüşdülər.
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zöhrab Mnatsakanyanla Elmar Məmmədyarovun 2020-ci ildə təşkil olunmuş ilk görüşü adətən olunmadığı qədər uzun çəkib. Tərəflər yanvarın 29-da 7 saatdan çox, 30-da isə daha 4 saat danışıq aparıb. Lakin bu, son deyil: əsas danışıqlardan əvvəl hər nazir ayrılıqda ATƏT-in Minsk qrupunun həmsədrlərilə görüşüb.
Doğrudur, bunu rekord adlandırmaq olmaz. Çünki Dağlıq Qarabağ münaqişəsinin uzun tarixi boyu daha çox çəkən görüşlər olub. Lakin Bakıda budəfəki danışıqları “son illərdə keçirilmiş ən intensiv danışıqlar” adlandırırlar. Nazirlərin bu qədər uzun-uzadı nədən danışdıqları haqda məlumat sızması isə yoxdur.
Hərçənd, bu görüşün əvvəlkilərdən nə iləsə fərqlənə biləcəyinin əlamətləri əvvəldən var idi. Yanvarın 29-da Azərbaycan prezidenti İlham Əliyev fransalı həmkarı Emanuel Makronla telefonla danışmışdı. Məlum olduğu kimi, Fransa Rusiya və ABŞ-la birlikdə ATƏT-in Minsk qrupunun həmsədrlərindəndir.
“Prezident İlham Əliyev münaqişənin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bir daha Fransa prezidentinə çatdırıb”, - deyə prezidentin mətbuat xidmətinin məlumatında lakonik şəkildə bildirilir. Məlumatda telefon danışığının Fransa prezidentinin təşəbbüsü ilə baş tutduğu da qeyd olunur.
Bu zəng özü-özlüyündə, çox şeydən xəbər verir. Hər halda, həmsədr ölkələrin prezidentləri danışıqların gedişində nadir halda belə fəallıq göstərirlər.
Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilir ki, tərəflər “2019-cu ildə irəli sürülmüş təklifləri, o cümlədən xalqların sülhə hazırlanmasını, humanitar mübadiləni”, həmçinin “nizamlanmanın əsasını təşkil edən prinsip və elementləri müzakirə ediblər”. Bakı əsas diqqəti 1975-ci ildə qəbul edilmiş və özündə sərhədlərin toxunulmazlığını əks etdirən Helsinki Aktına yönəldib.
Ötən il uzun illərdən bəri ilk dəfə olaraq, erməni və azərbaycanlı junalistlərin qarşılıqlı səfəri olub. Artıq qeyd etdiyimiz kimi, tərəflər bu mübadiləni davam etdirməyə, üstəlik, prosesə tək jurnalistləri deyil, ictimai xadimləri və mədəniyyət təmsilçilərini də cəlb etməyə qərar verib.
Son danışıqlardan sonra Ermənistan XİN-in açıqlaması da fərqli olmayıb. Erməni tərəfi də 2019-cu ilin təklifləri və nizamlanma prinsiplərindən danışır. Bundan başqa, açıqlamada tərəflərin yaxın zamanlarda yenidən görüşmək niyyətində olduğu bildirilir.
Bu arada, Yerevandakı mənbənin “Kommersant”a verdiyi məlumata görə, Zöhrab Mnatsakanyan yenə “Dağlıq Qarabağın seçilmiş hakimiyyəti”nin danışıqlara cəlb olunmasından danışıb.
Hazırda tanınmamış Dağlıq Qarabağ Respublikası danışıqlarda iştirak etmir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra onları da bu formata qoşmağa çalışır. “Qarabağ hakimiyyəti Dağlıq Qarabağ ərazisinə nəzarət edir və orada yaşayan əhalinin qanuni təmsilçisidir. Onlarsız, onların razılığı olmadan dinc nizamlama mümkün deyil. Bu səbəbdən də bizim mövqeyimiz ondan ibarətdir ki, danışıqlar üçtərəfli olmalıdır: Bakı-Yerevan-Stepanakert (Xankəndi – Ovqat.com)”, - deyə müsahibimiz bildirib.
Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva isə bununla bağlı Bakının mövqeyin belə ifadə edib: “Soruşmaq istəyirəm, “Dağlıq Qarabağın seçilmiş hakimiyyəti” deyirlər, kimin tərəfindən seçilmiş? Orada etnik təmizləmə baş verib və azərbaycanlılar öz torpaqlarından qovulub. Bu vəziyyətdə hansı seçkidən danışmaq olar?”.
Bununla yanaşı, Yerevan ictimai təşkilat kimi fəaliyyət göstərən Dağlıq Qarabağın azərbaycanlı icmasını tanımaq istəmir. “Dağlıq Qarabağ öz tarixi boyu heç vaxt iki icmalı inzibati vahid olmayıb. Hətta sovet vaxtı belə, Dağlıq Qarabağda erməni muxtariyyatı olub, baxmayaraq ki, Bakı buraya azərbaycanlıları köçürməklə, demoqrafik vəziyyəti dəyişməyə çalışırdı”, - deyə Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan bildirib.
Qeyd edək ki, Cenevrə görüşü tərəflərin son danışıqlarından təxminən 2 ay sonra baş tutub. İki nazir bundan əvvəl 2019-cu ilin dekabrında Bratislavada görüşmüşdülər. Özü də cənab Məmmədyarov oraya rusiyalı həmkarı Sergey Lavrovla Bakıda apardığı danışıqlardan sonra yollanmışdı. “Kiçik addımlar”ın atılmasında da məhz rusiyalı nazir israr edir. Onun fikrincə, bu addımlar bölgədə gərginliyi azalda və çoxillik münaqişənin həllini yaxınlaşdıra bilər.
Hər halda, 2019-cu ildə Qarabağ nizamlanmasında qeydə alınmış kiçik, lakin psixoloji baxımdan əhəmiyyətli uğurlar intensiv danışıqların nəticəsi idi: ötən il iki ölkənin XİN başçıları düz beş dəfə görüşüb. Tərəflər bu il də eyni tempi qorumaq niyyətindədir. Məhz bu üzdən onlar yaxın vaxtlarda yenidən görüşmək haqda razılığa gəliblər.
Kiril Krivoşeyev,
“Kommersant”, Rusiya
01.02.2020
Paylaş: