Xəbər lenti
 
 
Azərbaycanın Dağlıq Qarabağda apardığı və hərbi qələbə qazandığı 44 günlük müharibə İran üçün də “ilham qaynağı” olub.
 
Ovqat.com-un məlumatına görə, İran ordusu, tarixində ilk dəfə pilotsuz uçan aparatlar (PUA) və silahlı PUA-larla hərbi təlimlərə imza atıb.
 
Bildirilir ki, təlimlər Tehran yaxınlığındakı Simnan şəhərində keçirilib.
 
İran tərəfindən istehsal olunan yüzlərlə PUA-nın iştirak etdiyi təlimdə yerdəki və havadakı hədəflər raketlərlə vurulub. Hədəflərin zərərsizləşdirilməsində yer-hava raketlərindən başqa hava-hava raketlərindən və kamikaze dronlarından da istifadə olunub.


 
Reuters xəbər agentliyi İranın son illərdə Yəmən, Suriya, İraq və Hörmüz boğazında pilotsuz təyyarələrdən geniş istifadə etdiyini yazır.
 
Yarı rəsmi Fars xəbər agentliyi də faktı təsdiqləyir. Agentlik xəbər verir ki, İran ordusu təlimdə ilk dəfə silahlı PUA-ları sınaqdan çıxarıb. Bildirildiyinə görə, təlimlərdə pilotsuz təyyarələrin bombardıman, rəqib hərbi texnikalarına kilidlənmə və kəşfiyyat kimi bacarıqları yoxlanılıb.
 
ABŞ rəsmisi Reuters-ə bildirib ki, İran kəşfiyyat dronlarından başqa sursat daşıya bilən və hədəflərə kamikadze hücumu həyata keçirə bilən pilotsuz təyyarələr də yarada bilib. Qərb hərbi analitikləri də İranın illərlə tətbiq olunan embarqo və sanksiyalara baxmayaraq bölgədəki ən böyük silah istehsalçılarından biri olduğunu vurğulayırlar.
 
İranın Baş Qərargah rəisi Məhəmməd Bakirinin təlimlərin keçirildiyi ərəfədə media orqanlarına açıqlamasında düşmənlərini ağıllı olmağa çağırması da diqqətçəkicidir.


 
 "Ordumuzun barmaqları tətikdədir. Düşmənlərimiz ən kiçik bir səhv etsə, silahlı qüvvələrimiz sərt cavab verəcəklər", - Məhəmməd Bakiri media açıqlamasında belə deyib.
 
İranın düşmənləri əsasən ABŞ və İsrail olduğunu nəzərə alsaq, Bakirinin bu mesajının həmin ölkələrə ünvanlandığı şübhə doğurmur. 
 
Maraqlıdır ki, İran Xarici İşlər Naziri Cavad Zərif də bir neçə gün əvvəl paylaşdığı Twitter mesajında İsrail agentlərinin Donald Trampı amerikalılara hücum edərək müharibə çıxarmaq istədiklərini yazmışdı. Zərifin fikrincə, İranın Qasım Süleymaninin qisasını alacağı barədə son günlər dünya mediasında tez-tez hallanan xəbərlər əslində İsrail planıdır və məqsəd Bayden hakimiyyətə gəlməmişdən əvvəl iki dövlət arasında savaş çıxararaq, yeni ABŞ prezidentini fakt qarşısında qoymaqdır. Qeyd edək ki, bu ittihamlar İsrail tərəfindən yalanlanmışdı və bəzi İran generalları Qasım Süleymaninin qisasını alacaqlarına dair eyhamlarla çıxış etmişdilər.
 
Reuters xəbər agentliyi İranın PUA təlimlərinin 3 yanvar 2020-ci ildə ABŞ-ın pilotsuz təyyarəsinin hücumuna məruz qalan Qasım Süleymaninin anma mərasimlərinə də təsadüf etdiyini vurğulayır və bunu təsadüfi saymır. Görünür, İran ABŞ-a çəkindirici gücünü göstərməyi də Qasım Süleymaninin alınacaq qisasının bir hissəsi kimi qəbul edir.




Ana səhifəyə qayıt        Baxış: 4 916          Tarix: 6-01-2021, 20:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma