Xatırlayırsınızsa, iki gün əvvəl qələmə aldığımız Operativ Qərargaha operativ məsləhət: Maskalarınızı unutmayın! sərlövhəli yazımızda dəyərli dövlət adamlarımızı maska taxmağa, bununla da həm sağlamlıqlarını qorumağa, həm də bizə nümunə olmağa çağırmışdıq.
Ovqat.com-un bu xoş niyyətli çağırışına ən tez reaksiyanı SOCAR prezidenti Rövnəq Abdullayev vermişdi.
Rövnəq müəllim dünən baş çəkdiyi Heydər Əliyev adına Neft Emalı Zavodunda ağzını bağladığı maska ilə görüntülənmiş və digər iri məmurlara bunun eyib olmadığını nümunə göstərmişdi.
Sevindiricidir ki, Rövnəq müəllimin bu nümunəvi hərəkətindən Fövqəladə Hallar naziri general-polkovnik Kamaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev də istənilən nəticəni çıxarıblar. Onlar da bu gün görüşünə getdikləri vətəndaşların qarşısına maska ilə çıxmışlar. Biz də dövlət xadimlərimizin səsimizə səs verməsini alqışlayır və sükanı həmişə belə saxlamalarını arzulayırıq.
Martın 29-da Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar naziri general-polkovnik Kamaləddin Heydərov Rusiya Federasiyasından avtomobil yolu ilə ölkəyə gələrək zəruri sanitar-karantin tədbirlərinə cəlb olunmuş vətəndaşlarla görüşmək məqsədilə həmin ərazidə olublar.
DSX-dan Modern.az-a verilən məlumata görə, hazırda karantin şəraitində saxlanılan vətəndaşlarla görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında geniş məlumat verilib, əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.
Vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma vəziyyətinə baxış keçirilib, üzləşdikləri problemlərlə maraqlanılıb, xahiş və müraciətləri dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə öz həllini tapması üçün tədbirlər görülüb. Karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrılmış yerlər və oradakı şərait öyrənilib, vətəndaşların və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri göstərişlər verilib.
Dövlət sərhədindən buraxılış məntəqəsində rejim tədbirlərinin təşkili vəziyyəti, ölkəyə gələn şəxslərin karantin ərazisinə təxliyə edilməsi məsələləri nəzərdən keçirilib, birgə fəaliyyətin yüksək səviyyədə təşkil olunması qeyd edilib və bu istiqamətdə aidiyyəti dövlət orqanlarının əməkdaşlığının daha da təkmilləşdirilməsi üzrə müvafiq tapşırıqlar verilib.
Paylaş: