Xəbər lenti

 

Tibb elminə verdiyi töhfələrlə 33 yaşında Nobel mükafatını qazanan ABŞ alimi Coşua Lederberqin epidemik xəstəliklərlə əlaqədar gözəl bir fikri var: “Mikroblar sonsuz saylarına, fövqəladə sürətlərinə və mutasiya qabiliyyətlərinə görə insanlarla yarışlarda daha çox üstünlüklərə sahibdirlər. İnsanın isə tək silahı var - zəkası”.

Bəşər oğlu yaranandan bəri bir-birinə düşmən kəsilmiş bu iki varlıq indiyədək amansız müharibə aparmasına baxmayaraq, hələ də hər ikisi ayaqda dayanmağı bacarıb. Mikroblar və viruslar da bu uzun dövr ərzində öz saylarını artırıb, insan da. Bundan sonra da bu artım davam edəcək, baxmayaraq ki, hər ikisi də digərini sıradan çıxarmaq üçün əlindən gələni edir. Düzdür bir çox xəstəliklərə qarşı mübarizəni biz qazandığımızdan onlar, demək olar ki, Yer üzündən siliniblər. Fəqət tamamilə məğlubiyyətə uğratdığımız çiçək, taun və s. xəstəliklərin yerinə yeniləri yaranıb. Bu da Coşua Lederberqin təbiriylə desək, mikrobların mutasiya qabiliyyətləri ilə bağlıdır.

 

Bu gün dünyanı lərzəyə gətirən, hər gün yüzlərlə insanın həyatına son qoyan, minlərlə insanı isə ağır xəstəliyə düçar edən COVİD-19 da əslində koronavirusun mutasiyaya uğramış yeni formasıdır. Yeni olduğuna görə mübarizədə hələ ki  o bizi üstələyir. Amma zaman keçdikcə biz ona qələbə çalacağıq. Əlbəttə ki, bu əminliyimiz əsassız deyil.

Əvvəla, ona görə qələbə çalacağıq ki, COVİD-19 digər həmcinslərindən fərqli olaraq, o qədər də güclü deyil. Bir çox virusların öldürmə gücü 30-40%-dirsə, COVİD-19-da bu nisbət cəmi 2-3% civarındadır. COVİD-19-un digərləriylə müqayisədə yeganə güclü tərəfi Joşua Lederberqin qeyd etdiyi yayılma sürətilə bağlıdır. Yanvar ayının ilk günlərində Çinin Vuhan şəhərində ortaya çıxan bu virusun cəmi 3 ay ərzində ABŞ-dan İtaliyaya, İrana qədər yayılması, dünyanın bütün qitələrində öldürücülük gücünü göstərməsi də bu yüksək sürətindən irəli gəlir. Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına görə, 722 mindən çox insana yoluxan, 34 minə yaxın insanın isə ölümünə səbəb olan COVİD-19 hər keçən gün daha çox dəhşət saçır. Biz isə yeganə silahımız olan zəkamızla vuruşuruq.

 

Sözsüz ki, bu çətin döyüşdə insan oğlunun dirəniş gücünü artıran digər amillər də var. Bunlardan biri də yardımlaşma qabiliyyətidir. Bu ölümcül virusa yoluxmuş insanları xilas etməsək, hər birimizin canına yerikləmiş koronavirus tezliklə bizim də boğazından yapışacaq və özünün yeminə çevirəcək.

Azərbaycan prezidenti İlham Əliyevin və I vitse-prezident Mehriban xanımın bir müddət əvvəl bir illik maaşlarını Koronavirusla Mübarizə Fondunda keçirməsi də məhz ölkəmizi təhdid edən bu təhlükənin qarşısını almaq niyyətindən doğur. COVİD-19 təhlükəsi hər birimizin ortaq bəlası olduğundan ölkə rəhbərlərinin başlatdığı bu xeyirxah kampaniyaya bir çox iş adamları və müəssisələr də qoşuldular. Belə xeyirxah müəssisələrdən biri də “Addım-A” uşaq bağçasıdır.

 

Bağça rəhbərliyinin dünən Koronavirusla Mübarizə Fonduna yardım etdiyi xəbər verilir. Edilən yardımın məbləği barədə hər hansı açıqlama verməyən müəssisənin geniş imkanlara malik olmadığı da aydındır. Gələcəyimizin insanlarını yetişdirən belə müəssisələr uzaqbaşı orta sahibkarlıq subyektləri olurlar. Onların qazanclarının böyük qismi uşaqların qidalanmasına, işçilərin əmək haqqısına sərf olunur. Əldə qalan kiçik qazancla uşaq bağçasının sahiblərinin bir də yardım fondlarına pul köçürmələri, əlbəttə, fədakarlıq tələb edir. Halbuki, ölkədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin Prezidentin başlatdığı bu xeyirxah təşəbbüsə qoşulmaq imkanları daha çoxdur, amma biz onların adına heç bir yerdə rast gəlmirik.

 

Addım-A” uşaq bağçasının bu xeyirxah təşəbbüsü, sözsüz ki, maddi dəyərdən daha çox, mənəvi anlam ifadə edir. Bu həm də gələcəyimiz olan körpələrin koronavirusa qarşı mübarizəyə verdikləri dəstəkdir. Çünki həmin müəssisəsinin bütün gəlirləri məhz orda yetişdirilən uşaqların büdcəsindən ayrılır. Hansı ki, həmin vəsaitlər gələcəyimizin fidanlarının daha yaxşı yetişdirilməsinə, saxlanılma şəraitinin yaxşılaşmasına sərf oluna bilərdi. Ölkəmizin və bütün bəşəriyyətin ümumi evi olan dünyamızın sağlam həyatı naminə hər birimiz kimi, körpələrimiz də “Addım-A” uşaq bağçasının vasitəsilə fonda vəsaitlə köçürməklə bir növ  böyüklərinin yardımına tələsiblər. Özü də COVİD-19 təhlükəsindən  hər kəsdən daha çox sığoratalandıqları halda. Sirr deyil ki, digər qrip tipli xəstəliklərdən fərqli olaraq koronavirus hardasa uşaqlara toxunmayacaq qədər “humanist”, yaşlılara acımayacaq qədər zalımdır. Bu baxımdan onunla daha effektli mübarizəyə körpələrimizin ən çox sevdiyi təlim-tərbiyə ocağının, ikinci evinin qoşulması böyük anlam daşıyır.

Aysu Həsənova

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 643          Tarix: 30-03-2020, 08:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma