Xəbər lenti

İran xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən bu radikal-ekstremist, sağ təmayüllü terror qruplaşmasının əsas məqsədi vətəndaşlarımızı öz təsir dairəsinə salaraq, Azərbaycanda mövcud sivil, dünyəvi dövlətin dayaqlarını laxlatmaq imiş.

Tehran rejiminin alovlu müdafiəçisi rolunda çıxış edən “Hüseynçilər” illər­dən bəri din pərdəsi altında Azərbay­can cəmiyyətində pozuculuq fəaliyyəti ilə məşğul olublar. İran xüsusi xidmət orqanlarına bağlı bu radikal-ekstremist, məzhəbçi terror qruplaşmasının məqsədi vətəndaşlarımıza zərərli ideyaları aşıla­maqla, onları dövlətə qarşı körükləmək, mövcud quruluşu devirməyə çağırışlar etmək idi. Təlimatlarını Tehrandan alan dini fanatizmin əsirləri zombilər kimi ve­rilən bütün əmrləri sorğu-sualsız icra et­məyə hazır olublar. 

Ötən ilin oktyabrında Dövlət Təhlükə­sizlik Xidmətinin (DTX) yaydığı məluma­ta görə, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilb ki, 2018-ci ildən barələ­rində məhkəmənin qərarı ilə həbs qətim­kan tədbiri seçilərək, beynəlxalq axtarışa verilmiş İbrahimbəyli Tohid Alim oğlu, Əsədov Rövşən Elçin oğlu, Məmmədov Orxan Kamran oğlu, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) hazırda İranda gizlənirlər. Aşkar edilib ki, İran xüsusi xidmət orqanları, SEPAH-la yaxından əməkdaşlıq edən bu şəxslər Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaq istiqamətində də ideoloji təxribatla məşğul olublar.

• ARAYIŞ: 2016-cı ilin əvvəlində To­hid İbrahimbəyli adlı radikal terrorçu İra­nın Qum və Məşhəd şəhərlərində dini təhsil alan 14 azərbaycanlı tələbədən ibarət “Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı qruplaşmanı təsis edib. Tələbələ­rin hamısı hərbi təlim keçib və Suriya ərazisində İŞİD-lə mübarizə aparmaq və Suriya ərəb ordusunu dəstəkləmək üçün Dəməşqə göndərilib. 

 Hələ ötən əsrin 80-ci illərindən eti­barən beynəlxalq təşkilatların hesabat­larında İİR-in adı terrorizmi dəstəkləyən dövlətlər sırasında çəkilir. Tehran bu “imi­cini” bu gün də qoruyub saxlamaqdadır. ABŞ Dövlət Departamentinin 2019-ci ildə tərtib etdiyi “Terrorla bağlı ölkələrin Hesa­batı”nda (Country Reports on Terrorism) bütöv bir fəsil İrana həsr edilib. Molla rejiminin dəstəklədiyi “Hüseyniyyun” isə son illər İranla Azərbaycan arasında mü­şahidə edilən qarşıdurmada radikal üs­yançı qrup kimi özünü göstərdi. Özünün təhlükəsizlik maraqlarını prioritet sayan rəsmi Bakının Türkiyə, Pakistan və İsrail­lə hərbi əməkdaşlığını əhəmiyyətli dərə­cədə genişləndirməsi Tehran rejimində əməlli-başlı qıcıq yaradır. 

“Hüseyniyyun” buna uyğun olaraq, ölkəmizdəki dünyəvi hökumətin xarici və daxili siyasətinə qarşı daha radikal mövqe sərgiləməyə başlayıb. İran illər boyu “Hüseynçilər” Hərəkatı, İslam Par­tiyası, Müsəlman Birliyi Hərəkatı, “Şəhri­yar” Mədəniyyət Mərkəzi kimi təşkilatların fəaliyyətini stimullaşdıraraq, Azərbayca­nın mövcud demokratik quruluşuna qar­şı çıxıb. Adı çəkilən təşkilatların hamısı ölkəmizdə ayətullah Xomeyninin “İslam inqilabı doktrinası”nın yayılması, teokra­tik rejimin tələblərinə uyğun siyasi siste­min yaradılması üçün çalışıblar. 

Əslində, bu proses hələ də davam edir. Təsadüfi deyil ki, “Hüseynçilər”in lideri Tohid İbrahimbəyli əqidədaşlarını təkcə İŞİD-lə mübarizəyə deyil, eyni za­manda Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduğunu açıq şə­kildə bildirir. Aprelin 3-də Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında keçi­rilən aksiyanınm təşkilatçısı “Hüseyniy­yun” idi. Buraya toplaşan təbrizli “Hüsey­nçilər”, Azərbaycandakı “sionist rejimə” qarşı aksiyada Bakının İsrail dövləti ilə əlaqəsini qınayıb, Azərbaycanın rəsmi mediasında Xameneinin “təhqir edilmə­sini qətiyyətlə pisləyiblər”. 2022-ci ilin avqustunda Azərbaycanın Londondakı səfirliyinin binasında düzənlənən tama­şanın “rejissorunun” da bu məzhəbçi terror qruplaşması olduğu təkzib olunma­mış versiyalardan biridir. 

• ARAYIŞ: İİR-in Ali dini rəhbəri ayə­tullah Seyyid Əli Xameneinin Azərbay­candakı nümayəndəsi Ocaq Necatın ofisinin yerləşdiyi Hüseyniyyə məscidi il yarım bundan əvvəl DTX-nın həyata ke­çirdiyi kompleks əməliyyat-istintaq tədbir­ləri nəticəsində qapadılıb. 

* * * 

Son bir neçə onillikdə molla rejiminin İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) himayə etdiyi “Livan Hizbullahı”, Yəmən husiləri və İraqın milisləri kimi “Hüsey­niyyun” da İranın həm regionda, həm də dünyada yürütdüyü “hərbi-dini strategiya­sının” vacib atributuna çevrilib. Bu radikal dini təşkilat qısa müddət ərzində Azər­baycanda fəallaşmağa başladı. Məhz həmin dövrdə ölkəmizdə xarakterinə və icra üslubuna görə o vaxta qədər görün­məmiş qanlı hadisələr törədildi. 2018-ci il iyulun 3-də Azərbaycanın ikinci böyük şəhəri Gəncənin İcra hakimiyyətinin baş­çısı Elmar Vəliyevə binanın qarşısında sui-qəsd edildi. Hüquq-mühafizə orqan­ları dini radikalların bu cinayəti ilə bağlı dəlillər topladı, əsas şübhəli şəxs Yunis Səfərov həbs edildi. Onun “Hüseyniy­yun” qruplaşmasında olduğu, Qumda təlim aldığı və Suriyada döyüşdüyü üzə çıxdı. Yunis Səfərovun həbsindən son­ra göstəriş alan “Hüseynçilər” soyuq si­lahla polisə hücum çəkdi. Bu zaman iki polis əməkdaşı öldürüldü, üçüncüsü isə yaralandı. Həqiqətən də, buna qədər Azərbaycanda bu tip cinayətlər törədil­məmişdi. Gəncədəki qanlı olaylara görə məsuliyyəti “Hüseyniyyun”un boynuna götürməsi faktının özü çox

mətləblərdən xəbər verir. 

İki qonşu ölkə və xalq arasında Teh­ranın dindən uzaq İslam rejiminin səpdiyi ədavət toxumlarının təmizlənməsi, şü­bhəsiz, müəyyən vaxt aparacaq. Şübhə doğurmayan proqnoz isə ondan ibarətdir ki, şovinist fars iqtidarı dünyəvi Azərbay­cana qarşı hər türlü təxribatlar həyata ke­çirmək üçün daim münbit zəmin və fürsət axtarışında olacaq

Yeganə HACIYEVA, politoloq:

– Beynəlxalq hesabatlarda qeyd edilir ki, 1979-cu ildə islamçıların ha­kimiyyətə gəlişindən sonra, İranın dövlət strukturları tərəfindən dünyanın 20-dən çox ölkəsində sui-qəsdlər, ter­ror aktları təşkil edilib. Bu aktlar Avro­pa, Şimali və Cənubi Amerika, Afrika və Asiya daxil olmaqla, dünyanın 5 qitəsini əhatə edib. ABŞ Maliyyə Nazir­liyi 2016-cı ildə İranda yaşayan Əl-Qa­idənin 3 agentini müəyyənləşdirib və onlara qarşı sanksiyalar tətbiq edib. İndi İran rejiminin terrora dəstək ver­məsi qlobal problem kimi təsdiqlənib. 

BMT ekspertlər qrupunun 2018-ci il hesabatında göstərilir ki, İran rejimi ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən terror təşkilatlarına dəstək verməklə yanaşı, həm də onlara öz ərazisində sığınacaqlar yaradıb. “Əl-Qaidə” li­derlərinin İİR ərazisində “daha aydın göründüyü” bildirilir. İran bu təşkila­tın ölkədə qalmasına, maliyyə əmə­liyyatları aparmasına icazə verib, üzvlərinin Cənubi Asiya və Suriyaya daşınmalarına şərait yaradıb.

Bütün bunlar din pərdəsi altında gerçəkləşdirilən riyakar siyasətdir. Proses dini-ideoloji müstəvidə təq­dim edilsə də, mahiyyətcə İran döv­lətinin siyasi maraqlarına xidmət edir. SEPAH-ın formalaşdırdığı və maliy­yələşdirdiyi “Hüseyniyyun” terror təş­kilatı Azərbaycanın Təbrizdəki baş konsulluğunun qarşısında yeni aksi­yalar keçirib. Aksiyada azərbaycan­lı diplomatlardan İranı tərk etmələri tələb olunub. “Hüseyniyyun” terror təşkilatı İran mediasına verdiyi müsa­hibədə 2018-ci ildə Gəncə hadisələ­rinə görə məsuliyyəti öz üzərinə götü­rüb. Müsahibədən o da aydın olur ki, bu təşkilat Azərbaycanda daha geniş terror aktlarına hazırlaşır.


İmran BƏDİRXANLI, “Xalq qəzeti”  




Ana səhifəyə qayıt        Baxış: 4 998          Tarix: 13-04-2023, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma