Xəbər lenti
Bu gün, 10:20
Bu gün, 09:35
Dünən, 23:09
Dünən, 22:48
Dünən, 21:50
Dünən, 17:30
Dünən, 16:18
Dünən, 09:49
2-12-2024, 23:34
2-12-2024, 22:50
2-12-2024, 22:12
2-12-2024, 21:48
“Sanki “Tofiq Bəhrаmov” stadionunu tam yastı tikmək istəyiblər, lakin alınmayıb”.
Ovqat.com xəbər verir ki, bu maraqlı təsbit Rusiyanın tanınmış idman jurnalisti, “Günü Gününə İdman” (“Спорта День за Днем”) nəşrinin Baş redaktoru İvan Jidkova aiddir.
İvan Jidkov Sportsdaily.ru saytında dərc olunan “Bu ölkədə Kapello bayram edib, Petrjela rezin ətri udub, Syomin isə...” sərlövhəli yazısında ölkəmiz barədə başqa təəssüratlarını da bölüşüb.
Fikrimizcə, bir insanın və ya məmləkətin əsl aynası özgə gözləridir. İnsan öz simasını görə bilmədiyindən özünü yaxından tanımaq üçün mütləq aynaya – özgə gözünə baxmalıdır. Biz də idmanımızın və idman infrastrukturlarımıza qoyulan investisiyaların xaricdən necə göründüyünü anlamaq üçün ölkəmizdəki stadionlara İvan Jidkovun gözüylə nəzər salmağa qərar verdik.
Buyurun, Rusiyanın tanınmış idman jurnalistinin “ayna”sından özümüzə, idmanımıza və idman infrastrukturmuza nəzər salın.
Mənim stadionlar siyahımda “A” ilə başlayan üçüncü ölkə Azərbaycandır. Doğrudur, orada çox arena gəzə bilmədim – cəmi üçündə oldum. Əvəzində, hər stadionla bağlı bir hadisədən ibarət “Bermud üçbucağı”na düşdüm.
Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı
Azərbaycan mənim nazımla oynamadı. Təyyarənin trapına təzəcə çıxıb dərindən nəfəs almaq istəmişdim ki, sanki çənəmdən qaynar hava zərbəsi aldım. Gözləmirdim, ən azı ona görə ki, gecə saat 3 idi. Baqajların alınması zonasında məni Mona Liza təbəssümü ilə Vlastimil Petrjela qarşıladı – o, adətən həyəcanın belə gizlədir. Biz Bakıya fərqli reyslərlə gəlmişdik. Məqsədimiz “Neftçi” ilə müqavilə haqda danışmaq idi. Onun nümayədəsinin bircə işarəsilə pasport nəzarətindən növbəsiz keçdiyimizdə, klubun qüdrətinə heç bir şübhəm qalmadı…
Mehmanxana sadə olsa da, otaqda kondisioner var idi. Yayda Azərbaycanda kondisionersiz dayanmaq mümkün deyil. Havasızlıq olur. Sağ qalmaq və başının işləməsini istəyirsənsə, kondisioneri qoş!
Otel “Tofiq Bəhramov” stadionunun 15 dəqiqəliyində idi. Bu məsafə də ona görə var ki, bir epoxalıq yaşı olan arena çoxzolaqlı avtomobil yolunun keçdiyi nəhəng meydanda yerləşir. Yayda bu məsafəni ancaq 1000 dərəcə istilikdə əriməyən adam qət edə bilər. Bizim isə belə bir fikrimiz yox idi. Çünki həm Vlastimil piyada gəzməyi sevmir, həm də bizi yaxınlıqdakı çörək mağazasına belə, maşınla aparıb-gətirirdilər.
Müqavilə haqda danışıqlara başlamazdan əvvəl Petrjelanı yerli futbolla tanış edirdilər. 1 sutka sonra axşam saatlarında bizi “Bakı”-“İnter” matçına dəvət etdilər. Amma xahiş etmişdilər ki, diqqət cəlb etməyəcəyimiz yerdə əyləşək. Bu üzdən, bu nəhəng virajda özümüzə uyğun yer tutduq – sanki “Tofiq Bəhrаmov” stadionunu tam yastı tikmək istəyiblər, lakin alınmayıb.
Qüllələrin arasında yerləşən mərkəzi tribunada iyirmi nəfər var idi. Bir o qədər də insan VIP lojada oturmuşdu – mən orada noyabrda “Neftçi”nin “Karvan”ı udduğu matçda oturacaqdım. “Yamanca gizlənmişik. Burada bizdən başqa heç kəs yoxdur”, - deyə Petrjela gülürdü. Elə o an arxadan ağacların sınan budaqlarının şaqqıltısı gəldi: tribunaya biletsiz keçmək istəyən yeniyetmələr vaxtilə bütün Sovet televiziyasında məşhur olmuş sərv ağaclarından istifadə etməyə çalışırdı.
Oyun 0:0 hesabıyla yekunlaşdı. Onun emosiya doğuran yeganə məqamı “İnter”in heyətində çex Bronislav Çervenkanın meydana çıxması idi. Bunu heç kəs xatırlamaz: bu oğlan Petrjelanın “Zenit”ə gəlməsindən 9 ay əvvəl orada baxışdan keçməmişdi.
“Tofiq Bəhrаmov”un cənub tribunasının arxasında şamlıq var. Bizi orada yerləşən restorana nahara göndərdilər. Ofisianta xəbərdarlıq etmişdilər ki, qonaq elə-belə adam deyil. O, bizi yeməklərlə tanış edirdi. “Bu, bizim milli göyərtilərdir”, - deyə ofisiant keşniş-şüyüd dəstələrini göstərirdi. “Mən ot yemirəm” deyən Vlasta üzünü mənə tərəf döndərərək kababa girişdi. Çadır havadakı 60 dərəcəlik istini 30 dərəcəyə salmışdı…
Qocaman “Tofiq Bəhrаmov” bizi geniş ərazisi və hədsiz boş sahəsilə heyrətləndirmişdi. Burada balaca bir hava limanı belə, salmaq olar. Mən bu stadionu dolu görə bilmədim. Bunu yalnız Azərbaycan-İtaliya matçı kimi görüşlərdə görə bilərsiniz. Hərçənd “Neftçi”nin ev görüşləri də şən keçir – komandanın ağ-qara geymiş azarkeşləri “Beşiktaşlılar”a bənzəyir.
2013-cü ildə yenidən Bakıya yollanmışdım. Artıq “Neftçi” mərkəzdən kənara – Nizami rayonundakı “Baksell Arena”ya köçmüşdü. Sonralar Rusiya yığması burada ev sahibləri ilə heç-heçə edəcək, nəticədə 2014-cü il Dünya Çempionatına keçəcəkdi.
Mən yeni “Tofiq Bəhramov”a baxmağa gəlmişdim. O, əvvəlki kimi nəhərg və geniş idi. Artıq burada Cey Lo, Elton Con, Şakira və əlbəttə ki, Tarkan çıxış etmişdilər. İndi stadionun damı da var idi, VIP-zona isə daha mavzoleyin tribunasına oxşamırdı. Stadionun içərisinə girdim. Gördüm ki, artıq həmin sərv ağacları damın arxasında qalıb, boy vermir. Ancaq mən Vlastanın yaşadığı evi də tanıya bilmədim. Hansı ki, onun yaşadığı otel stadionun qarşısındakı yolun o tayında idi. Bakı böyüyüb və tikilməyə davam edirdi. “Tofiq Bəhramov” isə mənim üçün doğma idi. Və sən demə bu, əbəs deyilmiş…
“Baksell Arena”, Bakı
Xalq arasında onun ilk adı “8-ci kilometr” stadionu olub. Bizdə bu, “Platforma Peri” stadionu və ya “Dno” stadionu kimi bir şey olardı. Lakin burada qorxulu heç nə yoxdur – hər halda, “Baksell Arena” Bakı şəhərindən kənarda deyil. Bura Nizami rayonu, “Neftçilər” metro stansiyasının yaxınlığıdır. Metrodan yuxarı çıxarkən özünü 90-cı illərdə Peterburqunun kənarlarında yerləşən bir stansiyadakı kimi hiss edirsən. Ətrafda tum, pomidor, hətta bolt-qayka belə, satırlar – mallar səliqə ilə qəzetlərin üzərinə düzülüb.
Dostum, kino tənqidçisi Ülvi Mehdi gözlərini Mefistofelsayağı qıyıb mənim mimikamı izləyir – o, az da olsa Peterburqda yaşayıb və mənim o an nə hiss etdiyimi başa düşürdü. Bundan əvvəl Bakıda “Dubaysayağı” dəniz gəzintisinə çıxmışdıq və Ülvi mənə demişdi ki, “Ora getmək çətindir. Gəl ya “badımcan” taksi ilə, ya da metro ilə gedək. Belə daha məsləhətdir!”. “Badımcan” dedikləri – London keblərinə bənzəyir. Bənövşəyi rəngdədir. Onları elə belə də adlandırırlar: “London taksisi”.
Ülvi Mehdidən Azərbaycan futbolunun tarixi
Nə gizlədim, “Baksell Arena”ya getməzdən əvvəl biz Ülvi ilə şəhərkənarı restoranda “hər şey daxil” yaxşıca nahar etmişdik. Buna görə də qonşu bulvardakı oktyabr akasiyaları gözümə çox təsirli görünürdü. Çay içmək üçün kiçik bir kafedə oturduq. Orada bizə Vanya Tuqarin də qoşuldu. O vaxt o, RİA ilə əməkdaşlıq edirdi. Qəflətən Vanya güldü. Mən hisslərimə və şüuruma nə qədər sahib olmağa çalışsam da, onu təcübləndirə bilmişdim.
Azərbaycan-Rusiya matçının keçiriləcəyi “Baksell Arena” hər gün “ən gözəl yuyulub-sərilmiş paltar müsabiqəsi” keçirən panel evlərin əhatəsində yerləşir. Burada matç olmadıqda stadion karvansara həyətinin ortasında bitmiş göbələyə bənzəyir. Amma arenanın özü pis deyil. Görünüş əladır – oyunu ovcunun içərisindəki kimi görürsən, hər şey yanında və yaxındır. Aydındır ki, nələrsə işləmir, daxili otaqlar top-matçların hay-küyünə güclə tab gətirir.
Fabio Kapello isə çox sakit idi və bu, öz sözünü deyəcək. Yerli azarkeşləri öz yığmalarından daha çox maraqlandıran Aleksandr Səmədovun qolundan sonrakı 1:1 hesablı heç-heçə ilə Rusiya yığması Dünya Çempionatına gedirdi. Hamı rahatlaşmışdı. Fabio bu mərhələdə komandasını Toskana kəndlisi birqollu kotanı itələdiyi kimi, əziyyətlə irəli aparmışdı.
Hər şey yaxşı qurtardı. “Üçüncü hissə” bir az qəliz oldu. Hamı çıxıb getdi, arena tezliklə Bakı qaranlığına qərq oldu. Beşmərtəbəli binalar Qoqolun “Axşamlar”ındakı zalım kötüklər kimi, narıncı işıqlarla göz vurmağa başladı. “Badımcan”lar bura gəlmir, ancaq şüşələri qaraldılmış “Jiquli 06”larla getmək mümkündür. Mən də onlardan birinə oturdum. Lakin o anda həmin maşında bu qədər vaxt keçirəcəyimi təsəvvür edə bilməzdim …
“ASK Arena”, Bakı
Mən buranı “Şəfa” stadionu kimi tanıyırdım. Dəhşətli dərəcədə isti bir gündə biz Vlasta Petrjela ilə birlikdə həmin stadionda 2007-ci il üçün heç də son nəsil sayılmayan rezin örtüyün ətrini udurduq. Yenə də tanışlıq məqsədilə “Olimpik”lə “Gənclər Birliyi”nin matçını izləyirdik. Hətta məşqçi də artıq “ərimişdi” – onun tərləməkdən zəhləsi gedirdi, Bakıda isə yayda qaranlıq düşənə kimi ancaq tərləmək mümkündür. Bəlkə də bu, yeganə oyun idi ki, onun gedişində mən Petrjeladan bir dənə də olsun dəqiq şərh eşitmədim. “Şəfa” ayrı-ayrı tribunalardan ibarət olan, tələsik yaradılmış kvadrat arena kimi yadımda qalıb. Onun nəhəng, parlaq qara şüşədən girişi var idi.
Yaxşı ki, hər şey yadımda qalıb. Altı il sonra mən “Baksel Arena”dan əlimdə dərman paketini sıxaraq ayrılacaqdım. Rusiya yığmasının həkimləri mətbuat katibi İlya Kazakov vasitəsilə İqor Rabinerə dərman göndərmişdilər. “Sport Ekspress”in aparıcı icmalçısı Yuri Pavloviç Syominin işgəncələrinə tab gətirə bilməmişdi. Syomin 2013-cü ildə “Qəbələ”ni çalışdırırdı və doğma yurdu üçün elə darıxırdı ki, onun işlədiyi uzaq rayona müsahibə üçün gələn jurnalistləri yanından buraxmaq istəmirdi. “Yuri Palıç, bu cənnətdə yaşamağa sizə nə mane olur?”, - deyə Rabinerlə Dziçkovski ondan soruşmuşdular. “Yeməkləri çooox yağlıdır!”, - deyə Syomin yazıq-yazıq cavab vermişdi…
Yəqin bu üzdən idi ki, Qız qalası və “Şyort poberi” səhnəsinin çəkildiyi yerin yaxıqlığındakı gəzinti zamanı İqorun rəngi qəflətən göyərmişdi, biz artıq onu otelə aparmaq üçün taksi axtarırdıq. Sən demə, o da bizim Petrjela ilə 2007-ci ildə “Neftçi” ilə müqavilə bağladığımız oteldə qalırmış. Otelin adını eşidən “06” sürücüsü çaşıb-qalmışdı. Əlbəttə çaşacaqdı, axı o, yerli deyildi. “Sür “Tofiq Bəhramov” tərəfə, oradan özümüz taparıq” dedim. “Hə?” deyə taksi sürücüsü elə sifət aldı ki, sanki stadion hələ qonaq qəbul etməyə hazır deyildi. “Stadionu, sizin ən böyük stadionunuzu deyirəm!”. Nəhayət o, başını yellədi və əminliklə qaza basdı. Biz axşamtərəfi başlamış leysan yağışın altında yola düşdük.
Mənim vizual yaddaşım yaxşıdır, xüsusilə stadionları yaxşı xatırlayıram. İyirmi dəqiqədən sonra sürücü “budur stadion” dedikdə mən yağış damcılarının arxasında “Tofiq Bəhramov”a qətiyyən oxşamayan cizgilər gördüm. Bu, aeroporta aparan yol idi. Sağ tərəfdə isə “Şəfa”nın əsas girişi parlayırdı. Görünür bu giriş altı ildir yuxumdan çıxmırmış. Nə yaxşı ki, maşından tez düşmədim – məni yağış yuyub bu rezin döşəməli arenanın su axarına aparacaqdı, Rabiner isə yardım gələnədək dözə bilməyəcəkdi…
Bir-iki xoş sözdən sonra sürücü nəinki “Tofiq Bəhramov”u xatırladı, hətta xahiş etdi ki, səhər hava limanına getmək üçün yenidən onu çağırım: “Ən aşağı qiymətə apararam sizi”.
İyirmi dəqiqə sonra mən İqora onu xilas edəcək dərman paketini təqdim edirdim. O, Bakı stadionlarının “üçbucağ”ında sağ qala bilmişdi, çünki mən sağ qalmışdım…
2019-cu ildə Bakıda Avropa Liqası finalının keçirildiyi yeni arenada mən olmamışam. Lakin Ülvi Mehdi hələ “Çelsi”-“Arsenal” görüşündən əvvəl hər şeyi danışmışdı. Üstəlik, Vasili Utkinin aqressiv köklənməsindən də söz açmışdı: “Vasili Bakıda KVN-dən olan dostlarının qonağı ikən quzu kababı qoxan bu “kababdirovka” onun çox xoşuna gəlmişdi. İndi isə görünür ona Yerevanda maraq artıb və artıq Utkinə donuz əti qoxan “kababdirovka”lar daha xoşdur. İnsafən, ermənilər bu işi bacarırlar!”…
İvan Jidkov,
Sports Daily, Rusiya
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar