İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.
Ovqat.com hər iki liderin bəyanatlarındakı bəzi sətir başlarını təqdim edir:
Prezident İlham Əliyevin bəyanatından önəmli xüsuslar
* Azərbaycanın başlatdığı və Avropa İttifaqının, cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra, qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir.
* Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Biz külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq.
* Əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik.
* Bu gün müzakirə etdiyimiz digər məsələlər sırasında şəbəkələrin qurulması məsələsi oldu. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, biz potensialımız arasında şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Burada, Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla bizi birləşdirən dəmir yolları var.
* Biz Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işləyirik. Bunu elə indicə xanım Prezidentlə müzakirə etdik və ümidvarıq ki, gələn ay bunu başa çatdıra bilərik.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin bəyanatından sətirbaşları
* Rusiyanın Ukraynaya kobud şəkildə müdaxiləsindən hətta əvvəl, Rusiyanın Avropaya qaz təchizatı artıq etibarlı deyildi. Buna görə Avropa İttifaqı Rusiyadan yan keçərək, daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların sırasında hesab etməkdən məmnunam. Həqiqətən siz bizim üçün mühüm enerji tərəfdaşısınız.
* Bizim Anlaşma Memorandumumuzun üç məqamını vurğulamaq istəyirəm. Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik.
* Memorandumdakı ikinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır... Xüsusilə də dənizin külək enerjisini və “yaşıl” hidrogeni qeyd etmək istəyirəm.
* Nəhayət, bizim qaz sahəsindəki əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzlaşmalıdır. Məsələn, buraya metan qazının tullantıları da daxildir. Bizim Memorandum bütün qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəlik nəzərdə tutur.
* Prezident Əliyev və mən enerjidən əlavə, əlaqələrimizin və əməkdaşlığımızın bütün aspektlərini müzakirə etdik. Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının sabah Brüsseldə iclası baş tutacaq və orada ikitərəfli əməkdaşlığımızın inkişafı müzakirə ediləcək. Biz hazırda yeni ikitərəfli saziş üzərində çalışırıq və ümid edirik ki, iş tezliklə yekunlaşacaq. Onun məqsədi iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlığı genişləndirməkdir. Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. Həmçinin sərmayə qoyuluşu baxımından da Azərbaycan üçün ən vacib mənbələrdən biridir. Biz bunu genişləndirmək istəyirik. Biz 2024-cü ilə qədər 60 milyon avro həcmində Avropa İttifaqı sərmayəsini Azərbaycana yatıracağıq, iqtisadi və sərmayə planı 2 milyard avroya qədər əlavə sərmayənin səfərbər edilməsi potensialına malikdir. Həmin plan artıq icra olunur və Azərbaycanda təqribən 25 min kiçik və orta şirkətə dəstək verir.
* Avropa İttifaqı Azərbaycanla birgə çalışaraq Mərkəzi Asiya və onun hüdudlarından kənarda da əlaqələr qurmaq arzusundadır. Biz mühüm Trans-Xəzər əlaqələrinə dair ideya və müzakirələri böyük maraqla izləyirik və müzakirələrin dərinləşdirilməsinə töhfə verəcəyik. Nəhayət, biz vahid hava məkanı haqqında sazişi yekunlaşdırmaq istəyirik.
* Azərbaycan tam potensialına nail olmaq üçün investor əminliyini təmin etməlidir. Buraya vətəndaş cəmiyyətinin daha da cəlb edilməsi, azad və müstəqil medianın olması daxildir. Avropa İttifaqı Cənubi Qafqazın təhlükəsiz, sabit və firavan olmasına sadiqdir.
Paylaş: