Xəbər lenti

 

 


 

Pakistanın Ukrayna Silahlı Qüvvələrinə 122 mm-lik sursat tədarük etdiyinə dair yeni sübutlar var.

 

Ovqat.com xəbər verir ki, iddianı rus hərbi dairələrinə yaxınlığı ilə seçilən Avia.pro saytı irəli sürüb.

 

Bildirilir ki, Ukrayna hərbçilərinin fotoşəkillərində Pakistan tərəfindən markalanmış 122 mm-lik döyüş sursatları  görünüb. Söhbət bu ilin may ayında atılan sursat partiyasından gedir ki, bu da tədarüklərin ən azı altı ay əvvəl, yəni Ukrayna mühribəsinin başlanmasından dərhal sonra həyata keçirildiyini göstərir.

 

Fotoşəkillərdə Pakistanın döyüş sursatlarının tipik əlamətləri var və bir sıra mənbələr Ukraynaya göndərilən artilleriya mərmilərinin ümumi həcminin 20 min ədəd olduğunu bildirirlər. Saytın fikrincə, Ukrayna ordusunda bu çaplı sursatların ciddi çatışmazlığını nəzərə alsaq, 20 min ədəd raket mərmisi hərbi yardım baxımından son dərəcədə ciddi rəqəmdir.

 

Qeyd olunur ki, müharibə başlar-başlamaz Böyük Britaniyanın Pakistandan döyüş sursatı tədarük etdiyi bildirilirdi. Lakin Pakistan silahları NATO standartlarına uyğun olmadığından bu raketlərin hansı ölkə üçün nəzərdə tutulduğu bilinmirdi. İndi isə Ukrayna-Rusiya döyüşlərində bu sursatların üzə çıxması bəzi suallara aydınlıq gətirir.

 

Sirr deyil ki, Pakistan II Qarabağ döyüşlərində Azərbaycana ən böyük dəstəyi verən 3 dövlətdən biri idi. İndi Pakistanın Kiyevin yanında görünməsi onu göstərir ki, İslamabad Rusiyanın çökdürülməsi projesinə ötəri qoşulmayıb və bu prosesin bütün istiqamətlərində yer alır. Yeri gəlmişkən, 1979-89-cu illərdə SSRİ-nin çökdürülmə prosesi sayılan Əfqanıstan müharibəsinin də aparıcı fiquru Pakistan idi. Pakistanda təlim keçən əfqan qüvvələri SSRİ ordusuna ağır zərbələr vurub onu sərsəmlətmiş, sovet qoşunlarının Əfqanıstandan çıxması ilə dünyanın ən nəhəng imperatorluğu dağılmağa başlamışdı. Bu mənada Pakistan rus ordusunu dişinə vurmuş bir ölkədir və onun Ukraynanın yanında yer alması təsadüfi sayılmır.

 

Xatırladaq ki, Rusiya Ukraynaya hücum edər-etməz Pakistanda da vəziyyət qarışmış və qısa müddətdən sonra ölkənin Baş naziri İmran Xan istefa vermişdi. O, mətbuata verdiyi açıqlamasında istefasının səbəbini Rusiya ilə münasibəti ilə əlaqələndirmişdi. Bildirmişdi ki, ABŞ tərəfindən Rusiya ilə münasibətləri kəsməyə məcbur edilən İmran Xan bu təklifləri qəbul etmədiyi üçün Pakistanda iqtisadi vəziyyətin mürəkkəbləşməsi düyməsi basılmışdı. İmran Xanın aprelin 4-də istefa ərizəsini yazması, Ukraynaya elə o sıralarda Pakistandan böyük həcmdə silah göndərilməsi səbəb-nəticə cütlüyü təsiri bağışlayır və ABŞ-ın Asiya qitəsində necə böyük təsir gücünə malik olduğundan xəbər verir.




Ana səhifəyə qayıt        Baxış: 6 393          Tarix: 4-11-2022, 09:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma