Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Laçın və Kəlbəcər rayonlarında səfərdə olub.
Ovqat.com-un məlumatına görə, təhlükəsizlik şefimiz səfərdə Rusiya sülhməramlılarının komandiri general-leytenant Rüstəm Muradovla da görüşüb.
Görüş barədə müfəssəl məlumat verilməsə də, tərəflərin 10 oktyabrda Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanla imzaladığı niyyət protokolu xarakterli Bəyanatın tələblərinin yerinə yetirilməsini müzakirə etdikləri güman olunur.
İddialara görə, Prezident İlham Əliyevin DTX sədri qarşısında qoyduğu əsas tapşırıq təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə yanaşı, Ermənistanla sərhəd bölgələrinin düzgün müəyyənləşdirilməsinə nəzarət etmək olub.
Bilindiyi kimi, uzun illər erməni işğalı altında olan Laçın və Kəlbəcərdə necə gəldi məskunlaşdırma siyasətinin aparılması bu gün sərhədlərin demarkasiyasında bəzi problemlərin yaşanmasına yol açıb. Xüsusilə Laçın rayonunun Ermənistanla sərhəddində erməni kəndlərinin böyüyərək bizim ərazilərimizə doğru irəliləməsi işğaldan sonra ərazlərin yenidən demarkasiyasında bir sıra mübahisələrə rəvac verib. Azərbaycan sərhədçiləri demarkasiya xəttini GPS cihazlarının köməkliyi ilə müəyyənləşdirdiyi halda, ermənilər öz kustar alətləri ilə ölkəmizdən pay qoparmağa çalışırlar. Əli Nağıyevin səfərinin missiyası isə ermənilərin arzusunu boğazlarında qoymaq olub.
Bildirilir ki, belə mübahisələrdən biri 5-6 dekabr tarixlərində baş verib. Ermənistanın Syunik (Zəngəzur) əyalətinin Aravus kəndinin rəhbəri Argam Hovsepyanın etirafına görə, Azərbaycan əsgərləri GPS cihazının köməyi ilə sərhədləri dəqiqləşdirdikdən sonra erməni silahlılarını öz mövqelərindən qovublar. Ermənilərin mövqelərindən 800 metr uzaqlaşdırıldığını deyən Hovsepyan onu da əlavə edib ki, bu geri çəkilmə Azərbaycan sərhədçilərinin postlarını Aravus kəndinin tam yaxınlığında qurması anlamına gəlir.
Argam Hovsepyanın bir qaşıq suda fırtına qoparmaq cəhdi İrəvanda böyük həyəcana səbəb olub və bir çox erməni millətçiləri əsgərlərimizin onlara aid torpaqları da ələ keçirdiklərini irəli sürüblər. Yaranan bu narahatlığa daha sonra Syunik qubernatorunun müavini Narek Babayan aydınlıq gətirərək bildirib ki, Azərbaycan əsgərləri bir qarış da olsun erməni torpağını nəzarət altına almayıb.
“Dekabrın 6-da korpus komandiri ilə birlikdə Azərbaycan tərəfi ilə görüşdüm və demarkasiya xəttini müzakirə etdim. Biz Laçının inzibati ərazisindən qismən geri çəkildik. Amma Syunik inzibati ərazisindən və Ermənistanın dövlət sərhədindən bir metr belə güzəştə getmədik”,-Babayan erməni mətbuatına verdiyi açıqlamasında belə deyib.
O, bir daha təkrarlayıb ki, Aravus özünümüdafiə dəstəsi Laçın inzibati ərazisindən Ermənistan Respublikasının sərhədinə doğru geri çəkilib.
Məlumatlarda erməni nümayəndə heyətinin konkret kiminlə görüşdüyü barədə məlumat verilmir. Sözsüz ki, elə kiçik rütbəli şəxslərlə general-polkovnikin görüşməsini gözləmək də mümkün deyil. Ehtimallara görə, erməni nümayəndə heyəti ilə görüşən Azərbaycan tərəfini təlimatlandıran və qəti mövqe ortaya qoyub düşməni öz sərhədlərinə doğru çəkilməyə məcbur edən general-polkovnik Əli Nağıyev olub. Təhlükəsizlik şefinin bu məqsədlə Rusiya sülhməramlılarının komandiri ilə görüşdüyü və məsələnin ədalətli həllinə danışıqlar yoluyla nail olduğu bildirilir.
DTX rəisinin Kəlbəcərə səfəri də Zod qızıl yatağının taleyi ilə əlaqədar baş verə bilər. Məlum olduğu kimi, 2/3-i bizim ərazilərə düşən bu mədəni də ermənilər təhvil vermək istəmirdilər. Hətta Azərbaycan sərhədlərindən 1 km aralıda saxta qapı qoyub demarkasiya xəttini mədənin qurtaracağından başlatmaq istəyirdilər. Kəlbəcər təhvil veriləndən bir neçə gün sonra 250 nəfərə yaxın Azərbaycan əsgəri bu qapını sındırıb ən müasir hərbi texnikalarla əraziyə girib ermənilərə obyekti tərk etmələrini bildirmişdilər. Qızıl yatağının işçiləri Azərbaycan əsgərlərinin onlarla xeyli nəzakətlə danışdığını, gedərkən isə “mədəni tərk etməsələr, başqa üzlə qarşılaşacaqları” barədə xəbərdarlıq etmişdilər. Ermənilər hətta bu xəbərdarlığın da olduqca incə şəkildə çatdırıldığını bildirmiş və əsgərimizin təmkininə, tərbiyəsinə heyrətlərini gizlətməmişdilər.
Ertəsi gün baş tutan yeni danışıqlar nəticəsində tərəflər qərarı yuxarıların ixtiyarına buraxmaq üzərində razılığa gəlmişdilər. Görünən budur ki, tərəflərin “yuxarıdan təlimat gözləməsinə” razılıq verməsində rus sülhməramlılarının da ciddi rolu olmuşdu.
DTX rəisinin məhz belə bir zamanda bölgəyə göndərilməsi təsadüfi deyil. Belə anlaşılır ki, Azərbaycanın “yuxarıdan gələcəyi gözlənilən mövqeyi”ni qarşı tərəflərə, xüsusilə də rus generalı Rüstəm Muradova Əli Nağıyev çatdırıb. Onun rus generalı ilə söhbətindən sonra ermənilərin qızıl yatağının Azərbaycana aid hissəsindən çəkildiyi və həmin ərazidə sərhədçilərimizin 3 post qurduqları xəbər verilir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar