Xəbər lenti


 
Parlament tarixinin qədim keçmişi var. Antik Romada fəaliyyət göstərən Senatı müasir parlamentlərin rüşeymi kimi qəbul etsək, bu tarix minillərlə ölçülər. Müasir mənada parlament tarixi isə 930-cu ildə yaradılan İslandiya Altinqdən başlayır. Hardan baxsaq, parlamentlərin min ildən daha qədim tarixi var. Yəqin çoxumuzun ağlına gəlməz ki, yaşı minillərlə ölçülən parlamentlər tarixinə indidən iz salmış insanlardan biri də hazırda Azərbaycan Milli Məclisinə rəhbərlik edən Sahibə xanım Qafarovadır. Hər halda bu faktı üzə çıxaran biz yox, Fransanın “Billet de France” qəzetinin müəllifi Kler Löqrandır. Müəllif Sahibə Qafarova - Azərbaycan parlamentinin qadın spikeri sərlövhəli yazısında öz qeyri-adi kəşfini belə ifadə edir: 

“2020-ci il martın 10-da Azərbaycan parlamentinin yeni sədri seçilmiş Sahibə Qafarova tarixə dünyada 58-ci qadın spiker kimi düşüb. Bu hadisə ölkənin demokratiya yolunda növbəti irəli addımı sayıla bilər”.



Zənnimizcə, bir çoxlarımız kimi, Sahibə xanımın dünya parlamentlər tarixinə indidən düşən nadir şəxsiyyət ünvanı qazandığından heç özünün də xəbəri yoxdur. Biz də bu informasiyasızlığımızı nəzərə alaraq, haqqında bəhs etdiyimiz məqaləni dəyərli oxucuların nəzərinə çatdırırıq. Oxuyaq, görək, müəllif daha sonra nələri təsbit edib.
 
Azərbaycanda bir neçə həftə əvvəl təşkil edilmiş parlament seçkisi beynəlxalq müşahidəçilər tərəfindən demokratiyanın ümumi tələblərinə cavab verən seçki kimi qiymətləndirilib. Bu, Bakının böyük Qərb dövlətlərilə əlaqələrinin əhəmiyyətli dərəcədə inkişafına yol açır.

Çətin siyasi kontekstə uğurlu parlament seçkisi

Azərbaycanda baş nazir Novruz Məmmədovun 2019-cu ilin noyabrında gözlənilmədən istefaya getməsinin ardından, ölkədə aparılan islahatların tempinə daha yaxşı uyum saxlaması üçün yeni parlamentə ehtiyac yaranmışdı. Nəticədə deputatlar parlamentin buraxılmasına səs vermiş və bununla da növbədənkənar seçki zərurəti yaranmışdı. Normalda ölkədə parlament seçkisi 2020-ci ilin noyabrında təşkil edilməli idisə, indi, seçki fevralın 9-na təyin olunmuşdu.
 
Seçki ilə bağlı bəzi rəqəmlər onun nə qədər vacib siyasi hadisə olduğunu ortaya qoyur. Məsələn, ölkə üzrə 5500-dən çox seçki məntəqəsində 6 milyona yaxın seçici qeydə alınmışdı. Parlamentə düşmə uğrunda 1315 namizəd (onların 20%-dən çoxu qadınlar idi) mübarizə aparırdı. Seçki prosesini 60 beynəlxalq təşkilatdan və 58 ölkədən 900 beynəlxalq və 80 min yerli müşahidəçi izləyib. Üstəlik, seçki məntəqələridə mümkün pozuntuların aşkar edilməsi üçün müşahidə kameraları da quraşdırılmışdı.


 
Respublikaçılar Partiyasından olan fransalı deputat, uzun illərdir Azərbaycandakı siyasi prosesləri müşahidə edən Yan-Lük Reitzer son seçki haqda bunları demişdi: “Hər şey çox yaxşı təşkil olunmuşdu. Bütün namizəd siyahılarına baxdıq, qaydalarla tanış olduq, prosesin gedişini izlədik. Seçkinin təşkilinə çox sayda güclü mütəxəssis cəlb olunmuşdu. Seçicilərin səsvermə kabinəsinə keçərək öz iradələrinə uyğun seçim etmələri üçün hər şərait qurulmuşdu”. 
 
Fransalı parlamentarinin sözlərinə görə, irəliləyişlərə hələ də ehtiyac var, lakin ümumilikdə Azərbaycanda demokratiyanın vəziyyətilə bağlı nikbinliyə əsas var. 
 
Əsl demokratik proses yaratmaq üçün Fransaya 200 il lazım olub. Düşünürəm ki, ölkənin buy olla tədricən irəliləməsi tamamilə normaldır. Mən Azərbaycanda seçkini hələ 25 il əvvəl müşahidə etmişdim. Bu gün ölkə bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olub”, - deyə o, qeyd edib.
 
Seçkinin nəticəsi də mübahisə doğurmayıb. Hakim Yeni Azərbaycan Partiyası Milli Məclisdəki 125 yerdən 72-ni qazanıb. Cəmi 3 mantat əldə etmiş Vətəndaş Həmrəyliyi Pariyası ikinci olub. Bununla da, xalqın hökumətin siyasətinə böyük dəstəyi və etimadı özünü bir daha göstərib.

 


Həqiqətən də, son illərdə prezident İlham Əliyev bu Cənubi Qafqaz ölkəsini böyük iddiaları olan sabit iqtisadi gücə çevirmək üçün çalışıb. Böyük karbohidrogen ehtiyatlarına malik Azərbaycanda hökumət bu resurslardan geniş sosial siyasətin reallaşdırılması üçün istifadə edib. Bu gün ölkədə inkişaf istiqamətləri də şaxələndirilməkdədir.
 
Parlamentin yeni qadın sədri
 
Növbədənkənar parlament seçkisindən sonra Azərbaycan Milli Məclisi Sahibə Qafarovanın timsalında yeni sədrinə qovuşub. Yeni spikerin qadın olması cəmiyyətdə intellektual və siyasi dairələrdə qadınlara verilən əhəmiyyətin göstəricisidir. Bu, Qafqaz və Orta Asiya ölkələri üçün avanqard nümunədir.
 
S.Qafarova karyerasına universitetdən başlayıb. Rus dili və ədəbiyyatı, habelə ingilis dili sahəsində geniş araşdırmalardan sonra 2004-cü ildə elmlər doktoru elmi dərəcəsi alıb. 40 ildən çoxdur müəllim olan S.Qafarova Bakı Slavyan Universitetində, həmçinin ABŞ-ın Miçiqan ştatındakı Prinston Universitetində dəsr deyir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifi olan S.Qafarova siyasətə 2004-cü ildə Yeni Azərbaycan Partiyasına üzv olmaqla qədəm qoyub. 2010-cu ildə o, ilk dəfə deputat seçilib. Bu illər ərzində o, istər təhsil sahəsindəki karyerası, istərsə də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olması sayəsində geniş beynəlxalq əlaqələr qura bilib. Qafarova AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komissiyasının sədri də olub. O, ölkəsində olduğu kimi, qadınlarla kişilər arasında bərabərliyi təbliğ edən beynəlxalq təşkilatlarda da fəal rol oynayıb.


 
S.Qafarova “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici olub. AŞPA-nın bərabərlik və qeyri-diskriminasiya üzrə komitəsinin məruzəçisi kimi, qurumun “Qadınlara münasibətdə zorakılığa qarşı mübarizənin ən yaxşı təcrübələrinin tətbiqinə” dair 2084 saylı qətnaməsini məhz o hazırlayıb. Qadın hüquqlarının hər bir ölkənin demokratikləşməsinin əsas əlaməti olduğunu əminliklə qeyd edən S.Qafarova ötən il Parisdə Fransa Milli Assambleyasında təşkil edilmiş simpoziumdakı çıxışında demişdi: “Həqiqətən əminəm ki, qadın hüquqlarının inkişafı ölkədə demokratiyanın səviyyəsinin ən yaxşı göstəricisidir. Keçmiş sovet ölkələrində bu, ciddi məsələdir”.
 
Yeri gəlmişkən, bu məsələdə Azərbaycan bəzi Qərbi Avropa ölkələrindən belə, öndədir. Azərbaycanda qadınlara səsvermə hüququ hələ 1919-cu ildə, yəni Fransadan təxminən 30 il əvvəl verilib. O, qadınların səsvermə hüququnu tanımış ilk müsəlman ölkəsidir. Həmin il ölkə parlamentinə cəmi 1 qadın seçilmişdisə, 100 il sonra xanımlar Azərbaycanın siyasi səhnəsində mühüm vəzifələr tutur. Bu gün onlar ölkənin beynəlxalq münasibətlərində xüsusi rol oynayır.
 


Bu gün Azərbaycan regionda mövqeyini möhkəmləndirməklə kifayətlənmir, beynəlxalq səviyyəsində də ciddi aktora çevrilmək istəyir. Bunu Milli Məclisin yeni spikeri S.Qafarova da təsdiqləyir: “Azərbaycan sabit ölkədir. Biz xarici siyasətdə beynəlxalq hüquq normalarını ciddi əməl edirik. Bu, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş olmasına imkan verir”.
Misal olaraq 2019-cu ildə Azərbaycanın beynəlxalq və ya ikitərəfli görüşlər çərçivəsində 40-dan çox ölkə və hökumət başçısını qəbul etdiyini göstərmək olar. Bu, Avropa ilə Asiyanın kəsişməsində yerləşən bu Qafqaz ölkəsinin beynəlxalq nüfuzunun göstəricisidir.


Ana səhifəyə qayıt        Baxış: 4 008          Tarix: 24-04-2020, 18:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma