Xəbər lenti

"Hərdən mənə elə gəlir ki, ailə ömürlük cəza koloniyasıdır".

Fərqanə Mehdiyeva- bu imzanı şeirsevərlər yaxşı tanıyır. Salyan rayonunun Ərəbqardaşbəyli kəndində dünyaya göz açıb. 1981-ci ildən Respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edir. Azərbaycan Yazıçılar Birliyinin ədəbi  orqanı olan "Ulduz" jurnalında poeziya şöbəsinin redaktorudur. Prezident təqaüdçüsüdür.
  Tanınmış şairlə müsahibəni "Ovqat.com"un oxucularına təqdim edirik:

 -Oxucular sizi kifayət qədər yaxşı tanıyır. Siz necə,onlarla ünsiyət saxlayırsınızmı? Yəni şair-oxucu münasibəti sizin müstəvinizdən baxanda hansı səviyyədədir?

-Yazarın var-dövləti, təsəllisi oxucudur. Hiss edirsən ki, kimsə səni oxuyur, dinləyir; rahat olursan. Yazdıqlarına inamlı olursan. Mətbuatda şeirlərim çıxanda, televiziyada, radioda çıxışlarım olanda gələn saysız-hesabsız zənglər məni oxucularıma daha da dogmalaşdırır.

-Poeziya insanlara lazımdırmı? Ümumiyyətlə poeziya , sizcə nəyisə həll edirmi?
-Poeziya hər bir insana lazımdır. Poeziya olan yedə saflıq var, kövrəklik var. Tarixdən oxumuşuq, bəzən şahlar da poeziya qarşısında susublar. Şeir böyük qüvvədir. Ən daş qəlbli adamı da şeirlə yumşaltmaq olar. Poeziya yeri gələndə nəyisə həll edir, amma şairin ömrünü yeyir. Şeir şairin qatilidir.

-Sizə elə gəlmirmi ki, bu gün Azərbaycan poeziyası dərin qazılmış bir quyuya bənzəyir və hərə əlinə keçəni o quyuya atır. Əslində yaxşı ilə pis o qədər də seçilmir.

-Yaxşı ilə pis həmişə seçilib. Bir az tanışbazlıq, yerlibazlıq, qohumbazlıq artıb. Bu "keyfiyyətlər" ədəbiyyata da yol açdı. Yaxşı şair adı gələndə elə yaxşıların adı çəkilir. Amma bəzi mükafatlar haqqı olmayanlara verilir. Şeir, poema, kitablar yazıb satanlar da var. Kilosu neçəyədir, deyə bilmərəm.
Cild-cild kitablar çıxarıb sarayları zəbt eləyənləri demirəm. 50 yaşında qəfil şair peyda olur və məclislərdə də başda oturur. Belə hallar zaman-zaman olub, amma belə olmayıb. Yaxşı şairlərin, istedadlı adamların yeri həmişə görünür.

-Mətbəxlə poeziyanı necə bir yerdə tuta bilirsiniz?

-Qadın həmişə mətbəxə baglı olur. Mən çox şeirlərimi mətbəxdə, yemək bişirəndə düşünürəm.
" Ehtiyac" adlı şeirim var. Bəzən nəyəsə ehtiyacım olanda nahara şeir bişirirəm.

Mən düzüm sözləri vərəq süfrəmə,
Kim bilir familli, adlı çıxacaq.
Ürək qabarından yaranan şeirin,
Çox güman tikəsi dadlı çıxacaq.

Məni qınamayın, ürək yagımla,
Sözü qızardacam sogan əvəzi.
Bir kimsə tapmadım, üz tutdum hara,
Qonagım olasız ay mən kimilər,
Şeir bişirəcəm bu gün nahara.

-Qadın şair üçün ailə sırada neçənci yerdə durur?

-Mənim üçün həmişə birinci yerdə durub. Çalışmışam ki, tərəzi heç vaxt əyilməsin. Danlanmışam da, xörəyim də yanıb, dəmim də qaynayıb, amma əziyyətlərə qatlaşmışam. Bir də yaxşı şeir dinləniləndə oxucu dərhal düşünər ki, bu şair evdə, eşikdə övladına, ailəsinə necədir görəsən?Çalışmışam ki, bu suallar qarşısında utanmayım.
Hərdən mənə elə gəlir ki, ailə ömürlük cəza kaloniyasıdır. Yaxşı mənada. Düzdür, bu türmənin yaxşı, pis yerləri var. Mən türmənin yaxşı yerindəyəm. Çətinliklərə dözməlisən ki, ailə dagılmasın. Ailə bütöv olanda cəmiyyət udur. Ailənin bütöv qalması üçün gərək hər iki tərəf güzəştə getməyi bacarsın.
Qadın şairin ərinə, kişi şairin xanımına həmişə ürəyim yanıb, yazıgım gəlib.

-Sizcə, şeir nə zaman "doğulur"? 

-Şeirlərimin çoxu yollarda yaranıb. Elə hara gedirəmsə məqsədim şeir yazmaq, mövzu tapmaq olub. Yol gedə-gedə, yaxud mərtəbələri qalxanda bu misralar keçib ürəyimdən:

Nədir bölünəsi, bölə bilmirik,
Bəlkə bizlik deyil, bilə bilmirik.
Neyləyək ölənlə ölə bilmirik,
Qalanla gedirik belədən-belə.


Bir sözdü deyirəm, bu da SÖZ-dü ki,
Bu SÖZ ömrümüzü elə üzdü ki,
Dünyada olanın nəyi düzdü ki,
Yalannan  gedirik belədən-belə.

-Son vaxtlar səhhətinizdə bəzi problemlər yaranıb. Ətraf aləmdən qayğı hiss edirsinizmi? Ümumiyyətlə,sizə qayğı varmı?

-2012 ci il dekabrın 9-da "Ömrümə qara kagız aldım". Heç kəsdən heç nə ummuram. Amma çətinlik çəkirəm. Yeri gələndə mənə dəstək olanlar olur. Bəzən mənə olan dəstəyi mənimsəyənlər də olur. Bakıda iki dəfə əməiyyat oldum. Azərbaycan Yazıçılar Birliyi, başda Anar müəllim olmaqla, mənə gücləri çatan köməkliyi əsirgəmədilər.
Elə adlar var ki, onları çəkmək istəyirəm. Sona Vəliyeva, Əjdər Ol, Nəzakət Məmmədli, Mübariz Məsimoglu. Aləm Kəngərli, Süleyman Abdulla, Arzu Nehrəmli məni tək qoymayıblar. Mərhum yazıçımız Rafiq Tagı demişkən:Qəbrimin üstünə gələnləri gördüm. Çox sag olsunlar. Əslində xəstə də, saglam da aldıgı əmək haqqı ilə öz ehtiyaclarını ödəməlidi. Heç kəsdən kömək ummamalıdı. Bu barədə çox əziyyət çəkirik. Ona görə də həkimin yazdıgı dərmanı hər gün qəbul etmək əvəzinə, həftədə bir gün qəbul etməyə məcbur olursan. Belə olanda
düşünürəm ki,  dogrudan da bizi Allah saxlayır.

-"Ulduz"un işığı üstünüzə düşürmü?

-"Ulduz" sevilən jurnaldır. Kollektivimiz çox mehribandır. Baş redaktorumuz çox işıqlı inşandı. Həm "Ulduz"un, həm də "Ulduzlar"ın işıgı həmişə üstümə düşür.

-Ənənəvi sual: yeni yaradıcılıq planlarınız?

-Şeirin ucbatlndan" adlı şeirlər kitabımı çıxarmaq istəyirəm. Arzu çoxdur. Allah ömür versin. "Ovqat"ımız yaxşı olsun təki. Amin. Hər şey ovqatla baglıdır. Təbii ki, adamlar yanvar ayı kimi soyuq olmaya, ətraf mühit saglam ola. İnsanlar bir- birinin uguruna sevinə, hər kəs öz yerində ola. Onda arzulara köklənirsən, gələcək planların haqda düşünürsən. Mənim planlarımın həyata keçməsi ovqatımdan asılıdır. İşıq üzü görəcək "Şeirin ucbatından" şeirlər kitabım da ovqatıma köklənib. Allah ömür versin. Ovqatımız xoş olsun təki.

Söhbətləşdi M.Tahir



Ana səhifəyə qayıt        Baxış: 2 437          Tarix: 17-04-2017, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma