Xəbər lenti
Dünən, 19:25

 

 Gülnara İnanc,

"Etnoqlobus" Beynəlxalq onlayn analitik mərkəzinin  direktoru

 

İran, İslam inqilabının qələbəsinin 41 illik yubileyini yeni xarici və daxili şərtlərlə qeyd edir.  Bu illər ərzində İran islamı ixrac edən bir ölkədən islam mədəniyyətini yayan bir ölkəyə çevrilib və  bu, əslində  ölkənin və xalqın islamdan əvvələ uzanan maddi-mənəvi dəyərlərinin də təbliğidir.

İslam dövləti qurulandan bəri, xüsusilə "rəngli inqilablar" kimi tanınan Qərbin dünyada, o cümlədən Şərq ölkələrində mövcud hakimiyyətləri dəyişmək cəhdləri İrandan yan keçib. Hər dəfə "İndi növbə İranındır"  deyənləri "İran İraq, Liviya deyil" qənaətində olanlar əvəz edib. İran deyəndə təbii ki, dövləti formalaşdıran xalq nəzərdə tutulur.

İrandan danışanda ilkin olaraq ağla islam gəlirsə, ondan sonra mütləq zərdüştilik, çar Dara, Kuruş, Cəmşidin taxtı, Persopolis xatırlanır. İranı həmrəng , amorf , ucdantutma dindar şiə bir cəmiyyət kimi qəbul etmək yalnışdır.  İslam dini dövlət strategiyasına çevrildiyi son 41 ildə vətəndaşların milli iranlı şüuru daha da güclənib. Bunun səbəblərindən biri qloballaşma siyasətində bütün dünyada insanların özünün milli kimlik üzərindən təsdiqinin güclənməsi ilə bağlıdır.

Digər səbəb isə budur ki, xarici təzyiqlərə qarşı məhz güclü milli birlik şüuru ilə dirənmək olar. Əgər inqilabın ilk illərində ideologiya dini kimlik üzərində qurulurdusa, beynəlxalq çağırışlara cavab olaraq bu, milli-dini kimliklə əvəz olundu. Son illər milli-dini kimlik vəhdətində birincisi ağır gəlir. İranın bölgədə yeridilən "rəngli inqilablardan" hələ də qoruna bilməsinin səbəblərindən biri də milli kimlik ətrafında birlik amilidir. Bu , təsadüfi deyil, çünki milli kimlik  daha alt şüurdadır, dini şüur isə daha üstdə. İnsanın hərəkətləri isə məhz şüuraltı ilə tənzimlənir. Blə olduğu halda , insanın hərəkətlərini və xasiyyətini formalaşdıran  milli şüuru görməzdən gəlmək mümkün deyil.

Oturaq imperiya mədəniyyətinin varisləri qonşularını bədəvi olaraq dəyərləndirir və özlərini bölgənin aparıcı dövləti və xalqı statusunda görürlər. İranlılar etnik kimliyindən asılı olmayaraq böyüyün bir hissəsi olmağı ( imperiya vətəndaşı ) seçir, nəinki parçalanıb kiçiyin hissəsi olmağı. Axı imperiya şüuru gəzdirən fərd, sərhədlərinin ücunu-bucağını görmür.  Məsələ ondadır ki, tarixi imperiyaların sərhədləri get-gedə daralaraq bir dövlətə sığsa da, genetik yaddaş hələ də imperiya sınırlarında bənd olub. İranlı özünü proseslərin mərkəzində hiss edir, hər şeyin ən yaxşısının ona aid olduğuna əmindir.

Onun nə düşündüyünü və həqiqətdə nə edəcəyini bilmək çətindir. İlk baxışdan siz onun qərarlar üzərində çox düşünməsini zəiflik kimi dəyərləndirdiyiniz bir vaxtda, əslində o,  fikirlərini qələbə qazanmaq üçün istifadə edə biləcəyi variasiyalara cəmləşdirib. Bu xüsusiyyəti iranlı idmançıların çıxışlarında əyani müşahidə etmək olar. İdmançı dəfələrlə çıxış etdiyi sahədə konsentrasiya olur. Bütün emosiyalar daxildə gizlədilir. Rəqibinə qarşı açıq aqressiya sezilmir. Bununla da rəqibini çaşdırır və qarşısındakı iranlının güclü, yaxud zəif olduğunu, qorxduğunu, yaxud çağırış etdiyini anlaya bilmir.  Psixoloji çaşqınlıq yaranır. İranlı sağa baxıb, sola getdiyi üçün onun hansı addımı atacağını təhmin etmək asan deyil.

İmperiya şüuru iralının işini daha həcmli və geniş parametrli , çoxfunksiyalı edir. Birotaqlı evdə özünü imarətdəki kimi hiss edir. İmperiya şüuru insanın baxışlarını uzaqlara yönəldib, o, kiçik məsələləri böyük işlərə qurban verə bilər.  Oturaq həyat, xoş iqlim onu astagəl etsə də, neft bumu nəticəsində  inert olan ərəblər kimi tənbəlləşdirməyib.

Düşündüyünü insanın üzünə demək iranlıya aid deyil. O, sizin simanızda düşmən qazanmaq niyyətində deyil. Çünki bu halda o, arxasını sizə çevirmiş olur və kürəkdən zərbə almaq üçün meydan yaradır. İranlının beli həmişə nəyəsə dayanmalıdır, bu halda onun düşünərək hərəkət etmək imkanı var. Çox düşünməyi sevdiyi üçün, o, riskə meylli deyil. Məsələn, təzyiqlər  və təhdidlər artdıqca İranın daha qəliz manevr etdiyini görürük.

Daxili fitri çeviklik, baha satmaq bacarığı. İran ticarət ölkəsidir. Tacir isə ucuz alıb baha satmağı, nəyi nə vaxt alıb, nə vaxt satmağı bilməli, bazarın tələbatından xəbərdar olmalıdır. Əslində tacir bir diplomatdır. Vaxtında manevr etmək, böyük iğtişaşlardan az itki ilə çıxmağı bacaran diplomat.

İranlı ikinci plan aktyoru kimi çıxış etməyə məcbur olubsa belə, o, rolunu baş rol kimi təqdim edə bilir.

Nə qədər təzadlı olsa da, meydan iranlı üçün ən sevimli bir alandır. İranlı şüuru meydanı imperiya ilə eyniləşdirir.  Meydanda sən daim hərəkət etməli və ətrafdakı hər kəslə kontaktda olmalısan. Meydanda səni hami eyni zamanda eyni cür görə bilməz. Sənin daim manevr etmək, mimikanı, emosiyalarını növbəti insan qrupuna uyğun olaraq dəyişmək imkanın var.  Unutmayaq ki, iranlı sağa baxıb sola gedir.  Metaforanı sevir. Məsələn, İran kanallarının birində səsləndirilmiş "nədən dəlilər və bayquşlar viranəni sevir?"  eyniləşdirməsində  əslində iranlıların özü var. Bir az dəlisov, bir az müdrik, kütlə içində özünə fokuslanan, dağıdıb yenidən qurmağa meylli.

O, həmçinin vurğunluq halında olmağı-ərəfəni sevir. Açılacaq sabahı bu gün bayramlaşmaq, hiss etmək.  Lənglikdən irəli gələn zamanı tələsdirmək çəhdi də iranlılara məxsusdur.

Belə bir mürəkkəb psixoloji portret ilə ünsiyyət  şətrənc oyunu kimidir.




Ana səhifəyə qayıt        Baxış: 2 790          Tarix: 1-03-2020, 23:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma