Jurnalistlər üçün tikilən yeni binadakı mənzillərin paylanacağı günə lap az vaxt qalıb. Görünür bu səbəbdəndir ki, həmin məsələ ətrafında müzakirələr günü-gündən qızışır və kəskinləşir. Əvəz Zeynallının məlum siyahısından sonra isə bu virtual debatlar daha açıq və aqressiv xarakter alıb. Ən qəribəsi də odur ki, mübahisələrin əsas iştirakçıları məhz jurnalistlər özləri və jurnalist təşkilatlarının nümayəndələridir. Nə baş verir?
Ovqat.com bu sualla veteran jurnalist, virtulaz.org saytının informasiya redaktoru Rusvat Bayramova müraciət edib. Xatırladaq ki, Əvəz Zeynallının böyük səs-küyə səbəb olmuş siyahısında onun da adı var.
İlk öncə siyahı məsələsinə aydınlıq gətirən R.Bayramov bildirib ki, onun əvvəlcə bundan xəbəri olmayıb: "Sonradan öyrəndim ki, mənim adım ora tanınmış jurnalist və şair, sizin saytınızın baş redaktoru Heydər Oğuzun facebook-da yazdığı bir statusdan sonra salınıb. Heydər bəyə təşəkkür edirəm. O mənim 6 nəfər ailə üzvümlə birlikdə necə darısqal şəraitdə yaşadığımı bilir və yəqin ki, buna görə, necə deyərlər, canıyananlıq etmək istəyib. Amma ehtiyac yox idi.
Əvvəla, mən respublikada kifayət qədər nüfuzu, geniş oxucu auditoriyası və ictimai fikrin formalaşmasında xüsusi rolu olan virtualaz.org saytının informasiya redaktoruyam. Yəni ehtiyac duysaydım, özüm nəsə yazardım.
İkincisi, mən ümumiyyətlə bu cür - daha çox ajiotaj yaratmağa hesablanan hansısa siyahıların əleyhinəyəm.
Üçüncüsü də, mən öz namizədliyimi fərdi qaydada həmin siyahıdan xeyli əvvəl irəli sürmüş və sənədlərimi müvafiq komissiyaya təqdim etmişəm. Və bəzilərindən fərqli olaraq istər həmin komissiyanın sədri Vüqar Səfərlinin və komissiya üzvlərinin, istərsə də Prezident Administrasiyasında bu işə nəzarət edən hörmətli Əli Həsənovun və onun əməkdaşlarının obyektivliyinə şübhə etməyə əsasım yoxdur. Ən azı hələlik. Ona görə də inanmaq istəyirəm ki, mənzillər həqiqətən də ehtiyacı olanlara və haqqı çatanlara veriləcək.
Yeri gəlmişkən, saytımızın təsisçisi Eynulla Fətullayev də mənimlə bağlı həm Prezident Administrasiyasına, həm KİVDF-yə və onun icraçı direktoruna, həm də Mətbuat Şurasının sədri Əflatun Amaşova təqdimat məktubu yazıb. Ümid edirəm ki, müvafiq siyahı müəyyənləşdirilərkən bu təqdimatlar da nəzərə alınacaq".
Mənzil bölgüsü ətrafında yaranmış ajiotaja gəlincə, R.Bayramov xatırladıb ki, ortada iki tərəf var: "Bu təşəbbüsü irəli sürənlər, dəstəkləyənlər, reallaşdıranlar və daha da inkişaf etdirmək istəyənlər; bir də ona qarşı çıxanlar, "dövlət niyə jurnalistlərə ev verməlidir ki?!" deyib, bunun jurnalistlərin ələ alınması, fəaliyyətlərinin buxovlanması üçün bir vasitə olduğunu iddia edənlər, öz aləmlərində daha obyektiv olduqlarını göstərmək istəyənlər.
Arqumentləri nədir?
Birinci tərəf bildirir ki, bir neçə il əvvəl dövlətdən nə istədiklərini dilə gətiriblər, mənzil problemlərinin həll olunmasına köməklik göstərilməsini xahiş ediblər. Çünki belə düşünüblər ki, bu, jurnalistlərin haqqıdır. Fikirləşiblər ki, dövlət hər bir vətəndaşı kimi jurnalistlərinə də sahib çıxmalıdır. Təşəbbüs diqqət çəkib, başqa jurnalist təşkilatlarının dəstəyini qazanıb, Mətbuat Şurası işə qarışıb və dövlət reaksiya verib. Başqa sözlə, möhtərəm Prezident və dövlətin müxtəlif icra, idarəetmə qollarında işləyənlər bu təklifi nəzərə alaraq onun reallaşdırılması istiqamətində konkret işlər görüblər. Nəticədə ilk dəfə 155 jurnalist ailəsi mənzil alıb, indi isə bu şansdan daha 255 ailə yararlana biləcək. Təbii ki, müəyyən edilmiş qayda və şərtlər çərçivəsində. Hesab edirlər ki, bu çox müsbət təcrübədir və ən azı buna görə təqdir olunmalıdır.
İkinci tərəf bununla razılaşmır. Bildirir ki, hakimiyyət bu yolla jurnalistləri ələ almaq, onları susdurmaq, bir növ öz yanında gözükölgəli etmək istəyir. Onların iddiasınca, ən yaxşısı, jurnalistlərə və jurnalist təşkilatlarına tam iqtisadi azadlıq və dəstək vermək olardı. Onda onlar mənzil problemlərini özləri çözərdilər.
Bir də, onlar iddia edirlər ki, mənzil alacaq şəxslərin siyahısı tərtib olunarkən obyektivliyə əməl olunacağına əmin deyillər.
Təbii, qarşı-birinci tərəf də bu arqumentlərin heç birini yaxına buraxmır. Deyilənləri onların fəaliyyətinə kölgə salmaq cəhdi kimi qiymətləndirir. Bu da başadüşüləndir. Ən azı müxtəlif şübhələrin, iddiaların məhz indi, bu cür həssas məqamda ortaya atılması doğrudan da müəyyən suallar yaradır.
Yeri gəlmişkən, bəzi məqamlarla şəxsən mən də razı deyiləm. O cümlədən məlum siyahı ilə də. Bəlli olduğu kimi, müvafiq komissiya namizədlərin irəli sürülməsi üçün konkret şərtlər və tələblər müəyyənləşdirib və elan edib. Siyahıya ötəri nəzər salmaq kifayətdir ki, həmin şərtlərin nəzərə alınmadığını dərhal görəsən. Konkret mənim adıma gəlincə, orada heç harada işlədiyim belə qeyd olunmayıb. Mən hələ başqa məqamları demirəm... Razılaşmadığım ikinci məqam jurnalistlərin ələ alınması barədə deyilənlərlə bağlıdır. Dövİət ilk binada məskunlaşma olandan sonra aradan keçən illər ərzində mənzil alanlardan hansı birinin işinə müdaxilə edib və ya siyasi seçimlərində "korrektə" aparmasını istəyib? Həmin iddianı irəli sürənlər ortaya çox yox, heç olmasa bircə fakt qoya bilərlərmi? Şəxsən mən daim xəbərlərin içərisində olsam da indiyədək bu barədə heç nə eşitməmişəm və oxumamışam.
Üçüncüsü, onların dediyinə inansaq, hakimiyyət həmin mənzilləri, necə deyərlər, özününkülərə verir. Qəribədir, elədirsə, onda hakimiyyət onları təzədən niyə ələ almalıdır ki?! Məgər həmin məntiqlə çıxış etsək, mənzillərin müxalifət mətbuatının təmsilçilərinə verilməsi daha düzgün olmazdımı? Qaldı ümumiyyətlə "hökumət jurnalistlərə niyə ev tikməlidir ki?!" məsələsi, Müşfiq Ələsgərli düz deyir: "Heç bir ölkədə “medianı susdurmaq üçün ev tikib jurnalistlərə qarşılıqsız verilməsi praktikası” yoxdur. Media azadlığını boğan ölkələrdə jurnalistlər üçün “Ev tikmirlər”, jurnalistin “Evini yıxırlar”.
Bizdə isə, gördüyünüz kimi, bunun tam əksidir.
Daha bir vacib məqam. Azərbaycan onsuz da azad bazar iqtisadiyyatına keçmiş ölkədir. Burada artıq hər şeyi tələb və təklif həll edir. Azərbaycan dövlətinin vəzifəsi, ekspertlərin də dediyi kimi, sadəcə bu bazarda müəyyən olunmuş qaydaların pozulmasının qarşısını almaqdır. Başqa sözlə, Azərbaycan rəhbərliyi dünyanın bir çox ölkələri üçün hələ də xəyal kimi görünə biləcək şərait yaradıb ki, istənilən şəxs jurnalistika ilə sərbəst məşğul ola bilsin. Ölkədə artıq neçə illərdir ki, heç bir formada senzura tətbiq edilmir. Kütləvi informasiya fəaliyyəti lisenziyalaşdırılmır (TV və Radio istisna olmaqla). Yəni istedadı, bacarığı olan istənilən şəxs jurnalistlik fəaliyyəti ilə məşğul ola bilir. Belə vəziyyətdə kim daha keyfiyyətli və yüksək tələblərə cavab verən məhsul/fəaliyyət təklif edirsə, o da çox qazanır. Artıq ortada konkret təcrübə və faktlar da var. Amma hətta bu halda da, kimin nə deməsindən və nə cür şərait yaradılmasından asılı olmayaraq, dövlətin dəstəyi olmadan jurnalistlərin mənzil şəraitinin kütləvi şəkildə yaxşılaşdırılması real deyil.
Siyahının ədalətlə tərtib olunacağı ilə bağlı narahatlığa və şübhələrə gəlincə, heç nəyi istisna etmək olmaz. Amma fərdi müraciətləri istisna etməklə, bunun artıq nə müvafiq komissiyaya, nə də binanı tikdirənlərə və onu böləcək şəxslərə heç bir aidiyyəti yoxdur. Bu işin məsuliyyəti namizədləri müəyyənləşdirənlərin, yəni redaksiyaların üzərinə düşür. Komissiya yalnız rəsmi sənədlər və təqdimatlarla işləyir.
Qaldı fərdi müraciətlər, bəli, burada əsas məsuliyyəti həmin komissiya daşıyır. Amma burada da qəliz bir şey yoxdur. Yetər ki, necə deyərlər, mizan-tərəzi gözlənilsin. Onda heç indiki özünüsığorta, təmizəçıxarma çabalarına da ehtiyac qalmaz.
Bu baxımdan hesab edirəm ki, hökumətin media siyasətini yürüdənlərin və haqqında söhbət gedən komissiya üzvlərinin deyilənlərdən narahat olmalarına, onlara, eləcə də bu tip siyahılara kəskin, bəzən isə hətta əsəbi reaksiya vermələrinə lüzum yoxdur. Onların bütün şübhə və ittihamlara ən yaxşı cavabları ortaya özlərinin mükəmməl və ədalətli siyahı qoymaları ola bilər. Nəzərə alsaq ki, bu məsələnin ən yüksək səviyyədə və çox ciddi nəzarətdə olduğu söylənilir, deməli, bunun məhz belə olacağına ümid etmək olar.
Bütövlükdə isə bütün əks fikirlərə baxmayaraq, hesab edirəm ki, bu təcrübə davam etdirilməlidir. Çünki son nəticədə bundan ən çox qazanan jurnalistlər və onların ailə üzvləridir. Zatən bu təşəbbüsün əsas məqsədi də elə başlanğıcdan məhz bu olub".
Paylaş: