Xəbər lenti

 
Böyük Britaniyanın hərbi gəmisi “Defender”lə bağlı insidentdən sonra NATO Qara dənizdən çıxmamaq barədə qərar qəbul edib.
 
Ovqat.com-un məlumatına görə, Alyansın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın "Birinci kanal"-a müsahibəsində bu barədə açıqlama verib.
 
Onun sözlərinə görə, Böyük Britaniya Qara dənizdə yaşananlar barədə NATO-ya məlumat verib və Alyansa baş verənlərin "tam mənzərəsi" aydın olub: "Söhbət gəmiçilik azadlığından və Krımın Rusiyaya yox, Ukraynaya aid olmasından gedir və bu barədə NATO-nun qəti mövqeyi var. Bu insident zamanı NATO üzrə müttəfiqlər mənim sadaladığım prinsiplərin müdafiəsində öz möhkəmliyini nümayiş etdirdilər. Rusiya anlamalıdır ki, NATO müttəfiqləri bu məsələdə geri çəkilməyəcək", - deyə o bəyan edib.
 
Alyans nümayəndəsinin sözlərinə görə, NATO müttəfiqlərini və tərəfdaşlarını dəstəkləmək üçün Qara dənizdə öz nümayəndəliyini saxlayacaq. "Biz siyasi məsləhətləşmələr və informasiya mübadiləsi baxımından Gürcüstan və Ukrayna ilə daha sıx əməkdaşlıq edirik", - deyə Appaturay əlavə edib.
 
Xatırladaq ki, ötən çərşənbə günü Rusiya Müdafiə Nazirliyi Böyük Britaniyaya aid “Defender” hərbi gəmisinin Krımin Fiolent burnuna yaxın ərazidən keçərkən Rusiyanın su sərhədlərini pozduğunu açıqlamışdı. Nazirliyin iddiasına görə, rus sərhəd gəmiləri Böyük Britaniya esminetsinə dəfələrlə sözlü xəbərdarlıq etmiş, heç bir nəticə hasil olmayanda isə xəbərdarlıq atəşi açmışlar. Ardınca da rus  Su-24M təyyarələri esminetsin hərəkət marşrutu üzrə "xəbərdarlıq bombalaması" həyata keçirmişlər. Böyük Britaniya isə hərbi gəmiyə xəbərdarlıq atəşi açılmasını təkzib etmiş və ölkənin Baş naziri Boris Conson Kremlə Krımın Ukrayna ərazisi olduğunu xatırladaraq, bundan sonra da Kiyevin razılığı ilə həmin marşrutdan istifadə edəcəyini açıqlamışdı. 


 
Vəziyyəti tündləşdirən məsələ isə odur ki, hazırda Qara dənizdə Böyük Britaniyanın da iştirakı ilə NATO-nun ən böyük hərbi təlimlərindən biri keçirilir. Əksəriyyəti Alyans üzvü olan 32 ölkənin qatıldığı "Sea Breeze 2021" təlimi iyulun 10-na qədər sürəcək və təlim çərçivəsində iştirakçı gəmilərin Ukraynanın Odessa limanından Gürcüstanın Poti limanına hərəkəti planlaşdırılır. Odessadan Potiyə gedən ən qısa yol isə “Defender”in rus donanmasına “yaxalandığı” həssas bölgədən keçir. Hətta təlimlərə qatılmaq üçün Odesseya gedən gürcü gəmiləri də qəsdən bu bölgəyə yaxın sulardan keçərək Rusiyanın əsəb sistemlərinin möhkəmliyini yoxlamışdı. Rusiyanın Qara dəniz donanmasının gəmiləri isə heç olmasa gürcülərin “əndazəni aşmasına izn verməmək” üçün onları yol boyu müşayiət etmək məcburiyyətində qalmışdılar. Boris Consonun fikrindən isə belə çıxır ki, London Rusiyaya Qara dənizdə öz qürurunu qorumaq imkanı vermək fikrində deyil, digər ölkələrin gəmiləri buna cəsarət etməsə belə, Böyük Britaniyanın hərbi flotu təlim boyu Kremlin “qırmızı cizgiləri” üzərində hərəkət edəcək.
 
Londonun bu inadkarlığı Moskva tərəfindən təxribat kimi qiymətləndirilir və ciddi insidentlərə yol verməmək üçün hadisələrə təmkinlə yanaşılır. Rusiya prezidenti dünən “Birbaşa xətt”dəki çıxışında Krımda su sərhədlərini pozan Böyük Britaniya gəmisini Qara dənizdə “batıracaqları” halda belə, bunun III Dünya Müharibəsinə yol açmayacağını bildirmişdi. Putinin fikrincə, NATO qüvvələri III Dünya Müharibəsindən qalib çıxmayacaqlarının fərqindədirlər və məntiqlə Moskva ilə çiling-ağac oynamamalıdırlar. Rusiya prezidenti hər şeyə rəğmən Moskvanın özünü təmkinli aparmasının səbəbinə də aydınlıq gətirərək bildirmişdi ki, “Deferder” insidenti Böyük Britaniyanın öz ağlının məhsulu deyil, bu təxribatda ABŞ da iştirak edib: “İnsident zamanı Pentaqonun kəşfiyyat təyyarələri Rusiya hərbçilərinin cavab hərəkətlərini müəyyənləşdirməyə çalışıblar”.


 
NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın dünən Gürcüstanın rəsmi televiziyasına açıqlaması da Böyük Britaniyanın “Deferder” hərbi gəmisinin həqiqətən də Rusiyanı təxribata çəkmək istədiyini göstərir və bu cəhdlərin əsl məqsədini ortaya qoyur. Görünən budur ki, Alyansa Qara dənizin Ukrayna və Gürcüstan sərhədlərində daimi nümayəndəlik yaratmasl üçün Moskvanın aqressiv hərəkətinə ehtiyacı varmış. Rusiyanın Qara dəniz donanması “Deferder”-ə “xəbərdarlıq hücumu” belə, bu məqsədini həyata keçirmək üçün NATO-ya yetərli bəhanəni verir. 
 
Təsadüfi deyil ki, insidentdən dərhal sonra Böyük Britaniyanın ən böyük və müasir təyyarə gəmisi “HMS Queen Elizabeth (R08)” də Cənubi Kirp limanlarına gəlib lövbər saldı. Qara dənizin Aralıq dənizinə açılan yeganə qapısının astanasında lövbərlənən bu gəmi həm Suriyanın Tartus limanını və Xmeymim hava bazasını nəzarət altında tutacaq və onun Qırmızı dənizə keçişini əngəlləyəcək, həm də lazım olacağı təqdirdə ya Qara dənizə hərbi təyyarələrini göndərə biləcək, ya da bu su hövzəsinə bir qədər də yaxınlaşıb döyüş meydanına çıxacaq.
 
Sual oluna bilər: Bildiyimiz kimi, 1936-cı ildə bağlanmış Montre Konvensiyası Qara dənizə sahildaş olmayan bütün ölkələrə müəyyən limit çərçivəsində bu su hövzəsinə gəmi göndərmək izni verir. Əvvəla, bu gəmilər 23 gün müddətində Qara dənizi tərk etməlidirlər. İkincisi, ağırlıqları da müəyyən tonnaj həddində olmalıdır. Başqa sözlə desək, Qara dəniz sahilində yerləşməyən ölkələrin ağır hərb gəmilərinin bu su hövzəsində lövbər salmasına izn verilmir. Elədirsə, Böyük Britaniya və ABŞ kimi NATO ölkələri hansı hüquqa əsasən, Qara dənizdə daimi qüvvə saxlaya bilərlər?


 
Cavab: Elə Montre Konvensiyasına əsasən. Zira Konvensiyasının 20-ci maddəsinə görə, məlum məhdudiyyətlər sülh şəraiti üçün keçərlidir. Müharibə zamanı isə əgər Türkiyə döyüşən tərəfdirsə, hərbi gəmilərin boğazdan keçməsinin qaydalarını istədiyi kimi müəyyənləşdirə bilər. Bura gəmilərin tonnajı, Qara dənizdə qalma müddəti və qadağan olunan digər məsələlər də daxildir. Sənədin 21-ci maddəsinə görə, Türkiyənin özünü yaxınlaşan müharibə təhlükəsi altında hesab edərsə, yenə eyni səlahiyyətdən istifadə edə bilər. Rusiyanın Böyük Britaniya gəmisinə xəbərdarlıq atəşi açması, bundan sonra eyni hərəkətlər təkrarlanarsa, gəmini batırmaqla təhdid etməsi, prinsipcə, sözügedən hüququ doğurur. Çünki, NATO Nizamnaməsinə görə, müttəfiqlərdən hər hansı biri xarici təcavüzə məruz qalarsa, Alyansın bütün üzvləri bunu özlərinə qarşı hücum hesab etməli və birgə müdafiə olunmalıdır. Bu baxımdan İngiltərəyə hücum Türkiyəyə hücum sayılır və o, Montre Konvensiyasının 20 və 21-ci maddələrindən istifadə edib Boğazları müttəfiqlərinin üzünə daimi aça bilər.
 
Üstəlik, beynəlxalq müqavilələrə görə, Böyük Britaniya haqlı tərəfdir. Çünki onun gəmisi Rusiyanın yox, beynəlxalq qurumlar tərəfindən Ukraynanın tərkib hissəsi kimi tanınan Krımın su sərhədlərinin daxilində hərəkət edib və edəcək. Belə bir vəziyyətdə NATO-nun heç bir ölkəsi, o cümlədən Türkiyə də öz öhdəliklərindən boyun qaçıra bilməzlər. Görünür, Rusiya prezidenti Vladimir Putin Böyük Britaniya və ABŞ-ın Moskvanı qəsdən təxribata çəkdiyini deyərkən bunu nəzərdə tutur.
 
 
Qeyd edək ki, Rusiya hərbi-strateji boğazı sayılan bir regionda lövbər salan İngiltərənin “HMS Queen Elizabeth (R08)” təyyarə gəmisi tək də deyil. Əvvəla, onu müşayiət edən iri-xırdalı 9 ingilis gəmisi “HMS Queen Elizabeth (R08)”-in mühafizəsinə ayrılıb. Bu da onun etibarlı müdafiəsini təminat altına alır.


Kırımın ilhaqından əvvəl Qara dəniz ölkələrinin su sahələri


İlhaqdan sonra
 
İkincisi, çox da uzaq olmayan Yunanıstanın Suda dəniz bazasında ABŞ hərbi donanmasının ən güclü qolu sayılan 6-cı flotunun gəmiləri dayanır. Onlardan ikisinin – “USS Donald Cook” və “USS Roosevelt”-in bu ilin aprel ayının 14-15-də Qara dənizə göndəriləcəyi açıqlanmış və bu məlumat Rusiyada ciddi təşviş yaratmışdı. Moskva ABŞ-ı gözləmədən özünün 10-dan artıq gəmisini, Qara dəniz donanmasının bütün sualtılarını bölgəyə göndərmişdi. Bununla da kifayətlənməyib Ukrayna ətrafına 100 mindən artıq əsgər toplamışdı. Sonunda Pentaqon gəmiləri Qara dənizə göndərməkdən vaz keçmiş, ABŞ prezidenti Co Bayden rusiyalı həmkarına zəng edərək onu görüşə çağırmışdı. Baydenin bu zəngindən sonra Rusiya Qara dənizə göndərdiyi gəmilərini və əsgərlərini dislokasiya bazalarına geri qaytarmışdı. ABŞ-ın “USS Donald Cook” və “USS Roosevelt” gəmiləri isə aprelin əvvəllərindən Sudadakı bazalarından çıxmış və Egey dənizində lövbər salmışdılar. 
 
USS Donald Cook” və “USS Roosevelt” gəmilərinin döyüş təyinatı və onların Egeydə yerləşdirilməsi, bir müddətdən sonra isə “HMS Queen Elizabeth (R08)” təyyarə daşıyıcısının da Kipr adasında lövbər salması bir-biri ilə bağlı olan hadisələrdir. Belə ki, çoxfunksiyalı “USS Donald Cook” və “USS Roosevelt” esminetslərinin vəzifələrindən biri sahib olduğu raketlərlə təyyarə daşıyıcıları qorumaqdır. Egey dənizi isə “HMS Queen Elizabeth (R08)”-in hazırda bulunduğu Kipr adasına yaxındır. ABŞ esminestlərinin təchiz olunduğu “Tomahawk” yer-yer qanadlı raketləri, “ASROC (VLA)” tipli vertikal vuruş raketləri, “Phalanx” tipli yaxın mənzilli silah sistemi (CIWS), Haroon tipli  gəmi əleyhinə raketləri, müasir sualtı əleyhinə raket sistemləri və s. kimi silahlar nəinki “HMS Queen Elizabeth (R08)”-i, həmçinin bir çox obyektləri uzaq və yaxın, hətta sualtı hücumlardan qoruya bilər.
 
Üstəlik, USS Donald Cook” və “USS Roosevelt” esminetslərinin ton yarımlıq “Tomahawk” raketlərinin mənzili hardasa 700 km (600 dəniz mili), uçuş sürəti 880 km-dir. Bu potensialla həmin gəmilərin əslində Qara dənizə girməsinə ehtiyac da yoxdur. Egey dənizindən Mərmərə dənizinə keçməklə rahatlıqla Qara dənizin istənilən bölgəsini zərərsizləşdirə bilər.  Hərbi ekspertlər məhz bu özəllikləri nəzərə alaraq, Pentaqonun əslində əvvəldən həmin gəmiləri Qara dənizə göndərmək niyyətində olmadığı düşünürlər. Bu mülahizəyə görə, ABŞ məlum bəyanatla Rusiyaya “Qara dənizi nəzarət altına almaq üçün gəlirəm” mesajı verirdi. 


 
Qısası, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Alyansın Qara dənizdən çıxmayacağına dair iddiaları gəlişi gözəl sözlərə bənzəmir. Belə görünür ki, NATO qüvvələri Rusiyanı Qara dənizdə boğmağa qərar veriblər. Yeni gəlmişkən, Appaturay həmin müsahibəsində 44 günlük müharibədən sonra Qarabağda yaranmış vəziyyətdən də bəhs etmiş və rus “sülhməramlı”larına uzağı 5 il ərzində bölgədə qonaq olduqlarını xatırlatmışdı: “Dağlıq Qarabağda müharibədən sonra baş verənlər Gürcüstanın təhlükəsizliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmadı. Hazırda Rusiya qüvvələri Azərbaycandadır və Gürcüstan ətrafında daha çox rus qoşunu var.
 
Düşünürəm ki, Azərbaycan da rusiyalı hərbçilərin mövcudluğunu müvəqqəti hadisə kimi qəbul edir. Bildiyim qədər söhbət beş illik müddətdən gedir. Biz bu vəziyyəti gürcü həmkarlarımızla müzakirə edəcəyik”.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 7 149          Tarix: 1-07-2021, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma