Azərbaycan tarixi addım atıb. Əhalisinin əksəriyyəti şiə müsəlmanı olan bu ölkənin naziri Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) konfransında çıxış edib.
Ovqat.com xəbər verir ki, İsrailin ünlü mətbu orqanlarından olan “THE JERUSALEM POST”-un Azərbaycana həsr olunmuş bugünkü baş məqaləsi bu cümlələrlə başlayır.
“İlk şiə ölkə: Azərbaycanın AIPAC konfransında çıxışı” sərlövhəli məqaləsində müəllif Bencamin Vayntal daha sonra yazır:
“Bununla da Azərbaycan hər il təşkil olunan konfransda nazir səviyyəsində təmsil olunan ilk belə ölkə kimi tarixə düşüb. Maliyyə naziri Samir Şərifov tədbirə Cənubi Qafqazda yerləşən ölkəsinin İsrail-ABŞ münasibətlərinin inkişafına töhfə verməsi üçün qatılıb.
Nazir çıxışında bildirib ki, ölkəsinin İsraillə əlaqələri neft alqı-satqısı ilə məhdudlaşmır. “Biz müdafiə sahəsində, həmçinin texnologiyaların mübadiləsində əməkdaşlığımızı genişləndirməkdə maraqlıyıq”, - deyə o, qeyd edib. S.Şərifov bildirib ki, İsrail onun ölkəsinə ehtiyac duyduqları silahları tədarük edən, ümumiyyətlə, Azərbaycanın silahlanmasına dəstək verən azsaylı ölkələrdəndir.
Şərifov Azərbaycanın birinci-vitse prezidenti Mehriban Əliyevanın tədbir iştirakçılarına ünvanladığı məktubu da oxuyub: “Əslən yəhudi olan, bu gün ABŞ və İsraildə yaşayan keçmiş həmvətənlərimizin Azərbaycanla sıx münasibətləri qoruyub-saxlaması, bu ölkələrlə əlaqələrimizin güclənməsinə töhfə verməsi sevindirici haldır. Onlara minnətdarıq”.
Mehriban Əliyeva məktubunda yəhudilərin Azərbaycandakı tarixindən bəhs edib: “Azərbaycan İkinci Dünya müharibəsi zamanı nasist zülmündən qaçıb canını qurtarmağa çalışan minlərlə yəhudiyə qucaq açmış, onların ikinci vətəninə çevrilmişdi”.
Yəhudilər Azərbaycanda 2600 ildir yaşayır. Hazırda bu Cənubi Qafqaz ölkəsində 30 min yəhudi var.
“Yəhudi icması 1918-1920-ci illərdə müsəlman aləmində ilk parlamentli demokratik respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin inkişafına böyük töhfə verib”, - deyə Azərbaycanın birinci-vitse prezidentinin məktubunda qeyd olunur.
S.Şərifov daha sonra ölkəsi haqda danışıb, müstəqilliyini 1991-ci ildə qazanmış Azərbaycanın 10 milyon əhalisi olduğunu söyləyib. Onun sözlərinə görə, ərəb ölkələri və İsraillə açıq siyasət Bakının xarici siyasətinin ayrılmaz hissəsidir: “Azərbaycan ərəb ölkələrinin İsraillə münasibətlərdəki son tendensiyalar mühüm yer tutur”.
Bu arada, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “The Jerusalem Post” nəşrinə bildirib ki, azərbaycanlı nazirin yəhudi icmasına müraciəti mühüm əhəmiyyət kəsb edir: “Bu, bizim yəhudi xalqı ilə əlaqələrimizin miqyasını nümayiş etdirir”. Səfir hesab edir ki, bu əlaqələri (Amerika-İsrail İctimai Əlaqələr Komitəsi və İsraillə) gizlətməyə ehtiyac yoxdur: “Ölkəmizin hər kəslə əlaqəsi hər zaman şəffaf və müsbətdir. O, qarşılıqlı maraqlara əsaslanır. Bizim kimlərləsə əlaqələrimiz heç zaman hansısa dövlətə qarşı olmayıb”.
Türkiyə-İsrail əlaqələrinə də toxunan diplomat hesab edir ki, bu iki dövlətin bir-birinə ehtiyacı var.
Yeri gəlmişkən, Azərbaycan İran, Rusiya və Türkiyə ilə həmsərhəddir. Bu gün İsraillə Türkiyə arasında əlaqələr heç də yaxşı deyil. Digər tərəfdən, İran rejimi İsrailin təhlükəsizliyinə ən böyük təhdid hesab edilir. E.Süleymanov deyir ki, ölkəsinin İsraillə nümunəvi əlaqələri ərəb ölkələrilə İsrail arasında “buzları əridir”.
Azərbaycanlı səfir hər hansı cəmiyyətin qiymətləndirilməsi üçün isə iki məqamın əhəmiyyətli olduğunu düşünür: “Birincisi, radikalizm antisemitizmdən başlayır. Çünki bu gün yəhudilərə qarşı mənfi münasibət bəsləyənlər sonra başqalarına da eyni münasibət göstərəcək. Azərbaycan isə tarix boyu antisemitizmin olmamadığı ölkədir və bununla qürur duyur. İkincisi, qadının cəmiyyətdəki rolu və ona münasibətdir. Azərbaycanda qadınların səsvermə hüququ 1918-ci ildə, yəni, ABŞ-dan da əvvəl tanınıb”.
Bəs Türkiyə ilə İran azərbaycanlı nazirin Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin konfransında iştirakına necə yanaşacaq? Səfir bu sualı belə cavablandırıb: “Biz hər şeyi açıq şəkildə həyata keçiririk. Odur ki, mənfi reaksiya olmalı deyil. Azərbaycanın xarici siyasəti heç bir dövlətə qarşı yönəlməyib. Bizim Türkiyə ilə güclü, qardaş münasibətlərimiz var. İran isə bizim qonşumuzdur”.
Bu arada, Amerika-İsrail İctimai Əlaqələr Komitəsi azərbaycanlı nazirin konfransda iştirakına “Twitter” vasitəsilə münasibət bildirib. İsrailin Azərbaycandakı səfiri Corc Dik sosial şəbəkədə yazıb: “İsraillə Azərbaycan arasındakı dostluq əlaqələri daha da güclənir, dərinləşir və açıq xarakter alır. Ölkələrimiz arasındakı strateji əlaqələrdə qarşılıqlı bağlılığın olduğunu nümayiş etdirdiyinə maliyyə naziri Samir Şərifova təşəkkürümü bildirirəm”.
Bununla bağlı Amerika-İsrail İctimai Əlaqələr Komitəsi də “Twitter”də paylaşım edib: “Biz AIPAC 2020 konfransında bu gün çıxış edəcək Azərbaycanın maliyyə naziri Samir Şərifovu salamlamağa şadıq. Əhalisinin əksəriyyəti şiə müsəlmanı olan Azərbaycanın ABŞ və İsraillə sıx əlaqələri var”.
Azərbaycan və Xəzər regionu üzrə beynəlxalq ekspert Brenda Şaffer nəşrimizə bildirib ki, Bakının İsraillə açıq əlaqələri, Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin konfransında azərbaycanlı nazirin iştirakı əslində, bir qapı açır. Onun fikrincə, bu, İsrailin digər müsəlman ölkələrilə əlaqələri yaxşılaşdırmasına yardım edə bilər.
Hayfa Universitetinin Dəniz Siyasəti və Strategiyası Araşdırmalar Mərkəzinin böyük elmi işçisi Avinoam İdan da “The Jerusalem Post”a deyib ki, konfransda azərbaycanlı nazirin iştirakı mühüm əhəmiyyət kəsb edir: “Bununla onlar Azərbaycan xalqı ilə yəhudi xalqı, İsrail arasındakı münasibətlərin səviyyəsini nümayiş etdirirlər”. A.İdan İran və Rusiya ilə həmsərhəd olan Azərbaycanın mürəkkəb məkanda yerləşdiyini də xatırladıb. Onun sözlərinə görə, nazirin konfransda iştirakı azərbaycanlıların iki ölkə arasındakı xüsusi əlaqələri gizlətmədiyinin göstəricisidir: “Onlar risk edirlər. Qonşularının təzyiqi altında olan Azərbaycan bunun əvəzini ödəməyə də hazırdır. Əminəm ki, onlar bu haqda çox düşünüblər. Bunun Azərbaycan prezidentinin qərarı olduğuna əminəm”.
Paylaş: