Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
- Sərdar Əlibəyli ilə müsahibə almaq istəyim ilk öncə müsahibimi təəccübləndirdi. O, indiyə qədər heç kimin ondan müsahibə almadığını deyərək, bu məsuliyyətli işin altına girməkdə tərəddüd etdiyini gizlətmədi. Mən isə məhz ondan müsahibə almaq istəyirdim. Çünki cəmiyyətimizdə "ağəlcəkli ağ adamlar"ın bir-birinə bənzəyən müsahibələrinin artıq qulaqları yorduğunu düşünürəm. Adətən bütün demokratik mübarizələrin ağır yükləri sıravilərin üzərinə düşsə də, onları dinləyən, dərdləriylə maraqlanan olmur. Halbuki sıravilər iç-içə olduqları cəmiyyətin nəbzini daha rahat tuta bilirlər.
- Sərdar Əlibəyliylə cəmiyyətin nəbzini tutmaq təşəbbüsümüzün nə qədər alındığına bizdən çox, siz qərar verə bilərsiniz.
- Onun Ovqat.com-a müsahibəsini təqdim edirik:
- -Sərdar bəy, sizi xoş gördük. Vaxtilə belə bir fikir işlətmisiniz: "Dənizdə xırda balıqların sayı tükəndikcə, köpək balıqları bir-birini, balinalar isə onları yeməyə məhkumdur" Bunu cəmiyyətə hansı anlamda tətbiq etmək olar?
- -Mən də sizi xoş gördüm və hesab eliyirəm ki, həm də sizin “Ovqat”ınıza xoş gəldin deməliyəm. Bütün hallarda indiki internet mediası bolluğunda sizə böyük uğurlar, həmçinin də millətimiz və dövlətimiz adına xeyirli işlər görməyi arzulayıram. Sualınızın cavabına keçməzdən öncə, bir şeyi də deyim ki, son illər ərzində, təzəcə media məkanına ayaq açmış Ovqat.com ilk mətbu orqandı ki, Sərdar Əlibəylini sorğu-suala çəkmək qərarına gəlib. Bu yaxşı əlamətdi, ya deyil, onu zaman göstərəcək. Amma mən sizin, illərə dayanan, iqtidarlı-müxalifətli tabunun üzərindən keçə bilməyinizi alqışlayıram. Əslində özündən əvvəlki tabularla hesablaşan heç bir media orqanı indiki şərtlərdə uğur qazana bilməz. Bu baxımdan arzu edirəm ki, bu addımınız gələcək uğurların başlanğıcı olsun. O ki qaldı sualınızın əsas hissəsinə, mən o fikri ilk dəfə, illər öncəsində İctimai Palatanın media ilə bağlı keçirdiyi dəyirmi masada səsləndirmişəm. O zamana kimi təkcə mənim dörd qəzetim bağlanmışdı. Artıq bir dəfə həbsə də girib çıxmışdım. Ancaq Azərbaycan mətbuatı, siyasəti və hüquq-müdafiə sistemində yer alan QHT-lər məni tamamilə gözardı eləmişdilər. Dediyim kimi, dalbadal bağlanan qəzetlərlə, hətta baş redaktorun həbsi ilə bağlı sadəcə informasiya belə, verməyi lazım bilməmişdilər. Və həmin toplantıda mən üzümü o dövrün flaqman qəzetləri olan “Azadlıq”ın və “Yeni Müsavat”ın rəhbərlərinə tutaraq söyləmişdim o fikri. Orada bildirmişdim ki, siz ölkənin öndə gedən media quruluşları olaraq, azad mətbuatın adda-budda özünü qoruya bilmiş nişanələrini, o cümlədən də Sərdar Əlibəylinin özünü və qəzetlərini müdafiə etmək zorundasınız. Əks təqdirdə, obrazlı şəkildə bildirmişdim ki, əgər dənizdə xırda balıqların sayı tükənəcəksə, köpək balıqları bir-birini, balinalar isə onları yeməyə məcbur və məhkum olacaqlar. Deyim ki, hələ o zaman “Azadlıq”, “Yeni Müsavat” və özlərini böyük sayan bir neçə mətbu qurumların baş redaktorları arasında imzalanmış, “bir-birini tənqid etməmək” haqqında müqavilə qüvvədəydi və həm Rauf Arifoğlu, həm də Qənimət Zahid ölkədə müxalifət və azad mətbuat adına yaradılan bütün qurum və quruluşların rəhbərliyində istisnasız olaraq təmsil olunurdular. Necə deyərlər:
- “Ax, necə kef çəkməli əyyam idi,
- Onda ki, hələ övladi-vətən xam idi”.
- O gündən bu günə çox şeylər dəyişib və çox təəssüflə deməliyəm ki, o tədbirdə söylədiklərim də birə-bir öz təsdiqini tapıb. Mən axı nə münəcciməm, nə də ulduzlara baxıb kitab açıram. Sadəcə gedən proseslərə bir az diqqətlə, bir az da ayıq başla, sərrast gözlə baxanda, hər şey apaçıq ortadadı. Baxın, dediyim kimi, əvvəl “Azadlıq” və “Yeni Müsavat” sözün həqiqi mənasında bir-birini didib parçalamağa girişdilər, yeməyə başladılar. Ardınca da balina “Azadlıq”ı tamam bitirib, sümüklərini dəfn elədi. “Yeni Müsavat” isə elə lap başından onun mədəsindəydi, hələ uzun müddət də orda qalasıdı. İndi sadəcə həqiqətlər daha aydın və daha bariz şəkildə görsənir və o zaman da mən elə bunu demək istəmişdim. İndinin özündə də medianın durumu heç də istənilən səviyyədə deyil və təəssüf ki, bundan sonra başımıza gələcəklərdən dolayı umacaq yerlərimiz də yoxdur. “Azadıq” və “Yeni Müsavat”ın qətlinə fərman verənlərlə, onları güllə qabağına aparan keşiş Qaponların izdivacından millətin və Azərbaycan mediasının ölən ümidləri doğub. Bundan sonra nələr olacaq demək çətindi, amma hər halda həyat da davam eləyir və necə deyərlər, hər bitən şey təzə bir şeyin başlanğıcıdır. Və bu mənada sizin “Ovqat”ınızın da bu başlanğıcda özünə layiq yer tuta bilməsini arzulayıram.
- -Özünüzü vaxtilə həbsdə yatan siyasi məhbus hesab edirsinizmi?
- - Yaxşı sualdı. Əgər bu sualı mənə 3 il qabaq verən olsaydı, yəqin ki, tamam başqa cavab verərdim. 3 il qabaq ona görə deyirəm ki, sonuncu dəfə həbsdən çıxandan bu günəcən bir dənə də olsun qəzet, sayt, ya da indi hamını danışdıran internet televiziyası mənə sual bir yana, heç salam da verməyib. Əvvəldə dedim axı, mənim adımın üzərində tabu var və bu tabu iqtidar- müxalifət mediasından tutmuş, özlərini müstəqil adlandıran bütün növ KİV-lərə aiddir. Xalq arasında belə bir deyim var ki, bir ölülər, bir də dəlilər fikirlərində sabitqədəm olur, həyatın axarına və cərəyan edən proseslərə görə fikirlərini dəyişmirlər. Mən çoxlarından fərqli olaraq bir dəfə yox, iki dəfə siyasi məhbus həyatı yaşamışam. Bəlkə də həbsdə olduğum müddət çox da böyük görsənməyə bilər, amma bu, məsələnin mahiyyətini dəyişmir. İş burasındadı ki, nə birinci, nə də ikinci məhbusluğum dövründə istər media, istər siyasi təşkilatlar, istərsə də insan haqları ilə məşğul olan QHT-lər tərəfindən çox cüzi və bir az da şəxsi münasibətlərə dayanan istisnalarla, demək olar ki, heç müdafiə olunmamışam. Təsəvvür eləyin ki, son həbsimin doqquz ay məhkəməsi gedib. Ancaq siz indi girin, bütün interneti və axtarış sistemlərini ələk-vələk eləyin, mənim dəmir barmaqlıqlar arxasında bir dənə də şəklim yoxdur. Bu da əvvəlki fikrlərimi tam təsdiq edir ki, siyasi məhbusların müdafiəsi ilə məşğul olmağa mükəlləf olan bütün qurum və quruluşlar Sərdar Əlibəylinin varlığını inkar eləyərək, onu görməzlikdən gəliblər. Əslində məsələ, bilirsinizmi, necədi, indi müxtəlif adamları Cinayət Məcəlləsinin çeşidli maddələri ilə ittiham edərək həbsə atırlar. Ancaq həbs olunan hər kəsin özü hamıdan yaxşı bilir ki, onu niyə və nədən ötrü tutdular. Məhkəmələrdə verilən ittihamlar və tətbiq olunan maddələr isə, bu və ya digər şəkildə, ya tamam qondarma olur, ya da konkret şəxslərin xarakterinə uyğun şəkildə seçilir. Demək istədiyim odur ki, indi artıq siyasi məhbus məsələsi olub-bitənlərin mahiyyətindən daha çox, bu proseslərdə tərəf kimi təmsil olunanların manipulyasiya obyektinə çevrilib. Yəni istənilən, az-çox tanınmış şəxsin, istər media mənsubu olsun, istərsə də siyasi xadim, həbsinin sifarişini verənlər olduğu kimi, onların siyasi məhbus kimi tanınmalarına qərar verənlər də var. Bax, bu qərar vermə məsələsində o qədər çirkinliklər, o qədər kirli oyunlar gedir ki, adamın hakimiyyətdəkilərin atasına rəhmət oxumağı gəlir. Bir sözlə, bir tərəfdə hakimiyyətin artıq heç kimlə və heç nəylə hesablaşmayan harın və qudurğan məmurları, digər tərəfdə isə, “siyasi məhbus bazarı”nda dəllallıq edən QHT əməkdaşları var və hər iki tərəfin də gedən proseslər daxilində özlərinə aid maraqları mövcuddur. Hətta bəzən adama elə gəlir ki, bu məmurlarlar arasında gizli işbirliyi mövcuddur. Başqa sözlə, bir tərəf siyasi məhbusların istehsalı ilə, digər tərəf də onlara ad qoymaqla öz maraqlarını təmin eləyirlər. Bütün bu olub-bitənlərin sırasında heç bir halda gerçək siyasi məhbusların maraqları nəzərə alınmır, bu da nəticə etibarilə çeşidli manipulyasiyalara və imitasiyalara şərait yaradır. Mənim özümə gəlincə, birmənalı şəkildə deyirəm ki, iki dəfə siyasi motivlərlə həbs olunmuşam və istər mənim sifarişimi verən məmurların bunu etiraf edib-etməməsi, istərsə də qrant dəllallarının mənə siyasi məhbus adı verib-verməmələri, mənim özüm üçün heç nəyi dəyişmir. Təkcə onu demək yetər ki, mənim birinci dəfə həbs olunduğum məhkəmədə tərəf müqabillərim indiki müdafiə naziri Zakir Həsənovun özü başda olmaqla DİN Daxili Qoşunlarının beş generalı olub. Beş generalın bir yazıya görə xorla məhkəməyə üz tutmalarının mütləq bir səbəbi olmalıydı və olub. Yəni bu qədər sayda generalın məhkəməyə gəlməsi istər-istəməz işin siyasi motivlərlə bağlı olduğunu ortaya qoyur. Daha buna kimsənin ad qoymasına nə hacət var ki? Ikinci həbsim isə 2015-ci il prezident seçkiləri ərəfəsində yazdığım yazılarla və o dövrdə verdiyim bir neçə müsahibə və danışdıqlarımla bağlı olub. İndi o zaman dediklərimin də hamısı artıq öz təsdiqini tapıb. Görünür, bizim məmləkətimizdə doğruları demək, reallıqları göstərmək, gerçəkliklərə ayna tutmaq cəzalandırılır və bəndəniz də elə bunun cəzasını çəkib, o qədər. İndi siyasi məhbus olmaq, əslində “siyasi məhbus” adlandırılan şəxslərin özlərindən başqa kimə desən sərf eləyir və bu oyunlarda sadəcə adamlar yox, həm də milyonlarla pullar rol oynayır. O baxımdan kimsəyə bu aqibəti arzulamıram.
- - Bir vaxtlar Azərbaycan vətəndaşlığından imtina etmək fikrində olmusunuz?
- - Mən heç vaxt Azərbaycan vətəndaşlığından imtina etməyi düşünmədim. Amma orada, yəni o sahədə baş verənləri anlaya bilmək üçün bəzi addımlar atdım və çox təəssüflə deməliyəm ki, orda da vəziyyət eynən siyasi məhbus məsələsində olduğu kimidir. Bir tərəfdə saxta sənəd alveri edən məmurlar, siyasi partiya görəvliləri, digər tərəfdə isə xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatlarla mühacirlər arasında maklerlik edərək pul qazanan QHT əməkdaşları. Kim nə deyir desin, bu siyasi mühacirlik məsələsinin də görünən, görünməyən çox yanları və yönləri mövcuddur. Burdan gedənlərin böyük əksəriyyəti sadəcə rahat həyat peşində olanlardı. İmkanları və gücləri yetdiyi qədər hərəkət eləyərək ölkəni tərk eləyiblər. Heç şübhəsiz ki, xeyli sayda gercək mücadilə və mübarizə adamlarımızdan da mühacirətə gedənlər var və mən onların tezliklə vətənə dönmələrini arzulayıram. Amma bir şeydən də əminəm ki, sabah Azərbaycanda dünyanın ən demokratik rejimi qurulsa belə, dediyim o mühacirlərin çoxu öz məmləkətinə dönməyəcək. Çünki onların niyyətləri ayrı, hədəfləri isə başqadır. Mən özüm isə hələ burdayam və ən azından yaxın perspektivdə ölkəni tərk etmək niyyətim də, imkanlarım da yoxdur.
- - 2013-cü ildə Xətai məhkəməsində sizə "Silahdan istifadə etmək" maddəsi ilə hökm oxunub. Sizcə bu kökm nə dərəcədə ədalətli idi?
- Bir vaxtlar"Nota bene","Nota", “p.s. Nota” qəzetlərinin baş redaktoru olmusunuz, "Psnota.com"saytına rəhbərlik etmisiniz. Bu orqanların taleyi niyə "qara gəlib"?
- Bəs, bayaqdan nəyi deyirəm. Bu ölkədə gerçəklər və həqiqətlər kimsəyə lazım deyil. Və bu gerçəklərdən yazan, danışan, söhbət açan ölkənin bütün sahələrindəki yalanlara, talanlara, riya və yaltaqlıqlara ayna tutan istər qəzet olsun, istərsə də yazar, bütün sistem, bütün siyasi spektr iqtidarlı, müxalifətli bir araya gəlib onun taleyini qara gətirər. Sadaladığınız qəzetlərimin və saytımın da taleyi məhz bu səbəbdən qara gəldi. Biz hər zaman doğruları dedik, reallıqlardan danışdıq, gerçəklərə ayna tutduq, riyakarlıq və yalana uymadıq, yaltaqlara meydan vermədik, zülmə boyun əymədik, haqsızlığa dözmədik, bir sözlə, Allahın qulu və itaətkar bəndəsi olmağa çalışdıq, “ya Allah” əvəzinə, “ya şah” demədik, ona görə.
- Sərdar Əlibəyli indi özünü necə hiss edir? Onun mübarizə ruhu hələ tükənməyib ki?
- Özümü hələ ki, yaxşı hiss edirəm, fağır adamam, başımı aşağı salıb “srokumu” çəkirəm. Vallah, mübarizə ruhu deyəndə sizin nəyi nəzərdə tutduğunuzu bilmirəm, amma bayaq da qeyd elədim ki, mən siyasət adamı deyil, bir dava adamı, yol adamıyam. Bu dava bəşəriyyətin yaşıdı olan Xeyirlə Şərin davası, yol isə - minilliklərdən varıb gələn Haqqın Yoludur. Biz Allahın verdiyi ömrün qədərində bu davanı aparar, bu yolda yürüyürük. Bir gün biz fərd olaraq, can olaraq bitsək də, ruhumuz qalar, dava bitməz, yol bitməz. Əslində Sərdar Əlibəylinin mübarizə ruhunun tükənməsini gözləmək, çaydan necə keçməyin yollarını axtarmaqdansa, oturub çayın qurumasını gözləməyə bənzər. Amma başlanğıcını Haqqın Dərgahından götürən, Tanrının “ol” deməsiylə olan bir çay quruyarmı? Təxminən belə yəni. Çayın qurumasını gözləmək həvəsi olanlar gözləsinlər.
- Bəlkə bu sualı vermək yerinə düşmür, amma indi bütün Azərbaycan sizin yeganə övladınızın birinci qrup ömürlük əlil və bununla bağlı xeyli problemlərinizin olduğunu bilir. Bir müddət əvvəl Azərbaycanın siyasi iradə sahiblərinə ünvanlanmış çox təsirli bir məktubunuzu da dərc etmişdiniz. Səsinizə səs verən, harayınızı duyan oldumu?
- Olmadı və heç olmayacaq da. Çünki bunların özləri xəstədilər - hakimiyyət xəstəsi. Və mən necə övladımla bağlı problemlərimi öz imkanlarım çərçivəsində çözməyə çalışıram. Onlar hakimiyyət xəstəliyini müalicə edəndən sonra bəlkə bizə də sıra gələ. Demək istədiyim odur ki, bu hakimiyyət mənə və mənim tale ortaqlarımın əlil uşaqlarına qanunsuz və məhkəməsiz ölüm hökmü çıxarıb. Bizə düşən isə bu hökmün nə vaxt, harada və necə icrasını gözləməkdi. Başqa sözlə, mənim daha bunlardan nə umacağım, nə də gözləntilərim var. Qədirbilən millətimə və bu millətin qeyrəti, namusu olan oğullarına Allahdan uzun ömür və can sağlığı diləyirəm. Çünki onlar var olduqca, bizim övladlarımız da, özümüz də bir türlü yaşayacağıq. Zira, bizim nə şah olmaq istəyimiz, nə də gədalıq etmək niyyətimiz var. Bütün hallarda qışlaqda doğan quzunun otunu mövlam yaylaqda bitirər. Gün doğmazdan nələr doğar. "Bakalım mövlam neylər, neylərsə gözəl eylər".
Söhbətləşdi: M.Tahir
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar