
Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri oktyabrın 17-də Ermənistan və Azərbaycan sərhədindəki problemlərin həlli üçün mülki missiyanı təsdiqləmək niyyətindədirlər.
Ovqat.com TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Lüksemburqda xarici işlər nazirlərinin görüşü ərəfəsində bildirib:
“Oktyabrın 6-da, bir həftə əvvəl Ermənistan, Azərbaycan, Fransa liderləri ilə Avropa İttifaqı Şurasının prezidenti arasında keçirilən görüşdə missiyanın yaradılması barədə razılıq əldə olunub. Nazirlərin bazar ertəsi bu missiyanı təsdiqləyəcəyi gözlənilir”.
Diplomatın sözlərinə görə, hələlik missiyanın təfərrüatları bəlli deyil. “Bütün təfərrüatları sizə deyə bilmərəm, qərar bazar ertəsi veriləcək. Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə 400-ə yaxın müşahidəçi yerləşdiriləcək”, - deyən o, ilk müşahidəçilərin Aİ-nin Gürcüstandakı missiyasından Ermənistan və Azərbaycan sərhədinə göndəriləcəyini vurğulayıb.
“Məsələnin aktuallığına görə Gürcüstandakı missiyamızdan bir heyət götürürük”, deyə o, bildirib.
Oktyabrın 7-də Praqada prezident Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevlə görüşündən sonra Avropa Şurası elan edib ki, Aİ-nin mülki missiyası oktyabrda başlayacaq və iki ay davam edəcək.
Qeyd edək ki, Praqa sammitində Azərbaycan prezidenti İlham Əliyev ölkəmizin də bəzi məsələlərdə müşahidəçilərlə əməkdaşlıq etməyə razılıq vermişdi. Amma Fransa prezidenti Makronun açıq-aşkar ermənipərəst açıqlamalar verməsi haqlı olaraq Azərbaycan prezidentinin qəzəbinə yol açmış və İlham Əliyev «bundan sonra Fransa hökumətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində hər hansı rol oynamasının heç bir mümkün olmayacağını» vurğulamışdı.
Avropa İttifaqının nümayəndələrinin Ermənistan sərhədlərinə nəzarət etməsi Rusiyanın da maraqlarına cavab vermir və yəqin ki, Moskva da buna sərt reaksiya verəcək.
Paylaş: