Xəbər lenti


Amerikanın iki raket gəmisi - «USS Donald Cook» və «USS Forrest Sherman» Baltik dənizinə daxil olub.

Ovqat.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzi məlumat yayıb.

Mərkəzin bildirdiyinə görə, Rusiya Federasiyasının Baltik Donanması idarə olunan raket silahları ilə təchiz edilmiş döyüş gəmilərinin hərəkətlərinə nəzarət edir.

Sual oluna bilər: Ukrayna-Rusiya müharibəsi sürərkən, ABŞ iki hərbi gəmisini niyə Baltik dənizinə göndərir? 

Fikrimizcə, bu sualın cavabı Baltik dənizinin starteji önəmi və sözügedən gəmilərin özəlliyində gizlidir. Gəlin, bu iki xüsusa birgə nəzər salaq.

Baltik Rusiyanın okeanlara açılan əsas dənizlərindən biridir. Rusiyanın dünyaya açılan  önəmli digər su hövzəsilərindən biri də Qara dənizdir ki, hazırda Ukrayna-Rusiya arasında müharibə getdiyindən onun da gələcəyi qeyri-müəyyəndir. Digər dənizlər isə ya Rusiyanın sənaye mərkəzlərindən xeyli uzaqda yerləşdiyindən dəniz ticarəti üçün rentabelli sayılmır, ya da ilin yarısını buz altında keçirirlər. Belə həssas dönəmdə ABŞ hərbi gəmilərinin Baltik dənizinə dislokasiyası Rusiyanın ikinci su nəfəsliyini bağlamağa xidmət edir və iki dövlət arasında gərginliyi daha da artıra bilər.



Xatırladaq ki, Baltikdə ən uzun su sərhədi olan İsveç və Finlandiya bu yaxınlarda NATO-ya daxil ola biləcəyi mesajlarını vermiş, bu da Rusiyada birmənalı qarşılanmamışdı. Hətta Moskvanın İsveç və Finladiyaya «təhlükəsizlik təminatı» ilə bağlı nota göndərdiyi bildirilirdi. Rusiyanın bu mesajı Qərb ölkələrində «Ukraynadan sonra növbəti hədəfin İsveç və Finlandiya ola biləcəyi» təhdidi kimi alqılanmışdı. ABŞ gəmilərinin Baltik dənizinə dislokasiyasını bu baxımdan NATO-ya üzvlük ərəfəsində olan Baltik ölkələrinin rus təcavüzündən qorunma cəhdi kimi də qiymətləndirmək olar.

Yeri gəlmişkən, USS Donald Cook esminesi ABŞ hərbi donanmasının NATO ölkələrinin müdafiəsini öhdəsinə götürən ən mühüm gəmilərindən sayılır. Gəmini digər həmcinslərindən fərqləndirən ən mühüm xüsusiyyəti ballistik raket qalxanı sayılan “Aegis” sisteminə malik olmasıdır. “Aegis” sistemi inkişaf etmiş radarların yer aldığı və atılan raketləri göydə zərərsizləşdirən «qalxan» görəvini yerinə yetirir. Eyni sistem 2014-cü ildən sonra Rumıniyada da qurulub. USS Donald Cook esminesinin Baltik dənizində yerləşdirilməsi Rumıniyadan İsveçə qədər ərazidə rus raketləri üçün keçilməz sədd yaradılması anlamına gəlir. Bu da onu göstərir ki, ABŞ Rusiya ilə münasibətlərin daha da gərginləşməsindən və Avropadakı müttəfiqlərinin raket hücumuna məruz qalması ehtimalından çəkinir.



USS Donald Cook-un digər bir özəlliyi «Tomahawk» raketi daşımasıdır. ABŞ-ın ən bahalı raketlərindən sayılan «Tomahawk» raketlərindən birinin qiyməti 1,4 milyon dollardır.  İlk dəfə 1991-ci ildə Körfəz Müharibəsində geniş şəkildə istifadə edilən bu raketlər daha sonra Serb Respublikasına (1995-ci il Həlledici Qüvvələr Əməliyyatı), Yuqoslaviya Federativ Respublikasına (1999 Müttəfiq Qüvvələr Əməliyyatı), Əfqanıstana (2001-ci il Müttəfiq Qüvvət Əməliyyatı) qarşı hərbi əməliyyatlarda mühüm tapşırıqları yerinə yetirmək qabiliyyəti ilə yadda qalmışdı. «Tomahawk» raketlərindən sonuncu dəfə 2017-ci ildə Suriyanın Xoms şəhərində yerləşən Şaryat Hava Bazasının (2017) (Suriya) bombardmanında da istifadə
edilmişdi. Həmin hücum zamanı atılan 80 raketdən biri belə, Rusiyanın Suriyada yerləşdirdiyi HHM sistemləri tərəfindən zərərləşdirilə bilməmiş, rus hərbi imici ilk dəfə məhz həmin vaxt yerlə yeksan olmuşdu. Rusiya ordusu bu başarısızlığını hücum zamanı S-300-lərinin radarlarını söndürməsi ilə əsaslandırmağa çalışsa da, heç kimi inandıra bilməmişdi.

Əslində isə «Tomahawk»ların rus HHM-nın gözündən yayınmasının daha ağlabatan izahı var. Zənnimizcə, kifayət qədər «ağıllı» raketlərdən sayılan «Tomahawk»ın 2017-ci ildəki uğurunun əsas sirri onun aşağıdan uçmasıdır. Zira bu xüsusiyyəti raketə radarlara yaxalanmamaq gücü qazandırır. Onun digər önəmli özəlliyi aşağı hündürlükdən uçmasına baxmayaraq, qarşılaşdığı maneələri müxtəlif manevrlərlə ötə bilməsi və beyninə yazılmış xəritəni rahatlıqla təsbit edib hədəfinə doğru irəliləməsidir. Saatda 880 km sürətlə hərəkət edən «Tomahawk»ların mənzili 1100 km-dir. Maraqlıdır ki, Baltik dənizindən Moskvaya olan məsafə də təxminən o qədərdir: 1109 km. Bu isə o deməkdir ki, lazım gələcəyi təqdirdə Baltikdə lövbər salan USS Donald Cook esminesindən atılan «Tomahawk» raketləri rahatlıqla Moskvadakı hədəfinə çata bilər.



«USS Donald Cook» esminesi bu yüksək keyfiyyətli qoruma gücü ilə ABŞ-ın ən strateji obyektlərini qorumaqla da ünlüdür. 2015-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən G-20 sammitində iştirak edən ABŞ prezidenti Barak Obamanın mühafizəsini bu gəmi həyata keçirmişdi.

Baltik dənizinə göndərilən digər gəmi «USS Forrest Sherman» da «USS Donald Cook» kimi uzaqdan idarə olunan raket daşıyıcısı sayılan  «Arleigh Burke» sinifinə daxildir. O da «Tomahawk» tipli raketləri və Aegis radar sistemi ilə strateji yerüstü hücum rolunu yerinə yetirməyə qadir olan çox missiyalı esmines kimi hazırlanmışdır.



ABŞ-ın iki güclü gəmisinin niyə Ukrayna savaşının ən kritik çağında Moskvanı vuracaq qədər yaxına gətirilməsinin sirrinə gəlincə, zənnimizcə, bunun səbəbi Vaşinqtonun öz rəqibi üzərində çəkindirmə gücünü artırması ilə əlaqədar ola bilər. Sirr deyil ki, ABŞ son zamanlar öz sözünü Rusiyaya qəbul etdirmək problemi yaşayır. Mümkündür ki, o, sözünün daha rahat Moskvaya çatması üçün dodağını onun qulağına yaxınlaşdırmaq istəyir. Bunun nə qədər işə yarayıb-yaramacağını isə Rusiyanın Ukraynada həyata keçirdiyi bombardmanların intensivliyini nə qədər azaldıb-azaltmamasında görə biləcəyik.

Heydər Oğuz,
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 332          Tarix: 8-03-2022, 09:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma