Ukrayna Müdafiə Təmas Qrupunun üzvləri Ukraynaya yardımə davam etdirməkdə qərarlıdırlar və Ukrayna qüvvələrinin yaz hücumu zamanı uğurlarına inanırlar.
Ovqat.com-un məlumatına görə, bu fikirləri ABŞ Müdafiə naziri Lloyd Ostin səsləndirib.
“Biz görürük ki, Rusiya Federasiyası döyüş meydanına yeni qoşunlar yerləşdirir. Ukraynanın indi etmək istədiyi döyüş meydanında onların xeyrinə olacaq şərait yaratmaqdır. Yazda onların hücumunu gözləyirik. Ona görə də biz Təmas Qrupunda olan tərəfdaşlarımızla çox işləyirik ki, Ukraynanın zirehli texnika potensialı sahədə lazımi effekt yaratsın”, - ABŞ-lı nazir Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Brüsseldə düzənlənən iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.
Pentaqonun rəhbəri əlavə edib ki, o, Ukraynanın təşəbbüsü ələ alacağına və özünə əlverişli şərait yarada biləcəyinə inanır.
“Birgə səylərlə açıq şəkildə bildirdik ki, biz Ukraynanı və onun müstəqilliyini nə qədər lazımdırsa, o qədər dəstəkləmək niyyətindəyik. Biz qətiyyətli addımlar atmağa davam edəcəyik. Ayın əvvəlində ABŞ Ukraynaya növbəti hərbi yardımını, o cümlədən HIMARS sistemləri və sursatlarının, tank əleyhinə mərmilərin ayrılacağını açıqlamışdı. Bundan əlavə, biz Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün əlavə 1,75 milyard dollar ayırdıq”, - deyə o bildirib.
Pentaqonun rəhbəri vurğulayıb ki, gələn həftə Rusiyanın sülhsevər qonşusu Ukrayna ərazisinə təcavüzünün başlanmasının ildönümü olacaq. Onun fikrincə, Moskva “qonşusuna bir ildir faciə və terror gətirib” və bütün dünya ukraynalıların cəsarətinə heyrandır.
Ostin vurğulayıb ki, müttəfiq ölkələr Ukraynanı lazım olan hər şeylə təmin etmək üçün səylərini davam etdirəcəklər.
“Buna görə də biz səylərimizin sinxronlaşdırılmasını müzakirə etdik”, - deyə o əlavə edib.
Pentaqon rəhbəri bildirib ki, Təmas Qrupunun üzvləri Ukraynaya ABŞ-dan Bradley və Abrams, Böyük Britaniyadan “Challenger” tankları, həmçinin ABŞ, Hollandiya və Çexiyadan modernləşdirilmiş tanklar ayırmaq qərarına gəliblər.
Yardım planına həmçinin Kanada, Almaniya, İspaniya, Norveç, Danimarka, Hollandiya, Polşa və Portuqaliyadan Leopard tanklarının göndərilməsi kimi mühüm addımlar da daxildir.
“Bu gün biz ciddi hava hücumundan müdafiə vasitələrinin ayrılması barədə eşitdik. Fransa və İtaliya birlikdə Ukraynaya hava hücumundan müdafiə sistemi təhvil verəcək. Fransa həmçinin 155 kalibrli döyüş sursatının istehsalı üçün Avstraliya ilə tərəfdaşlıq elan edib”, - Ostin bildirib.
Bundan əlavə, Ostin vurğulayıb ki, onun və həmkarları üçün prioritet Qərbin Ukraynaya silah tədarükünün “məqsədinə uyğun” istifadəsini təmin etmək və “silahların yayılmasının qarşısını almaq üçün tədbirlər” var.
Ostin əmin edib ki, Təmas Qrupunun üzvləri bu məsələdə həmrəydirlər və Ukraynanın təhlükəsizliyini təmin etmək üçün lazımi işi davam etdirmək əzmindədirlər.
Paylaş: