Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra bəzi seçki dairələrindən edilmiş şikayətlərə baxıb. İclasda bir sıra müraciətlər baxılmaları üçün aidiyyəti üzrə Dairə Seçki Komissiyalarına geri göndərilib. Bəzi məlumatlarda nəticəsi şübhə altına alına dairə sayının 20, bəzi məlumatlarda isə 30-dan çox olduğu bildirilir. Bundan əvvəl 4 seçki dairəsində nəticələrin ləğv edildiyini nəzərə alsaq, MSK-nın son qərarı ilə mandatdan məhrum olanların xeyli artacağı gözlənilir.
Bəs MSK-nın yenidən baxılması üçün DSK-lara göndərdiyi bütün şikayətlər təmin olunarsa, təkrar seçkilərin keçirməsi üçün hüquqi əsas yaranarmı?
Ovqat.com-un sualını cavablandıran hüquqşünas Namizəd Səfərovun fikrincə, qanunvericiliyə görə, dairələrin 1/3-də, yəni müvafiq halda 42 dairədə seçkilərin nəticəsi ləğv olunarsa, parlament formalaşmamış hesab olunmur və yeni seçkilərin keçirilməsi üçün gün təyin olunur: “Lakin mən də hesab edirəm, bu gün hər hansı dairədə saxtalaşdırma ilə əlaqədar dairələrin nəticələrinin ləğv edilməsi, çox təəssüf ki, seçkilərin tanınmamasına aparıb çıxarmır. Çünki nəticəsi şübhə altına alınan dairələrin sayı kvorum həddi olan 42-ə çatmır”.
Hüquqşünas hesan edir ki, əslində nəyisə araşdırmağa ehtiyac belə yoxdur: “Seçkilərin kütləvi surətdə, demək olar ki, bütün dairə və məntəqələrdə saxtalaşdırıldığı göz qabağındadır. Minlərlə, bəlkə onminlərlə video görüntülər var və bu görüntülər seçkilərin total şəkildə saxtalaşdırıldığını göstərir. Belə biabırçı seçkini tanımaq mümkün deyil. Burada ayrı-ayrı dairələrdə baş verən əməllərin araşdırmağa da dəyməz. Gözə kül üfürüb, guya, 4 dairədə seçkilərin nəticəsini ləğv ediblər. Ola bilsin ki, bundan sonra da bir neçə dairədə bunu etsinlər. Bununla da istəyirlər ki, insanların seçki saxtakarlığının qarşısındakı hiddətini yumşaltsınlar. Bu isə mümkün deyil”.
Mingəçevridə Aydın Mirzəzadənin xeyrinə səsləri saxtalaşdıran 8 nömrəli məktəbin direktoru Kamil müəllimin cinayət başında yaxalandığını xatırladan Səfərov qeyd etdi ki, digər namizədlərin nümayəndələri onu ifşa etdilər: “Kamil müəllimin dodaqları partladı, boğazı qurudu. Mənim o insana yazığım gəldi. Buna baxmayaraq, o dairə üzrə seçkilərin nəticəsi araşdırılmır. Aydın Mirzəzadə bu video görüntülərindən sonra hansı üzlə gedib parlmentdə oturacaq?”
Hazırda 121 dairə üzrə seçkilərin nəticəsinin ləğv olunmadığını qeyd edən Səfərovun sözlərinə görə, bu şəxslərin özləri durub elan etməlidirlər ki, ölkə üzrə seçkilər saxtalaşdırılıb, qanunvericiliyinin tələbləri pozulub və nəticələr ləğv olunmalıdır.
Bununla belə, N.Səfərov seçkilərin yenidən keçirilməsi ehtimalını da istisna etmir: “Bəzi dostlar deyirlər ki, bu, bir fantaziyadır, lakin mən bunu mümkün və zəruri sayıram. Hesab edirəm ki, seçkinin nəticələri bütün dairələr üzrə ləğv olunmalıdır. Dünyanın gözü qarşısında yeni seçkilər təyin edilməlidir”.
Şamo EMİN,
Ovqat.com
Paylaş: