Xəbər lenti
 
 
 
Azərbaycan da daxil olmaqla, bəzi ölkələrin təcrübəsindən yararlanaraq, insanların ömrünün uzadılmasına töhfə vermək olar
 
Ovqat.com xəbər verir ki, bu iddianı İsrailin ünlü “THE JERUSALEM POST” qəzeti irəli sürür.
 
Qəzetin müəllifi Diana Kohen Altmanın “İsraillə Azərbaycan uzunömürlülüyün sirrini bilir?” sərlövhəli məqaləsini  təqdim edirik.
 

 
 
Hər gün axşam xəbərlərində koronavirusun pandemiyası nəticəsində ölüm hallarının artdığını eşidirik. Yaxın keçmişdən fərqli olaraq, sanki bu gün insan həyatı daha kövrək və qısadır.
 
İsrail və Azərbaycan alimləri bu gün uzunömürlülüyün sirrini öyrənən araşdırmaçılar arasında yer alırlar. Azərbaycan Avrasiyaya aid Qafqaz regionunda, dağların, meşələrin əhatəsində yerləşir. Bu ölkədə yaşı 90-dan çox olan uzunömürlü insanların yaşadığı haqda sənədli filmlərə çox tez-tez rast gəlinir. Alimlər illərdir ki, buradakı uzunömürlülüyün sirrini açmağa çalışırlar.
 
Keçmişdə Azərbaycanda 120 ildən çox yaşayan insanların olduğuna dair də əfsanələr dolaşır. Lerik şəhərində uzunömürlü insanların şərəfinə muzey belə, yaradılıb.  


 
1970-ci illərdən Azərbaycanda orta ömür uzunluğu 71 yaşdı. Bu, dünyadakı orta göstəriciyə uyğundur. Ölkənin ucqar bölgələrində yaşayan insanlar isə sanki bu göstəriciyə meydan oxuyur.
 
Bəs Azərbaycanda uzunömürlülüyün sirri nədir?
 
Uzunömürlülər klasteri
 
İstər Azərbaycanda, istər başqa ölkələrdə uzunömürlü insanlar sanki pərakəndə deyil, bir yerdə, qrup halında yaşayır. Səbəb nədir? Əlbəttə ki, bu məsələdə genlər, ailənin tarixi mühüm rol oynayır. Bu işdə tibbi biliklərin, ailə modellərinin də rolu var. Bütün bunlar birlikdə insanların uzunömürlü olmasına öz töhfəsini verir. 


Şəkildə: Lerik sakini Məmmədxan Abbasov (103 yaş)
 
Yeri gəlmişkən, artıq daha çox alim gen terapiyası ilə qocalmanın qarşısının alınmasının mümkünlüyündən bəhs etməyə başlayıb. Doğrudur, bu, beynəlxalq tibb ictimaiyyətinin ənənəvi düşüncəsilə ziddiyət təşkil edir. Onlar uzunömürlülüyə əngəl yaradan risk amillərinə daha çox diqqət ayırır. Odur ki, Azərbaycan da daxil olmaqla, bəzi ölkələrin təcrübəsindən yararlanaraq, insanların ömrünün uzadılmasına töhfə vermək olar.
 
Gen
 
Nyu-Yorkda fəaliyyət göstərən Albert Eynşteyn Tibb Kollecində çalışan Nir Barzilay uzunömürlüyü tədqiq edən aparıcı araşdırmaçılardandır. Doğrudur, o, Azərbaycan təcrübəsini öyrənməyib. Lakin uzunömürlülər klasterləri haqda danışarkən yəhudi aşkenazilər üzərində uzun zamandır apardığı şəxsi tədqiqatlara əsaslanır.


ŞəkildəHəlimə Qəmbərova (95 yaş)

 
İsraildə anadan olmuş Barzilay qocalma problemlərini araşdıran İnstitutun təsisatçı-direktorudur. Üstəlik, o, eyni məsələni araşdıran Amerika Federasiyasında elmi rəhbərdir. Xanım Barzilay uzunömürlüklə əlaqəli gen şəbəkəsini müəyyən edib. Bu şəbəkəyə xolesterin efir ötürücü gen zülalı (CETP) da daxildir. CETP-nin bir növü yaddaşın daha ləng zəifləməsinə kömək edir. Bu növ eyni zamanda, insanı ürək xəstəliklərindən ciddi şəkildə müdafiə edir, ağıl zəifliyi xəstəliyinə tutulma riskini azaldır. Xolesterin efir ötürücü gen zülallarının yaranması, yüksək sıxlığa malik lipoproteinlərin (HDL) mövcudluğuna bağlıdır. Beləliklə, alimlər və “Merck” kimi dərman istehsal edən şirkətlər CETP və digər aşkarlanmış şəbəkələri qocalma ilə əlaqədar xəstəliklərin qarşısının alınması vasitəsi kimi nəzərdən keçirirlər.
 
Nir Barzilayın sırf yəhudi aşkenazilər üzərindəki araşdırmaları ümumi gen elementlərinin aşkara çıxması ilə nəticələnib. Bu araşdırma Barzilay və digər alimlərə qocalma ilə bağlı xəstəlikləri mitoxondriyaya əsaslanan müalicə üsulları ilə sağaltmaq imkanı yaradıb.
 
Həyat tərzi
 
Həm alimlər, həm də adi insanlar bu məsələdə həyat tərzinin mühüm əhəmiyyət kəsb etdiyini düşünürlər. Deyilənə görə, gündəlik yürüş edən, xəbərləri daha az izləyən, ümumiyyətlə, sağlam yaşam tərzinə diqqət edən, bütün bunları vərdiş halına gətirən insanlar daha uzunömürlü olur.
 
 
Şəkildə: Şirəli Müslümov (169 il ömür sürdüyü iddia olunur)

Yeri gəlmişkən, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri, cərrahlıq sahəsində 40 ildən çox təcrübəsi olan Anatoliy Rafailov Azərbaycanın bəzi bölgələrində uzunömürlülərin çoxluğunu iki amillə izah edir: “Birincisi, həmin regiondakı insanlar gündəlik qidalarında zirincdən geniş istifadə edir. Zirincin antioksidant, antiiltihab və digər şəfaverici xüsusiyyətlərə malik olduğu qədim zamanlardan bəllidir. İkincisi, həmin insanlar fiziki cəhətdən çox fəaldırlar. Onlar gündə təxminən 18-20 kilometr gəzir. Hərəkət isə həyatdır”.
 
Azərbaycanlıların əksəriyyəti ekoloji təmiz məhsullarla qidalanır, pəhriz saxlayır. Onlar sərt müzakirələrin aparılmamasını da uzunömürlük üçün vacib məqam sayırlar. Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti, “Kulina” jurnalının baş redaktoru Tahir Əmiraslanov deyir ki, “həmin regionda yaşayan insanlar əkib-becərdikləri məhsullarla qidalanır, təmiz su içir, təmiz hava udur, çoxuşaqlı ailələrdə yaşayırlar. Sağlam həyat tərzi sürən bu şəxslər hər an xeyirxah işlər görməyə çalışırlar”.


 
Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Həşimova isə deyir ki, onun rəhbərlik etdiyi qurum bir neçə ildir uzunömürlülüklə bağlı araşdırmalar aparır və bu, institut üçün prioritetdir. Həşimovanın sözlərinə görə, onlar bu işdə artıq uğurlar əldə edib.
 
Fiziologiya İnstitutu genelogiya, ekologiya, nevrologiya, biokimya və digər sahələri tədqiq etməklə, uzunömürlülüklə bağlı hərtərəfli araşdırmalar aparır. Araşdırmaların əksəriyyəti əsasən rus dilinə tərcümə olunub. Həmin araşdırmaların Qərbdə çox tanınmasının əsas səbəbi budur.
 
Pandemiyadan gələcəyə
 
Azərbaycan dünya ilə humanitar və digər sahələrdə mühüm əməkdaşlıq əlaqələrə malikdir. Artıq Qərbdə də Azərbaycan mədəniyyəti və onun töhfələri daha yaxşı anlaşılmaqdadır. Odur ki, ABŞ-ın elm ictimaiyyəti uzunömürlülüklə bağlı araşdırmalarda irəliləyişə nail olmaq üçün Azərbaycana və İsrailə müraciət edə bilər. Bu iki ölkə istər texniki, istərsə də bir çox digər sahələrdə əməkdaşlıq edir.


 
Azərbaycan cəmiyyətində son yüz ildə baş vermiş ciddi dəyişiklikləri nəzərə alsaq, bu ölkədəki uzunömürlülük sosioloqlar üçün xüsusi maraq kəsb edə bilər. Təsəvvür edin, yaşı 100-dən yuxarı olan şəxs həm Rusiya imperiyasında, həm Azərbaycan Xalq Cümhuriyyətində, həm SSRİ-də yaşayıb, indisə müasir dövrə şahidlik edir.
 
Beliliklə, cəmiyyətlərdə müxtəlifliyin artdığı dövrdə biz ümumi xüsusiyyətlərə malik icmalardan, ailələrdən çox şey öyrənə, nəticədə ömrümüzü uzadacaq müalicə üsulları aşkar edə bilərik. Belə araşdırmalarda uğurlar əldə edildikcə, həyat tərzimizdə dəyişiklik edə biləcəyik. Çünki bu dəyişikliklər uzunömürlülük üçün vacib amil kimi təsdiqlənir.
 


Ana səhifəyə qayıt        Baxış: 4 242          Tarix: 7-06-2020, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma