Xəbər lenti


ABŞ-ın “USS Normandy CG60” kreyseri və USS Thomas Hudner DDG116 esminesinin müşayiəti ilə “USS Gerald R Ford CVN78” təyyarədaşıyan gəmisi dünən La-Manş boğazından keçərək Şimal dənizinə daxil olub.

 

Ovqat.com-un məlumatına görə, bu, SSRİ dağıldıqdan sonra ABŞ-ın təyyarədaşıyan gəmisinin ilk dəfə rus sərhədlərinə yaxınlaşma cəhdidir. 

 

Təyyarədaşıyan gəminin Baltik dənizinin girişində lövbər salması gözlənilir. Baltik dənizinin Rusiyanın dünyaya açılan əsas qapılarından biri olması və Finlandiyanın NATO-ya qəbulundan sonra bu dənizin tamamilə Rusiyanın üzünə bağlanması hər an bölgədə vəziyyətin gərginləşməsinə səbəb ola bilər. 

 

Nəzərə alsaq ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə NATO-nun növbəti sammiti keçiriləcək və bu sammitdə Ukraynanın və İsveçin də alyansa qəbul edilməsi məsələləri gündəmə gətirilə bilər, ABŞ-ın regiona nəzarətini gücləndirməsi təsadüfə bənzəmir. Çünki quyruğu tapdalanan Rusiyanın yaşananlara necə reaksiya verəcəyi bilinmir.

 


Son zamanlar İsveçin Baltik dənizinin ən böyük adası Qotlandda hərbi qürətini artırdığı da gələn məlumatlar arasındadır. Halbuki Rusiya ilə əldə edilən anlaşmalara görə, ada hərbsizləşdirilmiş vəziyyətdə olmalıdır. Qotland adasınin hərbiləşdirilməsi Rusiyanın Kalininqrad eksklavının təhlükəsizliyini sual altına qoyur və bu təhdid Kremli gözlənilməz addımlar atmağa vadar edə bilər. İsveçlə ABŞ və Böyük Britaniya arasında bağlanan müqavilələrə əsasən, onların bu ölkəyə hərbi dəstək vermək öhdəliyi var. Mümkündür ki, ABŞ bu öhdəliyi yerinə yetirmək üçün öz təyyarədaşıyan gəmisini İsveçə yaxın əraziyə göndərib.

  

Qeyd edək ki, “USS Gerald R Ford CVN78” təyyarədaşıyan gəmisi ABŞ-ın ən müasir gəmilərindəndir. 2008-ci ildə layihələşdirilib, 2017-ci ildə isə istifadəyə verilib. Eyni sinifdən olan Con F. Kennedi CVN-79 adlı ikici gəminin 2025-ci ildə istifadəyə verilməsi gözlənilir. Gəmi nüvə mühərriki ilə işləyir. Göyərtəsində Boeing F/A-18E/F Super Hornet, Boeing EA-18G Growler, Grumman C-2 Greyhound, Northrop Grumman E-2 Hawkeye, Lockheed Martin F-35C Lightning II, Sikorsky daxil olmaqla 90-a qədər təyyarə daşımaq imkanına malikdir. Bundan əlavə, SH-60 Seahawk helikopterləri və pilotsuz döyüş təyyarələri ilə də təchiz edilib. Bir sözlə, ortabab bir ölkənin hava qüvvələri qədər texnika və silah daşıma gücünə malikdir. Bu qədər geniş hərbi imkanlara malik gəminin Baltik dənizinin ağzına göndərilməsi ABŞ-ın istənilən sürprizlərə tam hazır olduğunu göstərir. Üstəlik, bu gəmini “USS Normandy CG60” kreyseri və USS Thomas Hudner DDG116 esminesi kimi güclü dəniz nəhəngləri də müşayiət edəcək.

 

“USS Normandy (CG-60)” - ABŞ Hərbi Dəniz Qüvvələrinin xidmətində olan Ticonderoga sinifli idarə olunan raket kreyseridir. Dəniz silahları və hava, yerüstü və sualtı qayıqlara qarşı raketlər təchiz edilmişdir. Kreyser 1945-ci ildən bəri ilk kruizində müharibəyə gedən ilk ABŞ hərbi gəmisi idi və 1998-ci ildə "ABŞ Hərbi Dəniz Qüvvələrinin “Tomahawks” raketləri ilə  ən çox hədəfi vuran kreyseri adına layiq görülüb.

 

USS Thomas Hudner (DDG-116) Arleigh Burke sinifli esminesidir. “USS Normandy (CG-60)” ilə müqayisədə xeyli müasir gəmidir. 2012-ci ildə gəminin düzəldilməsinə başlanmış, 2017-ci ildə isə istifadəyə verilmişdir. “USS Tomas Hudner”in missiyasına zenit, sualtı qayıqlarla mübarizə və yerüstü müharibə, həmçinin zərbə əməliyyatları daxildir.

 

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 5 996          Tarix: 20-05-2023, 09:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma