Xəbər lenti
Dünən, 19:25


“Müharibə sənəti düşməni onunla vuruşmadan məğlub etməkdir” - Sun Dzı

Düşmən aktorlar hədəf alınan aktorun həyata keçirəcəyi tədbirlərə və alacağı qərarlara təsir etmək üçün informasiyadan çaşdırmaq və yanlış istiqamətləndirmək məqsədilə istifadə edirlər. Bu, adətən, maraqları üst-üstə düşməyən iki tərəf arasında baş tutur. Bəzən informasiya müharibəsi yumşaq güc termini ilə də əlaqələndirilir. Buna propaqanda, sosial və mədəni əlaqələrdən istifadə yolu ilə manipulyasiya, hiylələr və s. daxildir. Bəs informasiya müharibəsinə necə adekvat cavab vermək olar? Bunun üçün hansı mərhələləri nəzərdən keçirmək lazımdır?

1. Müəyyən etmə: İnformasiya müharibəsi və təsir əməliyyatlarında əhəmiyyətli, lakin kifayət olmayan ilkin şərt düşmənin bunu həyata keçirdiyini müəyyən etməkdir. Düşmən kinetik silahlardan istifadə edəndə hücum, onun törətdiyi dağıntı və nəticələri göz qabağında olduğu üçün müəyyən edilməsi asandır. Lakin kompüterlər daxilində baş verənlər çılpaq gözlə müşahidə edilə bilmir, hətta müşahidə edilsə belə onun kiber hücum, yoxsa hansısa istifadəçinin səhvindən ortaya çıxan xəta olduğunu bilmək mümkün deyil. Digər tərəfdən informasiya müharibəsi hücumlarını yalnız o zaman müəyyən etmək olur ki, o, nəticələrinin ortaya çıxması niyyəti ilə edilsin. Əgər hansısa bir məlumatın oğurlanmasına yönəldilibsə, bu heç vaxt ortaya çıxmayacaq və dolayısı ilə heç vaxt müəyyən edilməyəcək.

İnformasiya hücumunda hansı xarici əlin olduğunu tapmaq ona adekvat cavab verməyin əsas şərtlərindən biridir. Bunu tapmaq üçün bəzən “bu hücumun nəticələri kimin marağına xidmət edə bilər?” sualı kifayət edir. İkinci olaraq, informasiya müharibəsində istifadə edilən silahları müəyyənləşdirib kateqoriyalara ayırmaq lazımdır. Bu, bir sosial şəbəkə, mesajlaşma tətbiqetməsi, hansısa bir süni zəka, yaxud bunların bir kombinasiyası ola bilər. Bu sahədə kəşfiyyat agentlikləri arasında əməkdaşlığa nail olmaq lazımdır. Onlar subyektiv fikirlərini bir kənara buraxmalı və mümkün qədər obyektiv şəkildə hücumun ölkənin hansı maraqlarına zərər vermək üçün təşkil edildiyini müəyyən etməyə çalışmalıdır.

2. Müdafiə: İnformasiya hücumlarında müdafiəni həyata keçirmək üçün bircə faktı bilmək kifayətdir: Son on ildə informasiyanın həcmi və sürəti bənzəri görülməmiş şəkildə dəyişsə də, insan beyninin işləmə mexanizmi min illərdir ki, eynidir. Bu, o deməkdir ki, bu hücumu həyata keçirən insanların da koqnitiv məhdudiyyətləri var və ağılları hücumdan müdafiə olunmaq istəyən insanlarla eyni mexanizmdə işləyir. Qərar vermək lazımdır ki, məqsəd informasiya hücumlarına müqavimət göstərməkdir, yoxsa onları məhv etmək, yaxud silahı hücumçuya tərəf çevirmək.

3. İnsanlara yardım etmək: Daniel Kahnemanın “Sürətli və yavaş düşünmə” kitabında insanların hansı mexanizmlə hadisələri mühakimə etdiyi qeyd edilib. Burada bildirilir ki, insanlar analiz zamanı bir çox emosional və koqnitiv qərəz/həssaslıqla çıxış edirlər və bu da onların rasional düşünməsinin qarşısını alır. Bu həssaslıqlar informasiya hücumları ilə mübarizədə insanlara yardım etmək üçün başlanğıc nöqtəsi olmalıdır. Əgər informasiya hücumu insanların əsas düşüncə və inanc sistemi ilə üst-üstə düşən məlumatların yayılmasını ehtiva edirsə, kütlənin ona inanması olduqca asan olur. Yaxud konkret faktlar və statistika ilə sübut olunan məlumat daha inandırıcı görünür, baxmayaraq ki, bu rəqəmlər nə qədər doğrudur. Başqa bir misal versək, eyni informasiyanın təkrar-təkrar qarşıya çıxması onun inandırıcılığını artırır. Bütün bunlar barədə əhalini “oyandırmaq” üçün bəzi hökumətlər təhsil sistemlərində “Media İstehlakı” dərsləri keçirir və gənc yaşdan insanları informasiya hücumlarına qarşı hazırlayır.

4. Hücum əməliyyatlarını zəiflətmək: Burda sosial şəbəkə şirkətləri və xəbər agentliklərinə böyük iş düşür. Bu sahədə istifadə edilən mexanizmlərdən biri “fakt yoxlayıcısı”dır. Məsələn, jurnalistika sahəsində QHT fəaliyyəti göstərən “Poytner” institut belə bir tətbiqetmədən istifadə edərək faktların düzgünlüyünü bu kriteriyalar üzrə yoxlayır:

- Mənbənin şəffaflığı;
- Təşkilat və onun maliyyəlləşdirilməsindəki şəffaflıq;
- Metodologiyadakı şəffaflıq;
- Açıq və düzgün düzəlişlər.


Bənzər bir mexanizmdən “Facebook” sosial şəbəkəsi də istifadə edir. Şirkət əməkdaşları şəbəkədə sürətlə yayılan viral məlumatların düzgünlüyünü “fakt yoxlayıcıları” vasitəsilə dəqiqləşdirir. Etibarlılığı aşağı olan xəbərlər ana səhifələrdə daha az göstərilir. Bundan əlavə, şirkət siyasi kampaniyalarla bağlı da təlimatlar irəli sürüb və onları ciddi nəzarətdə saxlayır.

5. Əks-hücum: Əks hücumla bağlı ən effektiv tədbirlərdən biri cərimələrin tətbiq edilməsidir. Məsələn, ABŞ-da 13757-ci əmr əsasında seçki prosesinə müdaxilə etmək üçün kiber aktlar həyata keçirən aktorlara cərimə tətbiqi nəzərdə tutulub. Əlbəttə, bunun nə qədər tətbiq edilə bilən olduğunu sorğulamaq olar, lakin öz-özlüyündə cərimə çəkindirici xarakter daşıyır.

Digər bir vasitə isə kiber silahların hücumçuya istiqamətləndirilməsidir. Məsələn, 2017-ci il Fransada prezident seçkilərindən əvvəl insanlara Makronun adından saxta seçki kampaniyası e-poçtları göndərilmişdi. Bu akta əks-hücum olaraq hücumu təşkil edən e-poçt ünvanlarına yalan məlumatlarla dolu məktublar çatdırılmışdı.

Sevinc Əliyeva
Ordu.az




Ana səhifəyə qayıt        Baxış: 2 843          Tarix: 14-07-2020, 19:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma