Xəbər lenti


Koronavirusun risk qrupları arasında ilk sıralardan birini tibb işçiləri tuturlar.
Ovqat.com-un məlumatına görə, təkcə İspaniyada ötən ayın 30-a qədər 13 minə yaxın tibb işçisinin koronavirusa yoluxduğu müyyənləşdirilib. Həmin dövr üçün bu rəqəm ümumi yoluxanların 15%-ə yaxın göstərici demək idi.
İranda isə eyni tale ilə üzləşənlərin sayı-hesabı bilinmir. İRNA-nın verdiyi məlumata görə, ötən ayın 23-nə qədər təkcə Qum şəhərində 170 tib işçisi koronavirusa yoluxmuşdu. Onların sonrakı taleyi barədə heç bir məlumat verilmir.



Türkiyənin tibb işçiləri də koronavirusun əsas hədəfinə çevrilmişlər. Ölkənin Səhiyyə naziri Fəxrəddin Qocanın 3 gün əvvəl göz yaşları ilə verdiyi məlumata görə, Türkiyədə 601 tibb işçisi koronavirusa yaxanmışdı. Bu o zaman idi ki, Türkiyədə koronavirus daşıyıcılarının sayı 2 min 148 yüksəlmiş, onların da 277-si dünyasını dəyişmişdi. Deməli Türkiyədə aktiv koronavirus xəstəsi cəmi 1871 idi. Bunun da 601-nin tibb işçisi olduğunu nəzərə alsaq, belə çıxır ki, Türkiyədə hər 3 koronavirus xəstəsindən 1-i tibb işləriydi.



Sözsüz ki, dünyanın hər yerində koronavirusa yaxalanan tibb işçilərinin böyük əksəriyyəti bu virusa təmasda olduqları xəstələrdən yoluxurlar. Onların arasında tibb bacılarının əksəriyyət təşkil etdiyi də sirr deyil və məhz bu fədakarlıqlarına görə həmin insanları “bioloji savaş”ın əsl qəhrəman döyüşçiləri adlandırırlar. 
Baxmayaraq ki, dünyanın bütün ölkələrində koronavirusla mübarizə aparan bu qəhrəmanlar xüsusi geyimlərlə öz savaşlarını yürüdürlər və həmin geyimlər səhiyyə işçilərini böyük ölçüdə “əsrin vəbasından” qorumağa xidmət edir. Bununla belə, yaşanan acı təcrübələr “tibbi zireh”in amansız düşmənə qarşı tam mühafizəetmə gücündə olmadığını göstərir.



Azərbaycan da koronavirusa qarşı mübarizə aparan ölkələrdəndir. İnsafən, hökumətin bu zamana qədərki tədbirləri hələ ki virusun geniş şəkildə yayılmasının qarşısını alıb. Di gəl ki, arxayınlaşmaq üçün əsasımız azdır: koronvirusa qarşı mübarizənin ön cərgəsində bulunan tibb işçilərimizdən bu bəlaya yoluxduqları barədə məlumatlar gəlməkdədir ki, bu da düşmənimizin nə qədər amansız olduğuna dəlalət edir.
Bildirildiyinə görə, 1 saylı Kliniki Tibbi Mərkəzdə çalışan 10 işçidə koronavirus aşkarlanıb.



Xalq arasında “Semaşko” xəstəxanası kimi tanınan tibb mərkəzi də bu faktı təkzib etməyib. Kilinikanın mətbuat açıqlamasında qeyd olunur ki, koronavirus testi müsbət çıxan işilər arasında tibb bacıları, laborant və xadimələr var: “Hazırda onlar müvafiq tibb müəssisələrinə yerləşdiriliblər”.
Əlbəttə, dünyanın ən inkişaf etmiş ölkələrinin tibb işçiləri belə bu xoşagəlməz taledən sığortalanmadığı halda, məntiqlə biz öz səhiyyə işçilərimizi ehtiyatsızlıqda günahdıra bilmərik. Amma formal məntiqlə. Əslində isə ortada olan bəzi faktlar Azərbaycan tibbinin koronavirusa qarşı yetərli tədbirləri almadığını göstərir. Mümkündür ki, tibb işçilərimizin xəstəliyə yoluxmasında bu amilin də rolu az deyil. 



Dünən paylaşdığımız bir video da bu ehtimalı qüvvətləndirir. Videodan da göründüyü kimi, tibb bacısı heç bir xüsusi geyimlə təchiz olunmadan xəstələrlə təmas halındadır. Halbuki Azərbaycan hökuməti yetərli sayda tibbi geyim və avadanlıqlar aldığını bildirir. Belə çıxır ki, xəstəxanaların rəhbərləri ya tibb işçilərini həmin geyimlərlə təchiz, ya da onlara tam nəzarət edə bilmir. Səbəb hansı olursa olsun, “bioloji müharibə”nin “qəhrəman əsgərlərini” düşmən üstünə “zirehsiz” göndərmək və ya onların mənasız şəxsi cürətə göz yummaq ön cəbhəmizi bilə-bilə odun ortasına atmaq mənasına gəlir. 
Fikrimizi təsdiqləyən həmin videonu bir daha oxucularımızın müzakirəsinə təqdim edirik: 





Ana səhifəyə qayıt        Baxış: 5 195          Tarix: 4-04-2020, 16:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma