Xəbər lenti


 

Azərbaycanın axtarışa verdiyi “Hüseyniyyun”un rəhbərləri  İranda niyə həbs edildi?

 

Ovqat.com-un məlumatına görə, molla rejiminə bağlı terrorçu "Hüseyniyyun" qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov İranın Qum şəhərində həbs olunublar.

 

Bildirilir ki, qrupun rəhbərləri 5 gün öncə Qumda saxlanılıblar.

 

Adıçəkilən şəxslər İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik və analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

 

Rəsmi Bakı dəfələrlə İrana Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyini bildirir və cinayətkarların təhvil verilməsini tələb edirdi. İran isə bu tələbə məhəl qoymurdu.  Əksinə, həmin şəxslərin Azərbaycana qarşı fəaliyyət göstərmələri üçün daha da münbit şərait yaratmışdır. Odur ki, İran legionerlərinin elə İrandaca həbs olunması bir çox müəmmalı suallara yol açır. 

 

Maraqlıdır ki, İran kəşfiyyat orqanlarına bağlı qüvvələri də eyni suallar narahat edir. Ermənipərəst yayımları ilə seçilən və SEPAH-a bağlılığını gizlətməyən Azəriha nəşri azərbaycanlı “legioner”lərin Qumda həbs olunduqlarıni bildirərək yazır: “Hüseyniyyun şiə hərəkatının liderlərindən ikisi Orxan Məmmədov və Höccətül-İslam Tohid İbrahimbəyli beş gün əvvəl Qumda həbs edilib. Bu iki şəxs İslam Respublikasına dəstək məqsədilə Qumda dini və ictimai fəaliyyətlə məşğul olan azərbaycanlıların döyüşən simalarından idi. Sual olunur ki, bu adamlar Ali Milli Təhlükəsizlik Şurası kimi qurumların mövcudluğuna baxmayaraq niyə həbs olunublar və İran qanunlarına görə onlara hansı ittihamlar irəli sürülüb?

 

“Hüseyniyyun”a qarşı bu cür aksiyalar son iki ayda Bakıda da baş verib, İran tərəfdarı olan yüzlərlə dini və ictimai fəallar həbs edilib. Təəccüblü odur ki, Əliyev rejiminin əleyhdarları həm də İranda həbs olunublar, niyə?!

 

İndi İranda qorxurlar ki, bu qeyri-adi vəziyyətin davam etməsi nəticəsində iranpərəst fiqurlar Bakıya təhvil veriləcək, bu halda onların həyatları təhlükə altında olacaq”. 

 

Ovqat.com-un şərhi

 

İranın azərbaycanlı legionerlərini həbs etməsinin səbəbləri barədə mülahizələr müxtəlifdir. Bəzi mülahizələrə görə, əslində həmin adamlar həbs olunmayıblar. Onlar harasa təxribata göndəriliblər və bu planı gizli tutmaq üçün legionerlər üzərində həbs səhnəciyi qurulub.

 

Digər versiya isə İranın geosiyasi tələblərinin yaratdığı zərurətlə bağlıdır. Belə ki, son zamanlar Qərb dünyasının ağır basqıları ilə üzləşən və qonşu dövlətlərin hamısını özünə düşmən edən İran ətrafdakı həlqələrin getdikcə daraldığını anlayır. Onun Azərbaycan və Orta Asiya dövlətlərinə qarşı siyasətləri istər-istəməz Türk ölkələrini İsraillə yaxınlaşmasına şərait yaradır. 

 

Üstəlik, bu siyasət təkcə Türk dünyası ilə də məhdudlaşmır. İran özünün məzhəbçi düşüncəsi və rəsmi ideologiyasını ətraf ölkələrə yaymaq strategiyası ilə nəinki Azərbaycan və digər Türk respublikalarını, həm də bütün İslam dünyasını qarşısına alıb və bu siyasətindən vaz keçmədikcə, Qərbin ikinci cəbhəsinə çevrilməkdən başqa yolu qalmayacaq. 

 

Çinin son zamanlar İranı islam ölkələri ilə yaxınlaşdırmaq cəhdi də bu qorxudan irəli gəlir. Amma Çinin bu səyləri İranın öz səhv siyasəti ucbatından istənilən effekti vermir. Çünki islam dünyası ilə İran arasında çözülməsi müşkül olan problemlər qalır və onlar istər-istəməz münasibətlərin yenidən pisləşməsinə zəmin hazırlaya bilər. Bunlardan bir neçəsini belə sadalamaq olar:


1.Suriya və Yəmən məsələsi: 


İran Suriyada ölkə əhalisinin 12%-dən çox olmayan Nusayriləri dəstəkləməklə həm əhalinin əksər qismini, həm də ərəb dövlətlərini öz qarşısına alır. Məhz bu səbəbdən Səudiyyə, BƏƏ kimi dövlətlərin bütün səylərinə rəğmən, Ərəb Liqası Bəşər Əsədi öz cərgələrində görmək istəmirlər. 

 

Eyni sözləri  Yəmənlə də bağlı söyləmək olar. Dünənə qədər Yəməndəki İrana bağlı husilərlə amansız mübarizəyə girən ərəb ölkələri Tehranla münasibətləri yenidən tənzimləmək üçün ondan güzəşt gözləyirlər. Əks halda bu günə qədər dəstəklədikləri vəkalət savaşçılarına deyəcəkləri sözləri qalmayacaq.

 

İslam dünyasının İrana yaxınlaşmasından narahat olan ABŞ administrasiyası da buna imkan verməz. Təsadüfi deyil ki, İranla Səudiyyə Ərəbistanı arasında Çində diplomatik münasibətlərin bərpasına dair müqavilə imzalanan kimi ABŞ öz nümayəndələrini Riyada göndərdi. Aprelin 11-də Ciddəyə gedən ABŞ senatoru Lindsi Qremi Vəliəhd şahzadə Bin Salman ilə görüşdü. ABŞ prezidenti Co Baydenin xahişi ilə Səudiyyə Ərəbistanına getdiyini gizlətməyən senator vəliəhd şahzadə ilə görüşünü “məhsuldar və səmimi” adlandırdı. Səudiyyə Ərəbistanından sonra İsrailə yollanan Lindsi Qreminin gündəmində İsraillə Səudiyyə Ərəbistanını arasında İbrahim anlaşmaları siyasətini yenidən bərpa etmək vardı. Qeyd edək ki, Tramp tərəfindən yürüdülən bu siyasət İsraillə ərəb dünyasını İrana qarşı birləşdirməyi nəzərdə tuturdu.

 


Lindsi Qreminin səfərindən bir gün sonra arpelin 12-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salman ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığı apardı. Ağ Evin rəsmi saytının yaydığı məlumata görə, danışıqda “Yəməndə müharibəni bitirmək üçün diplomatik səylər” və digər regional problemlər müzakirə edilmişdi.

 

Aprelin 13-14-də isə Səudiyyə Ərəbistanı növbəti ABŞ-dan olan qonaqlarını qarşıladı. Bunlar ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk, ABŞ-ın beynəlxalq enerji məsələləri üzrə xüsusi koordinatoru Amos Hokşteyn, ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Lenderkinq idi. Səfər zamanı ABŞ nümayəndə heyəti vəliəhd şahzadə Bin Salman ilə müxtəlif mövzuları, o cümlədən Yəməndəki müharibənin dayandırılması üçün atılacaq addımları və İran məsələsini müzakirə etmişdilər. 4 gün ərzində ABŞ-ın 5 yüksək rütbəli təmsilçisini qəbul etməsi Səudiyyə Ərəbistanının rəsmi Riyadla sövdə masasına oturduğunu təsdiqləyirdi. 

 


2. Türk dünyası ilə İsrailin yaxınlaşması

 

İranın Azərbaycana və Türk dünyasına qarşı məzhəbçi siyasəti istər-istəməz İsrailin bu regionda nüfuzunu artırır. Mayın 18-də Azərbaycana səfər edən İsrail Xarici İşlər naziri Eli Kohen Bakıda keçirilən Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında iştirak etdikdən sonra Türkmənistana getdi. O, Aşqabadda İsrail səfirliyini acdı. İranla sərhəddə yaxın ərazidə yerləşən Aşqabadda İsrail səfirliyinin açılması Tehranı narahat etməyə bilməzdi. Eli Kohenin bu səfəri son 30 ildən sonra İsrail Xarici İşlər nazirinin Türkmənistana ilk rəsmi ziyarəti idi. Bundan əvvəlki səfər 1994-ci ildə İsrailin Xarici İşlər naziri olan Şimon Peresin dövründə baş tutmuşdu.

 

Maraqlıdır ki, İranın Azərbaycanlı “molla legionerləri” həbs etməsi də bu səfərdən bir neçə gün sonraya təsadüf edir.

 

Son zamanlar Azərbaycan DTX-nın və DİN-in İran casuslarına qarşı apardığı uğurlu mübarizələr də Tehranın ölkəmizdəki şəbəkələrini sıradan çıxardıb. İran anlayır ki, bundan sonra Azərbaycanda öz istədiyi hərəkatı yarada bilməyəcək. Odur ki, həmin qüvvələrin İran daxilindəki mənbələrini də sıradan çıxararaq Azərbaycan və Türk dünyası ilə daha fərqli platformalarda əməkdaşlığa başlamalıdır. Bu isə sözsüz ki, beynəlxalq nəqliyyat layihələri və iqtisadi-ticari əməkdaşlıqdan keçir.

 

Bir sözlə, İran bu zamana qədər öz siyasətinin qurbanına çevirdiyi legionerləri qurban vermək yolunu tutub. Onun bu istiqamətdə nə qədər səmimi olub-olmadığını legionerləri Azərbaycana təhvil verib-verməyəcəyi müəyyənləşdirəcək.

 

 




Ana səhifəyə qayıt        Baxış: 7 567          Tarix: 28-04-2023, 12:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma