Xəbər lenti

 

  

Bu gün Bakıda Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Ovqat.com xəbər verir ki, mərasimdə diqqəti cəlb edən ən mühüm hadisə Azərbaycanın ilk və son prezidentlərinin üz-üzə gəlməsi idi.

Hər iki prezident aralarında Mehriban Əliyevanın da olduğu digər yüksək vəzifəli şəxslərlə birlikdə “Ana harayı” abidəsinin önünə əklil və gül dəstələri qoyublar.

Sabiq və indiki prezidentlərin uzun illərdən bəri ilk dəfə məhz bu gün görüşməsi təsadüfi sayılmaya bilər. Məlum olduğu kimi, bir müddət əvvəl ölkə başçısı İlham Əliyev Münhendə Ermənistan Baş naziri Nikol Paşinyanla debatı zamanı oppenentinin bir iddiasını inkar edərək bildirmişdi ki, Ayaz Mütəllibov heç bir zaman Xocalı qətliamını müxalifət törədib deməyib. Erməni jurnalistlərinin bu uydurma xəbəri Ayaz Mütəllibov tərəfindən təkzib olunub.

Debatdan dərhal sonra mətbu orqanlara verdiyi açıqlamasında sabiq prezident də İlham Əliyevin bu fikrini dəstəklədi. Hər iki siyasi liderin bu “paslaşması”nda həm də müxalifətə yönəlik müsbət jestlər mövcud idi. Belə ki, ötən il iştirak etdiyi bir sıra beynəlxalq və yerli konfranslarda cənab İlham Əliyev dəfələrlə müxalifəti keçmiş hakimiyyətləri dövründəki “səriştəsizliklərinə” görə ittiham etmiş və bu da ciddi əks-reaksiyalara yol açmışdı. Azərbaycan müxalifəti bəlkə ilk dəfə idi ki, prezidentin onları müdafiə etdiyinin şahidi olurdu.

 

Görünür, ümummilli məsələlərin müzakirə edildiyi bir zamanda sabiq prezidentin bu jestə müsbət cavab verməsi İlham Əliyev tərəfindən də müsbət qiymətləndirilib və onun Xocalı abidəsinin önündə özüylə bərabər dayanmasına etiraz etməyib.

Maraqlıdır ki, Ayaz Mütəllibovun İlham Əliyev tərəfindən müsbət qiymətləndirilən bu jestinə kölgə salan bir açıqlama sabiq prezidentin mətbuat katibi Rasim Ağayevdən gəlib. Özü də Xocalı soyqırımının ildönümündə. Belə ki, Rasim Ağayev bu gün Oxu.Az-a açıqlamasında Xocalının işğalı ərəfəsində Azərbaycan müxalifətini satqınlıqda ittiham edərək deyib:

“Onlar çalışırdılar ki, hakimiyyəti devirsinlər və iqtidara gəlsinlər. İndiyə qədər heç kim başa düşmür ki, ozamankı Azərbaycan müxalifətinin əsas davası hakimiyyət uğrunda mübarizəyə köklənmişdi. Onlar hakimiyyətə gələn kimi Qarabağı unutdular”.

Hazırda Rusiyada yaşayan Rasim Ağayevin bu fikirləri faktiki olaraq Paşinyanı iddiaları ilə üst-üstə düşür. Görünür, Münhen debatı zamanı İlham Əliyevin səsləndirdiyi fikirlərlə Azərbaycan siyasi həyatında yaxınlaşmaların baş verəcəyindən narahat olan Moskvadakı müəyyən dairələr Rasim Ağayevin sərsəmləmələriylə buna mane olmaq istəyirlər. Rasim Ağayevin həmin fikirləri isə ən çox Ayaz Mütəllibovun getdikcə milliliyə doğru dəyişilən mövqeyinə kölgə salır.




Ana səhifəyə qayıt        Baxış: 2 476          Tarix: 26-02-2020, 14:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma