Xəbər lenti

  

II Qarabağ döyüşlərində şücaət göstərdiyinə görə, Prezident tərəfindən "Fizulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunan bir qazinin adı nədənsə Müdafiə Nazirliyinin veteranlar siyahısında yoxdur.

 

Ovqat.com-a ünvanlanmış bir müraciətdə bu irəli sürülür və iddia olunur ki, “unudulmuşluq” nəticəsində qazi öz haqlarını əldə əldə edə bilmir.

  

Müraciətdə bildirilir ki, Niftinov Coşqun Fərman oğlu səhhətində müəyyən problemlər olmasına baxmayaraq 28.05. 2020- ci ildə həqiqi hərbi xidmətə  aparılıb. Müharibə başladıqda isə cəmi 3 ay xidmət keçməsinə baxmayaraq ön cəbhəyə göndərilib.

 

 Hərbi xidmət dövründə Fizuli, Xocavənd, Şuşa, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Prezidentin sərəncamı ilə "Fizulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 2 ildən artıqdır işsiz qalan Coşqununun müraciət etmədiyi dövlət qurumu qalmayıb.

 

Daxili Qoşunlarda xidmət etmək üçün müraciət edən C.Niftinova "xidmətə yararsız" olduğu bildirilib.

 

Müharibə şəraitində düşmənlə ön cəbhədə döyüşən əsgər daxili qoşunlar üçün niyə "yararsız" sayılır?

 

Onu da qeyd edək ki, müharibənin bitməsindən 2 ildən artıq zaman keçməsinə baxmayaraq Coşqun Niftinova hələ də veteran vəsiqəsi verilməyib və müharibə veteranları üçün təsis olunan 80 manat təqaüd üçün də "döymədiyi qapı" qalmayıb.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsində vətəndaşa bildirilib ki, "onlar bu cür məsələlərlə məşğul olmurlar".

 

Müdafiə Nazirliyindən isə Coşqunun Niftinova "adının siyahıda olmadığı" deyilib.

 

Həmin sehrli siyahıya adının düşməsi üçün görəsən C.Niftinov daha neçə il gözləməlidir?

 

Bütün təsdiqedici sənədləri özündə olan vətəndaşın adının siyahıya əlavə olunması məmurlar üçün niyə bu qədər əziyyətli məsələyə çevrilib?

 

Müdafiə Nazirliyi və ümumiyyətlə bütün dövlət orqanları tərəfindən kadr işə qəbul edərkən bir sıra müsabiqələr, müsahibələr təşkil olunur. Amma heç bir dövlət qurumu  kadrlarını müsabiqənin  insanlıq mərhələsindən keçirtmir. 

 

Halbuki vətəndaşlara xidmətlə məşğul olmalı qurumlarda ən önəmli vəzifə “ilk öncə insan” prinsipi olmalıdır.



 




Ana səhifəyə qayıt        Baxış: 6 281          Tarix: 14-01-2023, 13:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma