Xəbər lenti

 
Ukrayna Prezidenti Vladimir Zelenskinin Dumadakı “Xalqa xidmət” fraksiyası hakim siyasi qurum mövqeyini itirə bilər. 
 
Ovqat.com xəbər verir ki, bunun səbəbi hakim fraksiya üzvlərindən birinin ABŞ seçkilərinə müdaxiləsidir.
 
Məlumata görə, ABŞ sanksiyalarına məruz qalan millət vəkili Aleksandr Dubinski fraksiyadan uzaqlaşdırılıb. Millət vəkilinin özü də “Naş” televiziyasına verdiyi açıqlamasında bu faktı etiraf edib.
 
“Bilmirəm, neçə nəfər məni fraksiyadan çıxarmaq üçün səs verdi. Çoxluq deyirlər. Ancaq özüm də bu qrupda qalmağım üçün bir səbəb görmürəm”, - Aleksandr Dubinski belə deyib.
 
Fraksiya rəhbəri David Araxamiya isə mətbuata açıqlamasında bildirib ki, “Xalqa xidmət” qrupunun toplantısında 198 deputat Dubinskinin partiyadan xaric edilməsinə, 29 deputat qərarın əleyhinə səs verib, 19 deputat isə bitərəf qalıb.
 
İxrac qərarından sonra Dubinski onu dəstəkləyən həmkarlarını fraksiyada qalmağa çağırıb: "Fraksiyanın dağılmasını istəmirəm, Prezident Vladimir Zelenskini dəstəkləyirəm”.
 
Bildirildiyinə görə, 450 deputatı olan Dumanın hakim fraksiyasının 246 üzvü var. Ekspertlərin fikrincə, Dubinski əgər öz tərəfdarlarını fraksiyadan ayrılmağa çağırsaydı, Zelenski hakimiyyəti çətin vəziyyətə düşərdi. Zira fraksiyadan sadəcə 21 deputatın ayrılması “Xalqa xidmət”çilərin hökumət qurmaq üçün tələb olunan kvorumun - 226 sayının altına düşürər, beləcə, Zelenski hakimiyyəti də öz legitimliyini itirərdi. 
 
Müşahidəçilər Dubinskinin həmrəylik açıqlamasına rəğmən, təhlükənin hələ sovuşmadığı qənaətindədirlər. Onların fikrincə, Dubinski öz həlledici mövqeyindən hakimiyyətə basqı üçün faydalana və öz əleyhdarlarına yaxşıca dərs verə bilər. Deputatın bu mövqeyindən ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyaları dayandırmaq üçün də istifadə edəcəyi güman olunur.
 
Qeyd edək ki, yanvar ayının əvvəlində ABŞ Ukraynanın 7 vətəndaşına və 4 mediasına Amerika seçkilərinə müdaxilə ittihamı ilə sanksiya tətbiq edib. Aleksadr Dubinski də “qara siyahı”ya salınanlar arasındadır.




Ana səhifəyə qayıt        Baxış: 4 434          Tarix: 2-02-2021, 10:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma