Ələmdar Məmmədov
Keçmiş prokuror
18 mart 2018-ci ildə tanınmış ictimai-siyasi xadim, Respublika Prokuroru və Ədliyyə Naziri vəzifələrində işləmiş İlyas İsmayılovun 80 yaşı tamam olur. Onun haqqında qələmə aldığım bu yazı İlyas İsmayılov şəxsiyyətini olduğu kimi ictimaiyyətə tanıtmaq niyyətindən irəli gəlir.
Hansı vəzifədə və statusda olursa-olsun,onun həmişə həyat kredosuna çevirdiyi əsas dəyər ədalətlilikdir.
İlyas İsmayılovun yüksək mənəvi keyfiyyətlərindən biri də təvazökar olmasıdır. Tale onunla səxavətli davranıb, çox şeylər bəxş edib –xarakter, yüksək əqli mühakimə qabiliyyəti, ciddilik, bir çoxlarının ən başlıca həyat amalına çevrilən yüksək vəzifələr… Bütün bunlara baxmayaraq, heç vaxt bu adamı əlində olan fürsətləriylə qürrələndiyini görən olmayıb. Əksinə, İlyas müəllim o qədər təvazökardır ki, bəzən onun haqqında yüz cür iftiralar atılır, yalanlar danışılır, amma o, bircə dəfə də olsun, tamamilə haqlı olduğu məqamlarda belə, özündən bəhs etmir, etdiyi xidmətləri, yaxşılıqları dilə gətirmir.
Məsələn, İlyas müəllim haqqında ən çox irəli sürülən ittihamlardan biri “pambıq işi”ilə bağlıdır. Guya, o, 1980-cı illərin ortalarında “pripiskaya” qarşı mübarizə adı altında xeyli günahsız insanı cəzalandırmışdı. Halbuki, 1986-87-cı illərdə bir sıra sovet respublikalarını qarsıb-qovuran “pambıq repressiyaları”ndan Azərbaycanı qoruyan məhz İlyas İsmayılov olmuşdu.
Mən şəxsən şahidiyəm ki, SSRİ Baş Prokurorluğu respublikamızda da pambıq “pripiskalarını” yoxlamaq üçün 70, yaxud 90 müstəntiq (sayını tam xatırlamıram) ayırmış və bu barədə Azərbaycana məktub göndərmişdi. Həmin vaxt mən Cəlilabadda prokuror işləyirdim. Bizim də bir işçimiz-müstəntiq “pambıq işini” araşdıran istintaq qrupuna daxil edilmişdi. Müstəntiqi geri qaytarmaq üçün İlyas İsmayılovun yanına gəlmişdim. Qısa söhbətdən sonra o, seyfin qapısını açıb içərisindən SSRİ Baş Prokurorluğundan gələn həmin məktubu mənə uzatdı və oxumağımı istədi. Oxudum, məktubda “pambıq işini” yoxlamaq üçün Moskvadan gələcək müstəntiqlərin qarşılanması, yerlə təmin olunması xahiş edilirdi. Oxuyub qurtarandan sonra İlyas müəllim mənə ikinci məktubu uzatdı. Özünün SSRİ Baş Prokurorunun müavininə yazdığı cavab məktubu idi. Məktubda qeyd olunurdu ki, “Diqqətinizə görə sağ olun. Amma biz öz daxili imkanlarımız hesabına bu işlərin öhdəsindən gələcəyik”.
İlyas müəllim daha sonra mənə niyə bu cür cavab məktubu yazdığının səbəbini də izah etdi. Bildirdi ki, Qdlyan, İvanov kimi başqa millətlərdən olan müstəntiqlərin Azərbaycana gəlməsini və “pambıq işi”ni araşdırmasını istəmir. Çünki ortada Özbəkistan təcrübəsi vardı və bu ölkədə minlərlə adam “pambıq işinin” qurbanı olmuşdu. Özbəkistanın birinci katibi, Nazirlər Sovetinin sədri və bu kimi yüksək vəzifə tutan çox sayda rəhbər kadrı, ziyalısı özünü bu repressiyadan xilas edə bilməmişdi. “Pambıq repressiyası” qurbanlarının başsız qalan ailələrini də bu hesaba əlavə etsək, həmin işdən yüz minlərlə özbək zərər görmüşdü.
İlyas müəllimin fikrincə, biz bu təcrübədən dərs almalı, “pambıq işini” ədalətlə araşdırmalıydıq. Millətin taleyüklü məsələsini başqalarına etibar etmək olmazdı .Məhz buna görə də cəsarətlə deyə bilərəm ki, İlyas müəllimin obyektivliyi, uzaqgörənliyi, mərkəz qarşısında ötkəmliyi və ən əsası, vətənpərvərliyi o vaxt Azərbaycanın bir çox zəhmətkeşini, rəhbər işçisini, ziyalısını repressiyalardan xilas etdi.
İlyas müəllim həm mənimlə söhbətində, həm də qısa müddətdən sonra keçirilən kollegiya iclasında çıxış edərək, bu işi özümüzün araşdırmağımızın vacibliyini “ağı qaradan ayıra bilmək” imkanlarımızla əsaslandırdı. Biz “pripiska”ya bulaşdırılmış xalqı yox, bu işi təşkil edən əsas günahkarları cəzalandırmalıydıq. Necə ki, elə də oldu.
İlyas müəllim prokurorluq orqanlarına o dövrün şərtləri baxımından ciddi inqilabi dəyişikliklər gətirdi. Onun zamanında prokurorların adətən ağır cəza istəməsi ənənəsinə son qoyuldu. Bunun üçün İlyas müəllim xüsusi kollegiya iclası keçirdi. İclasda iki rayonun prokurorunu ciddi tənqid edərək, adi bir hadisəyə görə, insanları məsuliyyətə cəlb etmələrini qınadı. Həmin prokurorlardan biri ot tayasına od düşdüyü üçün kolxoz sədrinin barəsində cinayət işi başlayıb ,həmin şəxsin məhkum olunmasına nail olmuşdu. İlyas müəllim bu cür yanaşma tərzinin yersiz olduğunu, bununla adi bir səhlənkarlığa görə təkcə kolxoz sədrinə deyil, həm də onun övladlarına zərbə vurulduğunu bildirdi. Çünki o dövrün kadr siyasəti ənənəsinə görə, valideyni, yaxın qohumu məhkum olmiş istənilən şəxsin karyerası bitir, onun rəhbər vəzifələrə təyin edilməsi, bəzən hətta kiçik dövlət işində çalışması belə mümkünsüz hala gəlirdi.Dəyəri deyək ki, 30-40 manat olan bir ot tayası üçün təkcə kolxoz sədrinin deyil, həm də onun övladlarının gələcəyinin ləkələnməsi İlyas müəllimi ciddi narahat edirdi.
İlyas müəllimin qəzəbinə səbəb olan digər məsələ bir başqa rayonda istintaq olunan cinayət işi ilə bağlı idi. Rayon məktəbində təssərrüfat müdiri işləyən bir xanıma prokuror CM-nin 86-çı maddəsinin 3-çü hissəsi ilə(kulli miqdarda mənimsəmə) çinayət işi başlamışdı. Həmin xanım isə yetim bir qız idi. Himayəsində 3 bacı-qardaşı vardı. İlyas müəllim kollegiya iclasında bu valideyinsiz qıza ağır cəza vermək təşəbbüsündə olan prokuroru çox sərt şəkildə tənbeh elədi, ciddi arxası olmasına baxmayaraq, üstündən heç bir il belə keçməmiş onu işdən çıxartdı.
Mən həmin kollegiya iclasında ötkəm, prinsipial, olduqca ciddi adam kimi tanınan İlyas müəllimin necə nəcib ürəyə sahib olduğunu anladım. Məhz onun bu nəcibliyi sayəsində Azərbaycanın prokurorluq orqanları bacardıqları qədər az cəza tələb etmək yolunu seçdi. Repressiv üsullara qədər varan ağır cəzalandırma ənənəsi tarixə qovuşdu.
İlyas İsmayılovun müsbət keyfiyyətlərindən biri də nəcib qəlbini əsrlər boyu ölkəmizin ən böyük mərəzi sayılan yerliçilik və qohumbazlıq hisslərindən uzaq tutmasıdır. Onun Respublika Prokuroru işlədiyi dövrlərdə ən yaxın ətrafının regional mənsubiyyəti çoxşaxəli idi. Heç bir zaman öz qohumlarının, yaxınlarının haqqı olmadığı iş üçün kiməsə ağız açmazdı.
Yaxşı yadımdadır, Cəlilabadda yenicə prokuror təyin olunduğum vaxtlar “şpaler işi” vardı.(şpaler-üzüm sahələrində istifadə olunan beton dirəklər) Məndən əvvəl başlanılmış cinayət işi idi. 1982-1984-cü illərdə onlarla sürücü dövlət əmlakını mənimsəməyə görə CM-nin 86- cı hətta 88-1(külli və xüsusi ilə külli miqdarda mənimsəmə) maddəsi ilə məhkum edilmişdi.Mən işə başlayarkən 50-60 “qurbanlıq” öz növbəsini gözləyirdi. Müstəntiq Kərimağa Tağıyevə tapşırdım ki, bu qədər insanı narahat etməyə dəyməz, hesabında daha çox çatışmazlıq olan bir nəfəri məhkəməyə verib, digərlərinin haqqında cinayət işinin icraatına xitam versin.İş elə gətirdi ki, hesabında ən çox 6500 manat çatışmazlığı olan sürücü tovuzlu çıxdı. Ona CM-nin 86-cı maddəsinin 3-cü hissəsi ilə ittiham elan olunmalı idi.(6 ildən 15 ilədək azadlıqdan məhrum edilmə) . Həmin şəxslə görüşüb dedim ki, sovxoz direktoru da kömək etmək şərti ilə ziyanı ödəyin, sənə, necə deyərlər, məcburi əmək tələb edə bilim. Adam mənim yanımdan narazı ayrıldı. Sonra eşitdim ki, ziyanı ödəyib. Məhkəmədə sürücünün cəzası 2 il məcburi əməyə cəlb edilməklə şərti hesab edildi .
Məhkəmədən sonra həmin adam yanıma gəldi. Bildirdi ki, həyat yoldaşı tərəfdən İlyas İsmayılovun yaxın qohumudur. Bu iş üçün İlyas müəllimin yanına gedərək, məndən şikayət edib. İlyas müəllim eynilə mən deyəni deyib. Adam xahiş edib ki, “bəlkə məni ona tapşırasınız”. İlyas müəllim isə buna ehtiyac olmadığını, mənim ədalətli mövqe tutacağıma, verdiyim sözə tapşırıqsız da əməl edəcəyimə inandığını bildirib.
Bəli, İlyas müəllim belə prokuror idi. O, yaxın qohumunu belə, öz işçisinə tapşırmamışdı…
İlyas müəllim həm də olduqca hümanist adamdır. O dövrün bütün prokurorları İlyas müəllimin həmin xüsusiyyətini bilir və buna görə də cəsarətli qərarlar qəbul edirdilər. Çox təfərrüatına varmadan bu barədə bir neçə faktla oxucuları tanış etmək istərdim.
Cəlilabadda yenicə işə başlamışdım. Məndən əvvəlki dövrdə Daxili İşlər Nazirliyinin istintaq-əməliyyat qrupu şərab zavodlarını yoxlamış, 800 min manatlıq mənimsə faktı ortaya çıxartmışdı. 8 nəfərin CM-nin 88-1 maaddəsi ilə(10 ildən 15 ilədək azadlıqdan məhrum etmə) təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışında dövlət ittihamının müdafiəsi mənə tapşırılmışdı. Hakim isə Ali Məhkəmənin üzvü Məmməd Abdullayev idi.
İş materialları ilə tanış olanda məlum oldu ki, ittihamdakı məbləğ real mənimsəmə faktından 600 min manat yüksəkdir. Zəng edib İlyas müəllimə dedim ki, istintaq orqanı ittihamı süni şəkildə şişirdib.(Şişirtmə bundan ibarət idi ki,Rusiyaya göndərilən 50 tonliq vaqonlarda çatışmayan 20-30 litr çaxırın dəyərini də ittihama əlavə etmişdilər.)İlyas müəllimin göstərişi ilə Respublika Prokurorunun 1-ci müavini Ələddin Sultanovun yanında 2 gün davam edən müzakirə aparıldı.Müzakirədə DİO-da istintaq və təhqiqata nəzarər şöbəsinin rəisi İsmət Qayıbov,şöbə prokuroru Vaqif Nəzərov,DİN-nin istintaq bölmə rəisi və Dima adlı müstəntiq iştirak edirdilər.Birinci gün müstəntiqlər,necə deyərlər,məni üstələdilər.İkinci gün müstəntiqlərin bütün dəlillərini Ali Məhkəmənin plenum qərarlarına istinad etməklə alt-üst etdim.Bəzən mübahisəyə keçən müzakirənin gedişində iş o həddə çatdı ki, adını çəkmək istəmədiyim yüksək vəzifəli şəxslərdən biri hirslənərək dedi:-Sən prokuror kimi deyil,vəkil kimi danışırsan.
Haşiyə
Heç kimə sirr deyil ki,uzun illər ərzində prokurorların ittihamdan imtina etməsi, ittihamı azaltma ənənəsi olmayıb.Prokuror protestləri yalnız cəzanın yüngüllüyündən verilib.Moskvanın xüsusi nəzarətində olan CM-nin 88-1maddəsi ilə təqsirləndirilən şəxslərə prokuror 12,13,15 il azadlıqdan məhrum edilmə cəzası təyin edilməsini xahiş edirdi.(Prinsipial prokuror).Məhkəmələr “humanislik edərək” bir il aşağı cəza verirdi.Vay o prokurorun halına ki,məhkəmə onun tələbindən yuxarı cəza verəydi.(Mövqesiz prokuror.)Nəhayət ittihamdan 600 min manat çıxılmasına razılaşdılar.Müttəhimlərin cəza məsələsində məni ən çox narahat edən,hələ ailə həyatı qurmamış,bütün ömrünü təsərrüfat işlərinə sərf etmiş,Üçtəpə kəndidə briqadir işləyən bir qız uşağının taleyi idi.Respublika Prokurorunun müavinləri ilə söhbətdə bu qız uşağına CM-nin 40-cı maddəsini tətbiq edib,5 il müddətinə azadlıqdan məhrum edilmə cəzası tələb etmək tövsiyə olundu.Məhkəmədə bütün müttəhimlərə maddənin ən aşağı həddində-10 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verilməsini xahiş etdim.(Bu həmin dövrün qaydalarından kənara çıxmaq idi.Dəymiş ziyanın çox olmasına və ödənməməsinə görə onların hər birinə 14-15 il müddətinə azadlıqdan məhrum edilmə cəzası tələb edilməli idi.)
Riski gözüm önünə alaraq briqadir qızın cəzasının CM-nin 41-ci maddəsinə əsasən şərti hesab edilməsini xahiş etdim.
İnanılması zor olsa da, bütün məhkəmə salonu, o cümlədən müttəhimlər belə, ayağa qalxıb mənim bu riskli qərarımı gurultulu şəkildə alqışladılar. Baxmayaraq ki, mən onlara əslində az cəza istəməmişdim. Lakin ədalətin “kəsdiyi barmaq” ağrımamış və mənim müttəhimlər arasındakı qadına hümanist yanaşmağım onları da sevindirmişdi.
Məni bu cür riskli qərar verməyə,hətta yüksək vəzifəli şəxslərin tövsiyəsini qulaq ardına vurmağa sövq edən, öz daxili aləmim və İlyas müəllimə olan dərin inamım idi. Bilirdim ki, bu böyük insan Azərbaycan qadınının həbsxanaya düşməsinə razı olmayacaq və atdığım bu addımı bacardığı qədər dəstəkləyəcək. Ona güvənib riskli addım atan prokuror təkcə mən deyildim, İlyas müəllimin ədalətli mövqeyi mənim kimi bütün həmkarlarıma eyni cəsarəti verirdi.
Bir çoxları onun ciddiliyindən və sərtliyindən də danışır. Amma bu ciddilik və sərtliyin altında böyük ədalət hissi dayanırdı. İlyas İsmayılov ağır cinayətlərə, vəhşiliklərə qarşı amansız, qəza nəticəsində törənən hadisələrə qarşı isə hümanist idi.
Mənim iştirak etdiyim ilk kollegiya iclasında İlyas müəllimin nitqi hələ də qulağımdan getməyib. “Toplardan sərçələrə atəş açmayın!”- səhv etmirəmsə, Qorbaçovun bu sözlərini İlyas müəllim öz çıxışında o qədər gözəl şərh etmişdi ki, həmin nitq hüquq tarixinə düşə biləcək səviyyədə idi. İlyas müəllimin bizə tələbi, təxminən, belə idi: “Kimliyindən asılı olmayaraq, dövlətə, xalqa, millətə qarşı qudurğanlıq edənlərin burnunu əzmək lazımdır! Yazıq insanlarla işiniz olmasın!”
İlyas müəllimin bu gün də aktual olan bu tələbi hüququn aliliyi prinsipinin təməllərini təşkil edir. Qanunlar hər kəsə eyni gözlə baxmağı, vəzifəsindən asılı olmayaraq, hamının əməllərinə layiqli qiymət verməyi tələb edir. Cinayətin araşdırılması səthi olmamalı, icraçılardan çox, onları qanunsuzluğa sürükləyənlər cəzalanmalıdırlar.
Məhz bu anlayışın nəticəsidir ki, İlyas İsmayılovun dövründə Azərbaycan hüquq sistemində cinayət işlərinə xitam verilməsinin sayı da artmışdı. Halbuki, o dövrlərə qədər, demək olar ki, bu hallar fövqəladə hadisə sayılırdı. Rusiyada cinayət işi xitamları 20%-i keçdiyi halda, bizdə buna yol verilmirdi. Kiçik məbləğlərə görə, insanlar məhkum edilirdilər. Azərbaycan hüquq-mühafizə və məhkəmə orqanlarının bu ənənəsi Stalin represiyasının davamını xatırladırdı. İlyas İsmayılovun islahatları sayəsində bu repressiv ənənənin də qarşısı alındı.
1983-cü ildə Masallıda prokuror köməkçisi olarkən qarşılaşdığım bir hadisə bunun ən baruz nümunəsidir. Hadisənin qısa məzmunu belədir.
Rayon sakinlərindən biri Neft Daşlarında işləyirdi. O, həm də sovxozda manqa başçısı idi. Ayın 15 gününü Neft Daşlarında, digər 15 gününü isə sovxozda işləyirdi. Neft Daşlarında olduğu zaman onun işini əmisi oğlu görür və sənədləşdirməni birgə aparırdılar. Hüquq- mühafizə orqanları həmin manqa başçısının fəaliyyətini yoxlayıb, guya 450 manat mənimsəmə tapmışdılar. Ona qarşı cinayət işi başlanması tələb olunurdu. Materialla tanış olub,cinayət işi başlamağı rədd etmək qərarına gəldim. Çünki hadisədə cinayət tərkibi yox idi. Uzaq başı, bu əməl mülki-hüquqi məsələ kimi həll olunmalıydı.
Mənim imtinamı görüb prokurorun özü CM-nin 86 maddəsinin 2-ci hissəsi ilə cinayət işi başladı. Savadlı bir hakimimiz vardı, o, işi əlavə istintaqa qaytardı. Prokuror işi yenidən məhkəməyə verib hökm çıxartdırdı. İlyas müəllim o zaman Respublika Prokurorunun müavini idi. Bu işdən xəbər tutan kimi həmin hökmdən Ali Məhkəməyə protest verərək işin əlavə istintaqa qaytarılmasına nail oldu. Nəhayət, prokuror həmin şəxsi 80 manat mənimsəmə ilə məhkəməyə verdi. İlyas müəllim Respublika Prokuroru vəzifəsinə təyin olunanda ilk qərarlarından biri həmin prokuroru işdən çıxartmaq oldu. Baxmayaraq ki, prokurorun güclü arxası vardı, amma İlyas müəllimin sərtliyi öz sözünü demişdi.
Yaxud başqa bir fakt. 1989-cu ilin payız ayları idi. Bir nəfər avtoqəza törətmişdi. Qəza nəticəsində atası ölmüş, öz oğlu və qardaşı oğlu ağır xəsarət almışdı. Həmin şəxs Xabarovsk şəhərində hərbi qulluqçu olmuş, bir il əvvəl qardaşı vəfat etdiyinə görə atasının təkidi ilə hərbi qulluqdan tərxis olunmuş və Cəlilabada qayıtmışdı.
Mən İlyas müəllimə telefon açdım. İşi məruzə etdikdən sonra zərərçəkmiş özü olduğuna görə, (qanunda bu nəzərdə tutulmamışdır) cinayət işini xitam etmək istədiyimi bildirdim. İlyas müəllim dərhal razılaşdı. Bir saat keçməmiş mənə zəng etdi. Dedi:- “Ələmdar, mövqeyin düzgündür, amma bir ildən sonra mən harada olacam, sən harada olacaqsan, bilmirik. Başqaları gəlib onu incidərlər. Ən yaxşısı budur ki, işi məhkəməyə göndər, dövlət ittihamını özün müdafiə et və şərti cəza istə. Məhkəmə ilə əlaqədar çətinlik yaranarsa, mənə bildir”.
Dediyi kimi də etdim. Həmin şəxsin cəzası məhkəmədə şərti hesab edildi. Bu da həmin dövrdə görünməmiş hadisə idi.
Ümumiyyətlə, İlyas müəllim bir neçə ağır cinayətləri çıxmaq şərti ilə bütün hallarda güzəşt etməyi bacaran prokuror idi.İlyas müəllim kövrək qəlbli və canı yanan insan idi.
Xidməti işimlə əlaqədar Respublika Prokurorluğuna getmişdim. İkinci mərtəbədə qara paltarlı bir qadın diqqətimi cəlb etdi. Diqqətlə baxdıqda tanıdım- Səmayə xanım idi. Səmayə xanım bizdən bir il sonra hüquq fakültəsini bitirmişdi. Qrup yoldaşı ləyaqətli prokurorluq işçisi olan Yusif Muxtarovla ailə həyatı qurmuşdu. Üç uşaqları var idi. Yusif Muxtarov bir neçə ay əvvəl xidməti vəzifəsini icra edərkən avtomobil qəzası nəticəsində həlak olmuşdu. Səmayə xanım prokurorluqda işləmək üçün müraciət etdiyini, lakin vakant yer yoxdur deyə imtina edilməsi barədə kadrlar idarəsi rəisinin imzası ilə olan məktubu mənə göstərdi. “İlyas müəllimə müraciət etmisənmi?”- deyə, soruşduqda, “Ona müraciət etməmişəm”- dedi.
Mən riski boynuma alaraq Səmayə xanımı üçüncü mərtəbəyə, İlyas müəllimin qəbul otağına qaldırdım. “Burda gözlə”, dedim- “İlyas müəllim çıxarkən səni görəcək və kimliyinlə maraqlanacaq”. Mən Səmayə xanımı orada qoyub, tez uzaqlaşdım. 15 gün sonra eşitdim ki, İlyas müəllim qapıdan çıxarkən Səmayə xanımı görmüş, kimliyi ilə maraqlanmış, onunla söhbət etmiş və bir neçə gün sonra Sumqayıt şəhərinə, prokuror köməkçisi vəzifəsinə təyin etmişdi. Sonradan eşitdim ki, İlyas müəllim Səmayə xanımın ev almasına da köməklik göstərib.
Qrup yoldaşım Əlizaman Dövlətov universiteti əla qiymətlərlə qurtarmışdı. Rayonların birində müstəntiq işləyərkən, bir cinayət işinin istintaqı ilə əlaqədar ona şiddətli töhmət elan olunmuş və 6 ay sınaq müddəti təyin edilmiş, lakin 6 aydan sonra attestasiyadan keçməmişdi. Prokurorluq orqanlarından xaric olunmaq təhlükəsi var idi. Məsələ Respublika Prokurorunun yanında müzakirə olunmalı idi. Mənə telefon açdı. Vəziyyəti bildirdi. Mən ona məsləhət bildim ki, mübahisə etməsin. Təhsil illərindəki durumunu İlyas müəllimə çatdırsın. (Əlizaman atasız böyümüşdü. Tələbəlik illərində pensiyaçı anası ona cüzi miqdarda pul göndərirdi. Yalnız təqaüdlə dolanırdı). Bir neçə saatdan sonra Əlizaman Dövlətov mənə zəng vuraraq İlyas müəllimin onu orqanda saxladığını bildirdi.İlyas müəllim işçilərini kənar müdaxilərdən qoruyan rəhbər idi.
Gənc yaşlarından rayon prokuroru vəzifəsində işləyən İlham Abbasov, səhv etmirəmsə, xidməti işi ilə əlaqədar töhmət almışdı. Töhməti götürülməmiş işlədiyi rayon Partiya Komitəsinin büro qərarı ilə şəxsi uçot vərəqəsinə yazılmaqla, ona şiddətli töhmət elan olunmuş və vəzifədə qalıb-qalmaması məsələsini müzakirə etmək üçün Respublika Prokurorluğu qarşısında vəsadət qaldırılmışdı. Hamı düşünürdü ki, İlhamı vəzifəsindən çıxaracaqlar.Hətta Mərkəzi Komitənən 1-ci katibi Ə.Vəzirovun da tələbinə baxmayaraq, İlyas müəllim onu qorudu. Bir müddət sonra iş yerini dəyişdi. Belə misallardan çox gətirmək olar.İlyas müəllim həm də qayğıkeş rəhbər idi.
1986-cı ilin noyabr ayında Respublika Prokurorluğunun Təşkilat-nəzarət şöbəsinin rəisi İdris Əsgərov telefonla mənə bildirdi ki, həftənin 6-cı günü seminar müşavirə keçiriləcək. Sənin də çıxışın nəzərdə tutulub. Seminara 2 gün qalmış xəstələndim. Həftənin 5-ci günü İdris müəllimə zəng edərək bildirdim ki, xəstə olduğum üçün seminarda iştirak edə bilməyəcəm.
Bazar günü idi. Saat 11 :00 radələrində evdə yataqda olarkən şəhərlərarası telefonla mənə bildirdilər ki, sizinlə Respublika Prokuroru danışacaq. Düzü həyəcanlandım, fikirləşdim ki, seminar- müşavirədə iştirak etmədiyimə görə İlyas müəllim mənə irad tutacaq. Lakin gözlədiyimin əksinə olaraq, İlyas müəllim səhhətimlə maraqlandı. Mən təşəkkürümü bildirdim. İlyas müəllim dedi ki, “10 günlük icazə verirəm. Gəl Bakıda müayinə olun. Lazım olsa, Səhiyyə Nazirindən xahiş edərəm”. Mən çox mütəəssir oldum və dedim ki, “İlyas müəllim, söz verirəm ki, bir daha xəstələnməyəcəyəm”.
Bəziləri deyirlər ki, İlyas müəllim kinli adamdır. Bəli, kinli və qəddar adam idi! Ölüm, zorlama, narkobiznes işlərini batıranlara, mafiozlara və onlara satılan prokurorluq işçilərinə, öz mənafeyini dövlət və xalq mənafeyindən üstün tutanlara qarşı kinli və qəddar, dönməz, çəkinməz və qətiyyətli prokuror, rəhbər idi. Amma şəxsi hisslərinin heç vaxt əsiri olmayıb.
İlk tanışlığımızı xatırlatmaq istərdim. 1980-ci ildə Masallıda prokurorun böyük köməkçisi vəzifəsində işləyirdim. Prokuror məzuniyyətdə olduğu üçün onu əvəz edirdim və otağında əyləşirdim. Bir gün şəhər telefonu ilə zəng olundu. “Salam, mən kimlə danışıram?”.
Dedim – “Sizə kim lazımdır?”
Həmin şəxs təkrarən soruşdu:-“Prokurorluqdur?”
Dedim-“Bəli”.
-“Familiyanız nədir?”
Mən yenə dedim ki, “Sizə kim lazımdır və kimsiniz?”
Bu sual-cavab bir neçə dəfə təkrar olunduqdan sonra, nəhayət zəng edən şəxs dedi:
– “Danışan Respublika Prokurorunun müavini İlyas İsmayılovdur!”
Çox pərt oldum. Özümü təqdim etdim. Dedi:
- Məmmədov, görünür, vətəndaşlarla da belə rəftar edirsiniz ki, Masallıdan 25-30 nəfər şəxs Mərkəzi Komitənin qarşısında toplaşıb. Sonra zəng etdiyi mövzunu deyib, dəstəyi asdı.
Həmin vaxt rayon prokurorluğunda müstəntiqin birinin iş yeri dəyişdirilmiş, digər müstəntiq istintaq qrupuna cəlb olunmuşdu. Prokurorluqda mən və prokuror köməkçisi Zəhra xanım Abdullayeva fəaliyyət göstərirdi. Raykomun büro iclasına gedə bilməmişdim. Birinci katib məni çağıraraq, büro iclasına gəlməməyimin səbəbini soruşduqda bildirdim ki, “İcraatımda çoxlu cinayət işləri var, prokuror vəzifəsini icra edirəm. Bir köməkçi var, o da məzuniyyətə gedir”. Birinci katib dəstəyi götürüb, Respublika Prokuroru Abbas Zamanova zəng etdi. Vəziyyəti bildirdikdən sonra dedi ki, “Mən əvvəllər də Sizə demişdim ki, Zəhra Abdullayevanın bu rayonda işləməsi düzgün deyil. Zorla məzuniyyətə getmək istəyir”. (Sonradan öyrəndim ki, Birinci katibin Z.Abdullayevanın yerinə öz namizədi var imiş). Mən çox pərt olmuşdum, iş otağıma təzəcə qayıtmışdım ki, İlyas müəllim zəng etdi və Zəhra Abdullayevanı telefona çağırtdırdı. (Zəhra Abdullayeva İlyas müəllimin yerlisi idi. Uzun müddət Tovuz rayon prokurorluğunda dəftərxana müdiri işləmişdi)İlyas müəllim Zəhra xanımı telefonla məzəmmət edirdi. Zəhra xanım isə “Məzuniyyət əmrim gəlsə də, mən getmək barədə təkid etməmişəm”- deyirdi. Mən vicdan əzabı çəkirdim. Bir bəhanə ilə Respublika Prokurorluğuna getdim. İlyas müəllimlə görüşdüm. Məni soyuq və rəsmi qarşıladı. Katiblə olan söhbətimi olduğu kimi İlyas müəllimə çatdırdım və söhbətin axırında bildirdim ki, “İş yoldaşımı satmaram və əgər bir qəbahəti varsa, birinci katibə yox, prokurorluğun rəhbərliyinə deyərdim”. İlyas müəllim gülümsədi. Ayağa durub əl uzatdı. “Olur belə işlər”- dedi.
Sonradan o, Respublika Prokuroru təyin olunandan bir ay sonra, ilk əmri ilə məni və Sərdar Əliyevi rayon prokuroru vəzifəsinə təyin etdi.
İlyas müəllimlə ikinci görüşüm də yadda qalan oldu. 1981-ci ildə Masallı rayon prokurorunun böyük köməkçisi vəzifəsində işləyərkən, icraatımda CM-nin 88-1 maddəsi ilə istintaq olunan cinayət işini respublika prokurorluğu rəhbərliyinə məruzə etməli idim. İstintaqa prokuror nəzarətini həyata keçirən Respublika Prokurorunun müavini Zakir Zeynalov məzuniyyətdə olduğundan,onun səlahiyyətləri İlyas müəllimə tapşıılmışdı. Düzü bir qədər yüngüllük hiss etdim. Zakir müəllim prokurorluqda- müstəntiq, şöbə prokuroru, rayon prokuroru, şöbə rəisi , bir sözlə, prokurorluğun bütün sahələrində işləmiş adam idi. İlyas müəllimin isə praktiki iş təcrübəsi yox idi. İnstitutu qurtardıqdan sonra elmi işlə məşğul olmuş, iki il Respublika Prokurorunun köməkçisi vəzifəsində işləmiş, Mərkəzi Komitə aparatında təlimatçı və hazırda da Respublika Prokurorunun müavini vəzifəsində işləyirdi. İlyas müəllimin qəbuluna gəlib, iki cildlik cinayət işini məruzə etdim. İlyas müəllim məruzəni diqqətlə dinlədi. Məruzə qurtardıqdan sonra həmin vaxta qədər eşitmədiyim sual-cavab başladı. Mənimsəmənin kanalını müəyyən etmək üçün nə kimi işlər görmüsünüz? Qulluq mövqeyindən sui-istifadə etmək yolu ilə mənimsəməni, tamah məqsədilə edilmiş vəzifədən sui-istifadəni ayırmısınızmı? Mənimsəmədə iştirak edən şəxslər hansı mərhələdə əlbir olublar. Məhkəmə mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarını nə üçün təyin etməmisiz? (Mən mütəxəssis rəyləri ilə kifayətlənmişdim). Bir sözlə, “praktiki işdə bir gün də işləməyən” bu adam 6 il yoxlama və istintaq təcrübəsi olan, öz üzərində daim işləyən, yeniliyə can atan və bir az da özündən razı olan praktiki işçini şahmat dili ilə desək, mat etdi. Mən İlyas müəllimin bütün göstərişlərinə əməl etdim. Mağaza müdiri CM-nin 86-cı maddəsinin 3-cü hissəsi, iki satıcı 86-cı maddənin 2-ci hissəsi ilə cəmi 6 nəfəri müqəssir qismində cəlb edib məhkəməyə verdim. Özüm sonralar 20 ildən artıq bu və ya başqa formada istintaqa nəzarəti həyata keçirərkən İlyas müəllimin üsullarından istifadə edirdim. Tabeliyimdə olan işçilərə “plenum qəralarının” dili ilə danışmağı məsləhət bilirdim. Ümumiyyətlə, İlyas müəllim praktiki işdə də elmi yanaşmanın tərəfdarı idi. Xatirimdədir bir cinayət işinin istintaqı ilə əlaqədar Masallı rayon prokuroru Əzizağa Həsənovla birlikdə məni qəbul etmişdi. İlyas müəllim söhbətə Əzizağaya yüngülvari iradla başladı:- O qadına həm ağır cəza vermisiniz, həm də əməlini düzgün tövsif etməmisiniz. Əməlin düzgün tövsif edilməməsi və cəzanın ağırlığından protest vermişəm. Biz hər ikimiz təəccüblə İlyas müəllimə baxdıq.
Həmin cinayət işinin qısa məzmunu:
Masallının kəndlərindən birində yaşayan Nənəxanım adlı qadın dələduzluqla məşğul olur, cindarlıq edərək, müxtəlif üsullarla camaatı aldadaraq külli miqdarda pul əldə etmişdi. Qadın haqqında CM-nin 147-ci maddəsinin 3-cü hissəsi ilə(Dələduzluq) cinayət işi başlanılmış, ona həmin maddə ilə ittiham elan olunmaqla iş məhkəməyə göndərilmişdi. İşin məhkəmə araşdırmasında dövlət ittihamını Əzizağa Həsənov özü müdafiə etmişdi. Məhkəmənin gedişi televiziyanın “İnsan və qanun”verilişi ilə bütün respublikaya yayınlanmış,hətta tamaşaçıların xahişi ilə təkrar göstərilmişdi. Nənəxanım 8 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdi. İlyas müəllim bildirdi ki, keyfiyyətli iş aparmısınız.Məhkəmədəki çıxışın da yaxşı idi,lakin qadının əməli CM-nin 147-ci maddəsi ilə deyil, 142-1 maddəsi ilə ( dini xurafatdan tamah məqsədi ilə istifadə etmə) tövsif edilməlidir. Xüsusi norma həmişə ümumi normanı üstələyir. Ona görə də protest vermişəm.Bir neçə aydan sonra Ali Məhkəmə protestə baxaraq təmin etdi və qadın azadlığa çıxdı.Həmin dövrdə Quba və Qaradağ rayonlarında nisbətən az əhəmiyyətli cinayətə görə təqsirləndirilən şəxslərə məhkəmə ağır cəza vermişdi. İlyas müəllimin təşəbbüsü ilə Azərbaycan SSR Ali Məhkəməsinə verilən protestlər təmin edilməmişdi. İlyas müəllim SSRİ Baş Prokurorluğuna cəzanın ağırlığından protest verilməsi üçün təqdimat yazır. SSRİ Baş Prokurorunun prostestinə əsasən SSRİ Ali Məhkəməsi həmin işlərə nəzarət qaydasında baxaraq protestləri təmin edir və hər iki təqsirləndirilən şəxs azadlığa qovuşur.İlyas müəllim bütün ciddiyyəti ilə bərabər qanunlara və qaydalara əməl etmək nümunəsi göstərirdi. Bir misal çəkəcəm. Hər il yanımda stajyor olurdu. Stajyorluq müddəti qurtardıqdan sonra prokuror xasiyyətnamə yazır və hansı işə yararlı olduğunu göstərirdi. Mən stajyorları bütün sahələrdə çalışdırır və xasiyyətnamə yazarkən prokuror köməkçisi vəzifəsinə tövsiyə edirdim. (Mircavan Kazımov, Fəxrəddin Qəhrəmanov, Şakir və s.) 1989-cu ildə Əhməd Abdullayevin stajyorluq müddəti başa çatdı. Onu da prokuror köməkçisi vəzifəsinə tövsiyə etdim. Kadrlar idarəsinin prokuroru telefonla zəng edərək bildirdi ki, Əhməd Abdullayevi müstəntiq vəsifəsinə təyin etmək istəyirik. Mən etirazımı bildirdim. Səhərisi günü bu məsələ ilə əlaqədar kadrlar idarəsinin rəisi zəng etdi. Mən yenə etirazımı bildirdim. Axşamüstü Respublika Prokurorunun müavini Mirağa Cəfərquliyev mənə telefon açdı və dedi ki, biz İlyas müəllimlə qərara gəlmişik ki, Əhməd Abdullayevi müstəntiq vəzifəsinə təyin edək. Sən nə üçün etiraz edirsən? Dedim:- Mirağa müəllim, mən onu prokuror köməkçisi kimi yetişdirmişəm. Onun müstəntiq təyin olunmasını məsləhət bilmirəm. Mirağa müəllim bir az əsəbi formada: -Hamımız ağızdolusu Qarabağ-Qarabağ deyirik.Biz Əhməd Abdullayevi Şuşa rayon prokurorluğuna müstəntiq təyin etmək istəyirik. Yalnız bundan sonra razılığımı bildirdim və Əhməd Abdullayev həmin gün Şuşa rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edildi. Bu misalı ona görə çəkirəm ki, təyinat məsələsi Respublika Prokurorunun müstəsna səlahiyyətinə aid olsa da, İlyas müəllim qəbul edilmiş qaydalardan kənara çıxmırdı.
İlyas müəllim təkcə Respublika Prokuroru deyil, həm də geniş miqyasda dövlət xadimi idi. Bir misal gətirəcəm. Prokurorluğun binasını təmir etmək üçün vəsait ayrılması barədə ona müraciət etdim. Mənə dedi ki, “Cəlilabad Prokurorluğunun binası pis deyil. Sizin rayonda onsuz da çoxlu tikinti işləri aparılır. Mən Prokurorluğa ayrılan vəsaiti tikintisi az olan rayonlara yönəldirəm».
Yardımlı rayon prokurorluğunun binası yox idi. Doğrudan da həmin vaxt Yardımlıda gözəl prokurorluq binası inşa edildi.
Ümumiyyətlə, İlyas müəllim Respublikada baş verən hadisələrə,ictimai- siyasi vəziyyətə dərindən nüfuz edirdi. 6 dekabr 1989-cu ildə Cəlilabad rayon partiya komitəsinin 1-ci katibi Ələsgər Qocamanov və milis rəisi Mətləb Rzayev mitinqçilərin tələbi ilə istefa verdilər. 13 sentyabr 1989-cu ildən 3 ay ərzində davam edən aramsız mitinq və qarşıdurmalardan təngə gəlib,mən də istefa verdim və İmişliyə evimizə gəldim. Axşam saat 10 radələrində məni telefona çağırdılar. Respublika Prokoru İlyas İsmayılov idi. Ona məlumat vermədən qərar qəbul edib, postumu tərk etməyə görə məzəmmət edəcəyini düşündüyüm halda, İlyas müəllim qayğılı səslə baş vermiş hadisəni soruşdu. Mən hadisəni müfəssəl danışıb, öz missiyamı başa vurduğumu və artıq işləmək istəmədiyimi bildirdim. İlyas müəllim dedi:- Cəlilabaddan MK-ya xeyli adam gəlib sənin qayıtmağını istəyirlər. Sabah günorta mənim yanımda olarsan. Səhərisi günü saat 16 radələrində İlyas müəllimin qəbulunda oldum. İçəri girən kimi durub mehribanlıqla əl görüşdü və məni pəncərə ağzına gətirdi. Aşağıda 30-40 nəfər əllərində plakat, İlyas müəllimin istefasını istəyirdi. O, sakit tərzdə əlini MK binasına tuşlayaraq,-oradan göndəriblər, dedi. Sonra aşağı düşüb, mitinqçilərin qarşısına çıxdı. İlk sözü bu oldu ki, o plakatın birində yazmısınız ki, “Qolçomaq oğlu İsmayılov”, bildirirəm ki, atam milis işçisi olub və mən körpə olarkən,cinayətkarlarla atışmada həlak olub. Mitinqçilər həmin plakatı dərhal yığışdırdılar. Sonra İlyas müəllim aksiyaçıları iclas zalına dəvət edib, iki saata yaxın onlarla söhbət etdi. Aksiyaçılar razı halda dağılışdılar. İlyas müəllim bu hərəkəti ilə xalqla dialoqa girməyin nümunəsini göstərirdi. O, yenə məni yanına dəvət edərək bildirdi ki, sabah Mirağa Cəfərquliyev , DİN-nin müavini Nurəddin Yusifovla birlikdə Cəlilabada gedəcək. Sən də iş yerində ol. Mən baş üstə deyib, səhərisi günü Cəlilabada qayıtdım. Əvvəlki yazılarımda qeyd etdiyim kimi, 29 dekabr 1989-cu ildə Cəlilabadda böyük qarşıdurma və ixtişaşlar baş verdi. Qan töküldü. Yüzdən artıq insan xəsarət aldı. 50-60 maşın yandırıldı və bir neçə inzibati bina dağıdıldı. Həmin günü axşam Puşkin rayon (indiki Biləsuvar) DTK-nın yerli şöbəsinin binasında MK katibi T.Orucov respublika hüquq-mühafizə orqan rəhbərlərinin iştirakı ilə müşavirə keçirirdi. O, məni dinləmək istəməyib, otaqdan çıxaranda, İlyas müəllim sərt şəkildə reaksiya verdi və dedi: - “Telman Xəliloviç, bəsdirin! Sizin “bezdarnı” partiya işçilərinizin hesabına bu oğlan 4 aydır səngərdədi”.Səhərisi günü, 30 dekabr 1989-cu il tarixdə İlyas müəllim mühüm işlər üzrə müstəntiq Oqtay Qasımovla Cəlilabad rayon prokurorluğuna gəldi. Masallı rayon prokuroru Əzizağa Həsənovla birlikdə hər üçü hadisə yerinə - yandırılmış və dağıdılmış RPK-nın binasına getdi. Həmin vaxtı raykomun binası qarşısında, 20 min adamın iştirakı ilə mitinq geçirilirdi. Raykomun binasından çıxıb, prokurorluğa qayıdan İlyas müəllimi və onu müşahidə edən şəxsləri mitinqçilər görürdülər. Bu zaman mitinqi idarə edən şəxs aksiyaçılara müraciətlə dedi:-Görürsünüz, qanunların keşiyində dayanan, ədalət carçısı Respublika Prokuroru İlyas İsmayılov da mafiyanı müdafiə edir, gələn kimi raykomun binasına getdi.O da xalqdan qaçır, xalqın içərisinə gəlmir. Bu zaman İlyas müəllim tribunaya tərəf vüqarlı addımlarla irəlilədi. O, yaxınlaşdıqca insanlar dəhliz açır və ona yol verirdilər. İlyas müəllim tribunaya qalxıb, əlini mikrofona uzatdı. Mitinqi idarə edən mikrofonu ona verdi. İlyas müəllim soruşdu:- Sənin adın nədir? - Səxavət. İlyas müəllim üzünü camaata tərəf çevirərək dedi:-Səxavətin danışdıqlarının hamısı yalandır. Mitinqdə uğultu əmələ gəldi. Sonra İlyas müəllim çoxsaylı suallara cavab verdi. Bütün cavablar qanun çərçivəsində və normasında idi. Bundan sonra yenə mitinqçilər dəhliz açdılar və İlyas müəllim prokurorluğa gəldi. (Video görüntü qalır). Həmin gündən sonra mən Cəlilabadı tərk etdim. Bir müddət məzuniyyətdə, bir müddət mülki şöbədə ezamiyyətdə oldum.Beş illik prokurorluq müddətim tamam olurdu. Mövcud şəraitlə əlaqədar rayona komissiya getmədi. Daxil olmuş sənədlər əsasında arayış yazıldı və fevral ayında SSRİ Baş Prokurorunun müavini Abramovun iştirakı ilə keçirilən kollegiya iclasında fəaliyyətim müzakirə edildi. Abramov kollegiyada dedi:- Yoldaş Məmmədovu müzakirə etmək yox, mükafatlandırmaq lazımdır. Mart ayının əvvəllərində İlyas müəllim məni dəvət etdi və təxminən aşağıdakıları dedi:-Sənin Cəlilabadda əziyyətin çox olub. Daha böyük rayona göndərmək istəyirdim. Lakin öz vəziyyətim qeyri-müəyyəndir. (Respublikanın yeni rəhbərlyi təbii ki, İlyas müəllimlə işləmək istəmirdi). Başqa rayona göndərsəm iş ləngiyə bilər. Sonra səni MK-da incidərlər. Ona görə də ikinci müddətə Cəlilabad rayon prokuroru təyin edilmə təklifi ilə sənədlərini MK-ya göndərirəm. Respublika Prokuroru İlyas İsmayılovun 11 iyun 1990-cı il tarixli əmri ilə yenidən Cəlilabad rayon prokuroru vəzifəsinə təyin edildim. Bir aydan sonra İlyas müəllim Respublika Prokuroru vəzifəsindən çıxıb, SSRİ Baş Prokurorluğunda şöbə müdiri vəzifəsinə təyin edildi.
Sual oluna bilər. Nə üçün yeni respublika rəhbərliyi İlyas müəllimlə işləmək istəmədi? Mən geniş araşdırma aparmadan və təfərrüatlara varmadan bir neçə hadisəni danışmaq istəyirəm. Hələ Respublika Prokurorunun müavini olarkən İlyas müəllimin yüksək ranqlı bədxahları əmələ gəlmişdi. 1984-cü ilin əvvəllərində İlyas müəllimin kurasiyasında olan cəzaçəkmə müəssisələrində qanunların icra vəziyyəti SSRİ Baş Prokurorluğu tərəfindən yoxlanılır. Yoxlamanın nəticəsi SSRİ Baş Prokuroru Rekunkovun yanında müzakirə olunur. Qərəzli tərtib olunmuş arayışda bütün çatışmazlıqlar İlyas müəllimin adına yazılmışdı. İlyas müəllim faktlarla və məntiqin gücü ilə bu sahədə prokurorun yeri və vəzifələri barədə danışır, arayışdakı qərəzli fikirləri alt-üst edir. SSRİ Baş Prokuroru Rekunkov deyir: - İlyas İsmayılovu cəzalandırmaq lazım deyil. (Məqsəd İlyas müəllimə cəza verilməsi və gələcək inkişafına mane olmaq idi). Bir neçə aydan sonra Voronej şəhərində SSRİ Baş Prokuroru Rekunkovun iştirakı ilə müttəfiq və muxtar respublika prokurorları müavinlərinin müaşavirəsi keçirilir. Rekunkov müşavirədə çıxış edənlərin demək olar ki, hamısına iradını bildirir və kəskin formada tənqid edir. Çıxışçılar siyahısında olmasa da, Baş Prokuror İlyas müəllimi tribunaya dəvət edir. İlyas müəllimin çıxışından sonra ona heç bir irad tutulmur. Bu onu göstərirdi ki, Rekunkov yüksək səviyyəli hüquqşünas kimi İlyas müəllimə böyük rəğbət bəsləyirdi.Həmin ilin sonunda İlyas müəllim ehtiyatda olan respublika prokurorlarının bir aylıq kursuna dəvət olunur. Kursda olarkən Rekunkov iki dəfə onu qəbul edir və nəhayət, 1985-ci ilin yanvar ayında İlyas İsmayılov Respublika Prokuroru vəzifəsinə təyin edilir. İlyas müəllimin partiya orqanlarını qane etməyən ilk hərəkəti “təhkimçiliy”-in aradan qaldırılması oldu.Prokuror kolxoz və yaxud sovxoza təhkim olur,iclaslarda təsərrüfat işlərinin gedişi barədə sorğulanırdı.Bu da prokuror nüfuzuna büyük zərbə vururdu.Nüfuzu olmayan prokuror başqalarının hüquqlarını necə qoruuya bilərdi?Ona görə də İlyas müəllim “təhkimçiliy”-in ləğv olunması barədə Mərkəzi Komitə qarşısında məsələ qaldırır və çətinliklərə baxmayaraq istəyinə nail olur.
Respublika Prokuroru vəzifəsində işlədiyi ilk aylarda MK-nin 1-ci katibi K.Bağırovla yüngülvari narazılıqları olur. Belə ki, K.Bağırov büro iclasında İlyas müəllimlə danışarkən səsini qaldırır. Səhərisi günü İlyas müəllim Kamran Bağırova işdən çıxması barədə raportla müraciət edir. Bundan sonra işlədikləri müddətdə Kamran Bağırov etik davranış qaydalarına həmişə əməl etməyə məcbur olur. Məişət Xidməti Nazirinin əmri bir nəfər işdən çıxarılır. Həmin şəxs Respublika Prokuroluğuna müraciət edir. Yoxlama zamanı şəxsin qanunsuz olaraq işdən çıxarılması müəyyən olunur və işə bərpa edilməsi barədə protest verilir. Lakin protestin baxılması gecikdirilir. Bir neçə gündən sonra MK-nin 2-ci katibi Y.Konovalov İlyas müəllimi yanına dəvət edir. İlyas müəllim içəri girəndə nazir B.Alekseyenkovu da orada görür. Y.Konovalov yarı zarafat, yarı ciddi deyir:- İlyas Abasoviç, nazir Sizdən narazılıq edir. İlyas müəllim sərt şəkildə cavab verir:-“Mən bu naziri qanunlara hörmət etməyə vadar edəcəyəm”. Y.Konovalov, gedə bilərsiniz, İlyas Abasoviç,- deyə onu yola salır. Səhəri günü protest təmin edilir və həmin şəxs əvvəllki işinə bərpa olunur. Bakı şəhər prokuroru Əliş Əliyevin prokurorluq müddəti 1989-cu ilin may ayında tamam olur. Əliş müəllimin xahişinə əsasən İlyas müəllim onu sentyabr ayına kimi vəzifədə saxlamaq qərarına gəlir. MK-nin 1-ci katibi Ə.Vəzirov büro iclasında bu məsələyə sərt reaksiya verir. İlyas müəllimlə yüksək səslə danışır. İlyas müəllim ona kəskin cavab qaytararaq, iclas zalını tərk edir.1990-cı ilin fevral ayında keçirilən kollegiya iclasında MK-nın inzibati orqanlarla iş şöbəsinin müdiri Yasif Nəsirli çıxışında çoxlu sayda mitinqçilərin həbsdən azad olunması barədə İlyas müəllimə birbaşa ittiham irəli sürərkən o, özünəməxsus ötkəm formada dedi:- Biz hamımız bu xalqın övladlarıyıq. Hər küçəyə çıxanı həbsə alıb, mühakimə etməliyik?! (Kollegiyanın işində SSRİ Baş Prokurorunun 1-ci müavini iştirak etdiyi üçün onlar rus dilində danışırdılar). Bu misallarla hesab edirəm ki, yeni rəhbərlik üçün İlyas müəllimin, necə deyərlər, arzu olunmaz şəxs olmasının səbəblərini oxucuya izah edə bildim. İlyas İsmayılovun respublikanın yeni rəhbərliyi tərəfindən haqsız təzyiqə məruz qalmasına görən azərbaycan ziyalıları və hüquq ictimaiyyəti onun müdafiəsinə qalxmışdı. Mətni undulmaz müəllimimiz Məmməd Xələfov tərəfindən yazılmış bir teleqramı oxucuların nəzərinə çatdırıram. Azərbaycan KP MK-nin bürosuna
“Hörmətli yoldaşlar! Bağban bağının ətirli meyvəsi ilə öyündüyü kimi, müəllim də savadlı, ləyaqətli tələbələri ilə fəxr edir. Bunlar çox təbii və pak hisslərdir. Respublikamızın prokuroru İlyas İsmaylov bizim gərgin, uğurlu əməyimizin parlaq ulduzudur. O, xalqımızın savadlı , ağıllı, obyektiv, insaflı, büllur kimi təmiz, ortalığa çıxarıla bilən işgüzar övladıdır. Xalqımızın belə övladları, təəssüf ki, çoz azdır. Onların taleyinə diqqətlə yanaşılmalıdır, əks halı zaman bizə bağışlamaz.Xalqımızın düçar olduğu bu bəlada hamımızın – həm bizim hər birimizin və həm də böyük umur sahiblərinin günahı vardır. Zaman hər kəsin payını verəcəkdir, buna şübhə olmamalıdır. İlyas İsmayılov haqqı müdafiə olunmağa layiq övladdır, onun barəsində ədalətsizliyə yol verilməməlidir”
Hörmətlə:
Məmməd Xələfov - h.e.d professor
Murtuz Ələsgərov - h.e.d. professor
Məsumə Məlikova - h.e.d. professor
Qasım Manayev - h.e.d. professor
Əziz Əsədov - h.e.d. professor
Tofiq Qafarov - h.e.d. professor
Əyyub Əsgərov - h.e.d. professor
Cəfər Mövsünov - h.e.d. professor
Kəmalə Sarıcalinskaya - h.e.n. dosent
Məmmədxan Rəsulov - h.e.n. dosent
Yusif Mehdiyev - h.e.n. dosent
13 mart 1990-ci il
Oxucuya belə görünə bilər ki, mən İlyas müəllimə yaxın adam olmuşam. Xeyr!!! İlyas müəllim Respublika Prokuroru vəzifəsindən çıxandan sonra SSRİ Baş Prokurorluğunda şöbə rəisi işləyirdi. 1990-cı ilin noyabr ayında Moskvada yaşayan yaxın dostum Yaşarla İlyas müəllimin görüşünə getdim və bir neçə gündən sonra onun xidməti bağında məclis quruldu. Söz demək növbəsi mənə çatanda dedim:
- “Mənə ilk dəfədir ki, İlyas müəllimlə bir stolda oturmaq nəsib olub”.
Məclisdə iştirak edən İlyas müəllimin dostu sözümü kəsərək, dedi:
-“Ay İlyas, sən bu oğlan haqqında o qədər danışmısan ki, fikirləşirdim ki, yaxın dostsunuz. Bu isə deyir ki, mən İlyas müəllimlə ilk dəfədir çörək kəsirəm”.
Cavabında İlyas müəllim dedi:
- “Mən Respublika Prokuroru olmuşam. Ələmdar mənim etimadımı doğruldan yaxşı prokurorlardan biri olub”.
Corc Cordan adlı xristian bir yazar Həzrət Əli(ə) haqqında bir tədqiqat əsərində qeyd edir ki, “Mən Əlini İsadan üstün tutmaq istədim, dini təəssübkeşliyim buna imkan vermədi. İsanı Əlidən üstün tutmağı isə vicdanım rəva görmədi”. Yazar bu tərəddüdünün səbəbini Həzrət Əlinin ədaləti və Allaha bağlılığı ilə əsaslandıraraq, deyir: “Həzrət Əli ədalətinin çoxluğu ucbatından ibadət mehrabında şəhid oldu”.
Mən hər dəfə İlyas müəllim haqqında fikirləşəndə Həzrət Əli(ə) haqqında deyilən bu fikirləri xatırlayıram. Çünki İlyas müəllimdə də ədalət hissi həddindən artıq güclüdür və onun hazırda cəmiyyətimizdə layiq olduğu yerdə olmaması da, zaman-zaman qərəzli ittihamlarla qarşılaşması da məhz bu məziyyətindən irəli gəlir.
Bəziləri düşünə bilər ki, İlyas İsmayılov məni prokuror vəzifəsinə gətirdiyi üçün bu yazını qələmə almışam. Bəri başdan demək istəyirəm: Mən Çəlilabad rayon prokuroru vəzifəsinə təyin ediləndə 4 il idi ki, respublika prokuroru A.Zamanovun əmri ilə ehtiyatda olan prokurorlar siyahısına salınmışdım.Il yarım idi Lənkəran rayon prokurorunun müavini vəzifəsində işləyirdim.Həmin vaxtlar respublikanın 3 və ya 4 kənd rayonunda prokuror müavini ştatı var idi. İlyas müəllimin yerinə kim Respublika Prokuroru vəzifəsinə gəlsəydi, mən yenə də hansısa rayona prokuror təyin olunacaqdım. Bu mənada təyinatımı İlyas müəllimin xüsusi hədiyyəsi kimi qiymətləndirmək olmaz. O, sadəcə qanunlara, daxili nizamnaməyə hörmət edən bir şəxsiyyət kimi, vəzifəsindən irəli gələn addımı atmışdı. O başqa məsələdir ki, öz vəzifəsini layiqincə yerinə yetirmək, insanlara qayğıyla yanaşmaq, ədalətli davranmaq da qabiliyyət tələb edir və bu üstün məziyyət hər kəsə nəsib olmur. İlyas müəllimdə isə bu qabiliyyət fitridir.
Gənclik illərindən dostluq münasibətində olduğum böyük yazarlarımızdan biri mənə sual etdi:İlyas müəllimdən söhbət düşəndə həmişə ağızdolusu tərifləyirsən.Özün dediyin kimi, o qədər kimsəsizlərə,arxasızlara,yetimlərə dayaq olub İlyas müəllim.Heç onlardan bu tərifləri eşitmirik.Mən dostuma:-”Böyük Fransız yazıçısı və sosialisti Anri Barbüss N.Ostrovskinin “Polad necə bərkidi”əsərini oxuduqdan sonra deyir:-Adam bu əsəri oxuyarkən insan olmağı ilə fəxr edir”.Mən də İlyas müəllimin rəhbərliyi altında işləyərkən,Prokuror olmağımla fəxr etmişəm,-dedim.
Paylaş: