Xəbər lenti


Vətənimizin və millətimizin yaşam səlnaməsində əbədi işıq saçmış şəxsiyyətlər çox olub. Onlar müxtəlif sahələrdə fəaliyyət göstərməklə öz gərgin əməyi, iş üslubu, əməli, ədalət ölçüsü, təmizlyi, istedadı ilə millətin yaddaşına və tarixi səlnaməsinə əbədi həkk olmuşdur. 

 

Belə şəxsiyyətlərdən biri də, dövlət və siyasi xadim, hüquq elmlər doktoru, Azərbaycan Respublikası prokuroru, müstəqil dövlətimizin ilk Ədliyyə naziri, SSRİ Baş prokurorluğunun idarə rəisi vəzifəsində işləmiş İlyas Abbas oğlu İsmayılovdur.

 

20 mart 1938-ci ildə anadan olmuş İlyas İsmayılov 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinn əyani şöbəsini əla qiymətlərlə bitirdikdən sonra Leninqrad Dövlət Universitinin aspiranturasına daxil olmuş, vaxtından əvvəl müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almaqla Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi kimi fəaliyyətini davam etdirmişdir. 

 

1972-1978-ci illərdə Azərbaycan KP MK-nin İnzibati Orqanlarla İş Şöbəsində təlimatçı işləmiş, 1978-ci ildə Azərbaycan Respublikası prokurorunun müavini, 1985-ci ildən 1990-cı ilə kimi Azərbaycan Respublikası prokuroru və sonrakı illərdə müxtəlif məsul vəzifələrdə çalışmışdır.

 

Prokuror kimi İlyas müəllimi sələflərindən fərqləndirən və yaddaşlara həkk edən hansı xüsusiyyətlər idi: İlk növbədə ədaləti, təmizliyi, bütöv şəxsiyyəti və millət sevərliyi ilə prokuror nüfuzunu Konstitutsiyada nəzərdə tutulan səviyyəyə qaldırmağa nail oldu. Bununla yanaşı İlyas müəllim tələbkar, qanunun aliliyini gözləyən, cəsarətli şəxsiyyət olmaqla bərabər  mənən saf, peşəsində məsuliyyətli, tabeliyində olan işçilərin mənəvi saflığına, təmizliyinə , ədalətinə diqqət edən, onları yad təsirlərdən qorumağı bacaran rəhbər olmuşdur. Əməl, əqidə və nüfuz sahibi olan İlyas müəllim ədalətin qələbəsi naminə gərgin əmək, faydalı, işıqlı, halal mübarizə yolu seçməklə nəsillər üçün nümunə oldu. 

 

İlyas müəllimin haqq ədalətə sədaqəti imandan, inancdan, millət sevgisindən qaynaqlanırdı. Tanıyanlar, tabeliyində işləyənlər yaxşı bilirdilər ki, O, bütün məsələlərdə-təmizlikdə, geyimdə, danışmaqda, işə münasibətdə , özünə nəzarət etməklə, tabeliyində olanları və ətrafındakıları da öz davranışı ilə islah etməyi bacarırdı. Bu keyfiyyət Allahın ona bəxş etdiyi lütfü idi. İlyas müəllim prokurorluq əməkdaşlarının peşə hazırlığına xüsusi diqqətlə yanaşırdı. Savadlı, təcrübəli, peşə hazırlığı yüksək olan prokurorluq işçilərini irəli çəkməklə rayon prokuroru və digər yüksək vəzifələrə təyin edirdi. Bundan əlavə həmin vaxtlar SSRİ-nin müxtəlif şəhərlərində çalışan milli kardları Azərbaycan dəvət edib işlə təmin edirdi.Həmçinin məhkəmə və digər   hüquq mühafizə orqanlarında işləyən savadlı tanınmış hüquqşünasları prokurorluğa işə dəvət etməklə yüksək vəzifələrə təyin edirdi. Buna misal olaraq Ali Məhkəmənin üzvü V.Nəzərovu, İ.Dadaşovu, Y.Axundzadəni və başqalarını göstərmək olar. İlyas müəllimin təşəbbüsü ilə həyata keçirilən təyinatlarda hər hansı proteksiya və yaxud xahiş qeyri mümkün idi. İlyas müəllim kadr məsələsində partiya və dövlət rəhbərlərinin ona göstəriş verməsinə yol verməzdi. Müxtəlif vəzifələrdə işləməsinə baxmayaraq hər yerdə tutduğu vəzifənin fövqündə dayanar, onun incəliklərini, labirintlərini elə mənimsəyirdi ki, heç kəsin nəyisə irad tutmasına yol vermirdi. Bunun şahidiyəm ki, kollegiya iclaslarının birində Mərkəzi Komitənin İnzibati Orqanlarla iş Şöbəsinin müdiri Yasif Nəsirli çıxışında prokurorluğun və İlyas müəllimin ünvanına əsassız iradlar bildirdi. İlays müəllim dərhal ona kəskin və tutarlı cavab verdi. Yasif Nəsirli   pis vəziyyətə düşərək donub yerində qaldı. Yüksək vəzifə sahibinə İlyas müəllimin belə sərt cavab verməsi onun peşəkarlığından, erudisiyasından irəli gələn bir keyfiyyət olmaqla, həm də mənliyini uca tutması ilə əlaqədar idi. Sadaladağım və sadalamadığım yüksək keyfiyyətlər tutduğu vəzifənin fövqündə duran İlyas müəllimi millətin yaddaşına həkk etmişdir. Tarixi şərait hadisələri hansı səmtə yönəldib, hansı rəngə salsa da, şəxsiyyət natura sahibi olan əsl kişi üçün, bunun həlledici əhəmiyyəti olmur. Hadisələr burulğanı şəxsiyyəti cismən sarsıda bilər, ruhən yox! 

 

 

Həyatın bütün eniş- yoxuşlarında İlyas müəllim uca zirvədə görünürdü. Sarsılmaz, vüqarlı, təmənnasız, təmkinli. Bir-birindən sərt hadisələr onun kişilik vüqarinı əyə bilmədi. Bir şairin dediyi kimi, “Dərdə elə dözərəm, əlimdən dözüm ağlar” 

 

Amerika Bİrləşmiş Ştatlarının prezidenti olmuş A.Linkolnun gözəl bir deyimi var:- “İnsanların şəxsiyyəti güc və vəzifə zamanı ortaya çıxır”. Tarix bu deyimin həqiqət olduğunu təsdiq edib. İlyas müəllim daşıdığı bütün vəzifələrdə haqqın ədalətin tərəfində olmaqla parlaq şəxsiyyətini ortaya qoya bildi, xeyirxah, ədalətli, təmiz bir şəxsiyyət kimi millətimizin yaşam səlnaməsində  əbədi həkk olundu və yaddaşlarda qaldı. Heç də hər vəzifə sahibinə belə xoşbəxlik nəsib olmur. Bir müdrükün dediyi kimi, “Xoşbəxt olmağın ən gözəl yolu bir başqasını xoşbəxt etməkdir.” İlyas müəllim yüksək vəzifə daşıdığı bütün illərdə çoxlarına əl uzadıb. Onları xoşbəxt edib. Kimsəsizlərə dayaq olub. Ədalətin tərəzisini əyilməyə qoymayıb. Xoşbəxt etdiyi, dayağında durduğu şəxslərdən bəziləri ona qarşı vəfasız çıxsa da bunları Allah naminə etdiyini düşünmüşdür. Fransız yazıçısı Viktor Hüqonun yaxşı bir deyimi var: “Bir millətin böyüklüyü əhalisinin , ərazisinin çoxluğu ilə deyil, müdrik ağıllı və fəzilətli şəxslərinin sayı ilə müəyyən edilir.” Bu mənada İlyas müəllim millətimizin yaşam tarixinə əbədi həkk olunmuş müdrik, ağıllı və fəzilətli insandır. Hesab edirəm ki, gələcək nəsillər İlyas müəllimi xatırlayacaq və onun həyatını öyrənəcəkdir. 

 

Müdrik şəxsiyyət olan İlyas Abbas oğlu İsmayılov təhsil və SSRİ prokuroluğunda işlədiyi illər istisna olmaqla heç vaxt vətəni tərk etməmişdir. Yaratdığı “Ədalət” partiyasına rəhbərlik etməklə ölkəmizdə gedən siyasi proseslərə müdrik və ədalətli münasibətini bildirmişdir. İlyas müəllim 60, 70, 75, 80 illik yubileylərini Bakıda ailəsi və onu sevərlərin əhatəsində keçirmiş və xarakterinə, şəxsiyyətinə uyğun olaraq heç bir təmtərağa yol verməmişdir. 

 

20 mart 2023-cü ildə İlyas müəllimin 85 yaşı tamam olur. Əminəm ki, bu yubileyi də o doğmaları və onu sevərlərin əhatəsində keçirəcək. Ədalətli, müdrik millətimizin fəxri olan İlyas Abbas oğlu İsmayılovu 85 illik yubileyi münasibəti ilə təbrik edir, ona sağlam ömür, açıq zehin, ailə səadəti, Allahın ona bəxş etdiyi qalan ömrünü millətimizin rifahına sərf etməsini arzu edirəm. Sonda böyük şairimiz S.Vurğunun iki misrası yada düşür:

 

Əsrlər dolaşıb gəlib keçsədə, 

Tarix unutmayır mərd oğulları”.

 

Millətimizin mərd, cəsur, müdrik oğlu İlyas müəllim tariximizdə heç vaxt unudulmayacaq, həmişə gördüyü işlər , əməllərlə yaddaşlarda qalacaq.

 85 illik yubileyiniz mübarək olsun!

 

Təqaüddə olan prokurorluğun fəxri işçisi ,baş ədliyyə müşaviri Adil Əsgərov,

 

Gəncə şəhəri, 18.03.2023-cü il. 

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 387          Tarix: 20-03-2023, 07:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma