![](/templates/Wmediat51/images/vetendash.jpg)
“Azərbaycan hökuməti qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar matəm elan etməlidir. Bilirsiniz ki, Türkiyə hökuməti 1 həftəlik matəm elan edib. Bundan savayı, Albaniya və Şimali Makedoniya kimi ölkələr də matəm elan edib. Əlbəttə, Azərbaycan xalqı bu ağır fəlakətin baş verməsindən etibarən Türkiyəyə yardımlar edir və bu istiqamətdə xalqımız səfərbərdir. Təbii ki, xilasetmə işləri davam edir və dünyanın 60-dan çox ölkəsi Türkiyəyə yardımlar edir. Azərbaycan xalqının da Türkiyə sevgisi möhtəşəmdir və xalqımla nə qədər qürur duysam da, azdır. Ümid edirəm ki, həm Azərbaycan dövləti, həm də xalqımız türk xalqına yardımlarını imkan daxilində davam etdirəcək"
Bu sözləri Ovqat. com-a açıqlamasında "Sülh" Araşdırmaları İnstitutunun rəhbəri, politoloq Kamal Əliyev deyib.
Həmsöhbətimiz vurğulayıb ki, Türkiyə və türk xalqını bu ağır durumdan çıxarmaq üçün səylərimizi artırmalı, sona qədər üzərimizə düşəni etməliyik: "İndi görürük ki, həm Avropa, həm də ərəb dövlətləri Türkiyəyə yardımlarını davam etdirirlər. Ümid edirəm ki, Türkiyəni bu ağır təbii fəlakətdən xilas etmək üçün Türk Dövlətləri Təşkilatı da əlini daşın altına qoyacaq. Əsl qardaş, dost yaman gündə tanınar. Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr vahid koordinasiya mərkəzi quraraq, zəlzələnin nəticələrinin aradan qaldırılmasında fəallıq göstərməlidirlər", - deyə Kamal Əliyev bildirib.
Ayşəm Əlili
Paylaş: