İtaliya koronavirus qurbanları sahəsində Çini geridə qoyub.
Ovqat.com xəbər verir ki, iki gündür yeni koronavirus yoluxmasıyla qarşılaşmayan Çində bu xəstəlikdən əziyyət çəkənlərin sayı 80 min 967-yə yüksəlib. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı isə bu gün 3 248-ə çatıb.
Qurbanlardan 3-ü son sutka ərzində dünyasını dəyişib, bu da koronavirus epidemiyası yayılandan bəri qeydə alınan ən aşağı gündəlik göstəricidir. Mütəxəssislərin bildirdiyinə görə, bir neçə gün də belə davam edərsə, rəsmi Pekinin koronavirus üzərində qələbəsini elan etməyə tam haqqı çatacaq.
Koronavirusun geniş şəkildə yayıldığı İtaliyada isə vəziyyət çox ağırdır. İtaliyada koronavirus qurbanlarının sayı həndəsi silsilə ilə artır. Hətta
ölüm sayına görə İtaliya artıq Çini belə arxada qoyub.
İtaliyanın Mülki Müdafiə İdarəsinin Baş direktoru Angelo Borrellinin bu gün verdiyi açıqlamaya görə, koronavirus xəstələrinin sayı 33 190-a yüksəlib. Ölən və sağalanlarla birgə götürəndə İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 41035-ə yüksəlir. Angelo Borrellinin bildirdiyinə görə, İtaliyada son sutka ərzində 427 nəfər dünyasını dəyişib və indiyədək bu səbəbdən ölənlərin sayı 3 405-ə çatıb.
İtaliyada bir tibb bacısının paylaşdığı status isə bu ölkədə vəziyyətin nə qədər kritik olduğunu göstərir. Tibb bacısı yazıb: "Çox ağır stres altında işləyirik. Təəssüf ki, Lombardiyadakı vəziyyəti artıq nəzarətdən çıxıb. Ölüləri daha saya bilmirik”.
Qeyd edək ki, 60 milyon əhalisi olan İtaliya bütün ölkə boyu karantin tətbiq edən yeganə Avropa dövlətidir.
Paylaş: