Xəbər lenti

 

Dünən Ermənistan baş naziri Nikol Paşinyanın oğurlanmasını əks etdirən video yayılmışdı. Videodan görünürdü ki, İrəvan küçələrinin birində hərəkət edən bir maşın yavaşlayır və qapı açılaraq bir şəxs özünü yola atır. Arxadan gələn bir maşın isə onu vurur və ayağını sındırır.

 

İddia olunurdu ki, özünü maşından yola atan bu şəxs Paşinyanın oğlu Aşotdur. Onu Ermənistanda fəaliyyət göstərən “Oğulların çağırışı” ictimai təşkilatının üzvləri oğurlayıb.

 

Ovqat.com-un məlumatına görə, övladları II Qarabağ savaşında həlak olan valideynlərin yaratdığı “Oğulların çağırışı” ictimai təşkilatı bu faktı təsdiqləyib. 

 

Bəyanatda bildirilir ki, əslində Aşotu “oğurlayanlar” II Qarabağ savaşının qurbanlarının anaları imiş. Və onlar əslində Aşotu oğurlamayıblar. Yolda gedərkən görüb onu maşına dəvət ediblər. Aşot da anaların bu təklifini qəbul edib, yolun yarısında isə fikrini dəyişib və maşın sürətini azaldan kimi özünü hövlnak çölə atıb.

 

“Oğulların çağırışı” ictimai təşkilatının bu barədə yaydığı bəyanatı təqdim edirik:

 

“Aşot Paşinyanı guya “Oğulların Çağırışı” ictimai-vətənpərvərlik təşkilatının üzvlərinin qaçırması ilə bağlı məlumatlar yayılır.

 

Bir şeyi dəqiqləşdirib aydınlaşdırmalıyıq: adıçəkilən gənc özü mərhum qəhrəmanların analarından birinin maşınına minib, daha sonra bizə məlum olmayan səbəbdən maşından düşüb.

 

Sentyabrın 21-də Yerablurda iş üzrə növbəti məhkəmə iclasından sonra “Oğulların çağırışı” ictimai təşkilatının üzvləri məhkəmə binasını tərk edərkən təsadüfən Aşot Paşinyanla qarşılaşıblar.

 

Analar Aşot Paşinyana yaxınlaşaraq maşına minməyi, söhbət etməyi və birlikdə Yerablura getməyi təklif ediblər.

 

Aşot Paşinyan etiraz etmədən, heç kimin müdaxiləsi olmadan analardan birinin maşınına minərək Yerablur hərbi panteonuna gedib.

 

Sonra yolda bizə məlum olmayan səbəblərdən Aşot Paşinyan maşından düşdü. Maşında yalnız həlak olan qəhrəmanların anaları və Aşot Paşinyan olub.

 

Qalan məlumatlar yalandır”.

 

Ermənistan İstintaq Komitəsi də Aşotun bir arvad tərəfindən qaçırıldığını təsdiqləyib. Qurumun yaydığı rəsmi məlumatda deyilir:

 

“2020-ci ildə Qarabağda gedən müharibə zamanı həlak olan hərbçilərin valideynləri Apellyasiya Məhkəməsinin həyətində dayanıblar. Yanlarından keçəndə cəld ona yaxınlaşdılar, qışqırmağa başladılar, bəziləri də ona müxtəlif “işarə”lər göstəriblər.

 

Bir qadın ona yaxınlaşaraq, özünü həlak olan hərbçinin anası kimi təqdim edib və rahat danışa bilmələri üçün yaxınlıqda dayanmış maşınına minməyi təklif edib. O, maşına minəndə qadın qəfildən maşını işə salıb, bir az da irəli getmələrini, heç kimin onları narahat etməməsini əsas göstərib.

 

Maşında qadın müharibədən, ərazi və insan itkilərindən danışıb. Sonuncunun özünü nalayiq apardığını, sürət həddini aşdığını, yol hərəkəti qaydalarını pozduğunu görən Paşinyan avtomobili saxlamağı tələb edib ki, maşından düşə bilsin. Qadın deyib ki, oğlu öldürülüb, itirəcək bir şeyi yoxdur, onu öldürə bilər, ona görə də icazə almadan Yerablura aparır, sonra onu azad edib-etməməyə qərar verəcək.

 

Tsereteli kəsişməsinin yaxınlığındakı supermarketə yaxınlaşarkən Aşot Paşinyan qadının maşının sürətini azaltmasından istifadə edərək cəld maşının ön sağ qapısını açıb və hərəkət edərkən oradan tullanıb. Bir neçə saniyə sonra ayağa qalxarkən onu ağ rəngli “Toyota” vurub. O, arxaya dönüb baxanda sözügedən avtomobilin sürücüsü və sərnişinlərinin Apellyasiya Məhkəməsinin həyətində dayanan valideynlər olduğunu görüb. O, təhlükəsizliyindən narahat olduğu üçün dərhal supermarketin ərazisinə qaçıb”.

 

Məlumatda bildirilir ki, Aşotu qaçıran qadın saxlanılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 5 581          Tarix: 18-05-2023, 08:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma