Xəbər lenti


NEWS.ru, Rusiya
01.03.2021


Müəllif: Renat Abdullin
Xocalı şəhərində məlum faciəni törətmiş erməni hərbçiləri hərbi cinayətkarlardırlar. Bunu Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında bir daha bəyan edib. Həmin gün Azərbaycanda və onun hüdudlarından kənarda 1992-ci il hadisələri ilə bağlı anım tədbirləri keçirilib.

Azərbaycanda və bir sıra digər ölkələrdə soyqırımı kimi qiymətləndirilən Xocalı qırğını Bakı üçün Qarabağ münaqişəsinin ən ağrılı epizodudur. Vəziyyəti mürəkkəbləşdirən odur ki, Yerevan israrla hər hansı kompromis qərar tapmaq, daha dəqiqi, günahkarları cəzalandırmaq istəmir.
Yerli və xarici jurnalistlər qarşısında çıxış edən Əliyev erməni hərbçilərinin qəddarlıqlarını xatırlatmaqla yanaşı bildirib ki, Xocalı qətliamında iştirak edənlərin bəziləri İkici Qarabağ savaşında məhv edilib.

“Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilib. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb”, - deyə Əliyev bildirib.

Xocalı faciəsi 1992-ci il fevralın 26-na keçən gecə baş verib. Dağlıq Qarabağ ərazisində yerləşən və həmin vaxt əsasən azərbaycanlıların yaşadığı şəhər erməni silahlı birləşmələrinin şiddətli hücumuna məruz qalıb. Hücuma hazırlıq uzun müddət gedirmiş. 1990-cı ildə mərkəzi Sovet hakimiyyətinin zəiflədiyini görən Ermənistan rəhbərliyi bu kiçik yaşayış məntəqəsinə təzyiqi artırırmışdı. Yerevanın Xocalı üzərində nəzarəti ələ almaq istəməsinə səbəb onun əlverişli strateji mövqeyi idi – Qarabağ ərazisindəki yeganə hava limanı məhz burada yerləşirdi. Üstəlik, bir neçə vacib magistra da bu şəhərdə kəsişirdi.

1991-ci ildə erməni tərəfi şəhərin elektrik enerjisini kəsmiş, nəticədə Xocalı sakinlərinin bir hissəsi evlərini tərk etmişdi. Lakin əhalini kütləvi şəkildə təxliyə etmək mümkün olmamışdı.

1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri şəhərə hücuma keçib. Hücumun təfərrüatları indiyədək bir tərəfdən Ermənistanın, digər tərəfdən isə Bakı və hüquq müdafiəçilərinin mübahisə mövzusudur. Məsələn, hüquq müdafiəçiləri qeyd edirlər ki, erməni hərbçiləri yuxarıdan əmr almadan, özbaşına hərəkət ediblər.

Hücumun nəticələri onun qəfil baş verməsindən daha dəhşitli olub: rəsmi məlumata görə, şəhərdə 613 nəfər (əsasən dinc sakinlər) qətlə yetirilib. Öldürülənlər arasında yaşlılar, qadın və uşaqlar var. Hadisə zamanı 400-dən çox insan yaralanıb.
Bakı baş verənləri soyqırımı kimi qiymətləndirir. Meksikadan tutmuş Çexiyaya qədər bir sıra ölkələrin müvafiq parlament komitələri də eyni fikirdədir. ABŞ-da ənənəvi olaraq güclü erməni lobbisinin mövcudluğuna baxmayaraq, iyirmidən artıq ştat baş verənləri yerli səviyyədə soyqırımı kimi tanıyıb. Buna baxmayaraq, məsələn, beynəlxalq instansiyadarın müzakirəsinə çıxarılmış keçmiş Yuqoslaviya ölkələrindəki hərbi cinayətlərdən fərqli olaraq, Xocalı hadisələri indiyədək dünya səviyyəsində ətraflı araşdırılmayıb.

Faciə ətrafındakı belə qeyri-müəyyən vəziyyət bütövlükdə Qarabağ münaqişəsinin həllində əhəmiyyətli irəliləyişə mane olan ən böyük amillərdəndir. 1992-ci ilin fevral hadisələrindən sonra Xocalıya tam olaraq ermənilər yerləşib, şəhərə qəddar hücuma görə cavabdeh şəxslər isə mühakimə olunmayıb.

İllər keçdikcə problemin həlli perspektivləri daha dumanlı görünür. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan birqayda olaraq, Xocalı faciəsi mövzusundan yayınır, ona qarşı mübarizə aparan və son zamanlar səsi daha möhkəm gələn “Qarabağ klanı”nın isə hakimiyyətə qayıtdığı təqdirdə bu məsələ ətrafında dialoqa getməyəcəyi dəqiqdir. Görünən odur ki, məsələdə beynəlxalq birlik öz rolunu oynaya bilərdi. Lakin 2020-ci ilin payızında baş vermiş hadisələr göstərdi ki, beynəlxalq birlik kiçik istisnalarla, iş görməkdən daha çox danışmağa üstünlük verir.

(Rus dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: NEWS.ru


Ana səhifəyə qayıt        Baxış: 3 385          Tarix: 1-03-2021, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma