Xəbər lenti


Paşinyanın dünən Qarabağla əlaqədar səsləndirdiyi bəyanatı Daşnaksütyun üçün sürpriz olmayıb.

 

Ovqat.com-un məlumatına görə, Ermənistan parlamentinin daşnak deputatı İşxan Saqatelyan bu gün keçirdiyi mətbuat konransında belə deyib.

 

O, hesab edir ki, Paşinyanın dünənki fikirləri faktiki olaraq Qarabağın təslim edilməsi üçün hazırlanan yol xəritəsi və həyata keçirilmə qrafiki idi. Paşinyan bu fikirləri səsləndirərkən erməni cəmiyyətini də kapitulyasiya müqaviləsinə hazırlayırmış. Bundan sonrakı proseslər isə belə davam edəcək: 

 

“Mənə elə gəlir ki, Moskva ayın 25-də yenə üçtərəfli bəyanat verəcək, müzakirələr sonra Kişinyovda davam edəcək, ardınca da Brüsseldə yeni təslimçi sazişin şərtlərini razılaşdırmağa çalışacaqlar. Artıq Brüsseldə növbəti görüşün oktyabr ayında keçiriləcəyi elan olunub. Onlar kapitulyasiya müqaviləsini hazırlamağa və sonra ratifikasiya etməyə çalışacaqlar”. 

 

Deputatın fikrincə, erməni xalqının bu proseslərin qarşısını almaq üçün çox az vaxtı qalıb. “Yəni faktiki olaraq Ermənistan xalqının, bütün siyasi qüvvələrin və maraqlanan vətəndaşların ölkənin təslim edilməsi prosesini dayandırmaq üçün 5 ay vaxtı var”, - Saqatelyan bildirib.

 

Bəs erməni xalqı və müxalifəti bu proseslərin qarşısını necə ala bilər?

 

Saqatelyan bu suala cavab verərkən bildirib ki, yalnız bəyanatlarla kifayətlənmək olmaz: “Biz son 3 ildə bəyanatlarla yanaşı, konkret addımlar da atmış siyasi qüvvəyik. Və bir daha bəyan edirəm - biz vəziyyətə dözmək fikrində deyilik, son nəfəsimizə qədər mübarizə aparacağıq. Müxalifətin mübarizədən uzaqlaşması ilə bağlı bütün bəyanatlar - sizi inandırıram ki, doğru deyil. Keçən ilin bu günlərində apardığımız mübarizə təslim prosesini gecikdirdi. Əgər biz bunu etməsəydik, proses artıq yekunlaşmışdı. İndi bizim vəzifəmiz Ermənistanda, “Artsax”da və diasporda yeni qüvvələrlə ümummilli müqavimət formalaşdırmaq, cəmiyyəti genişmiqyaslı vətəndaş itaətsizliyi aksiyalarına hazırlamaq və döyüşə çıxmaqdır. Müxalifətin əsas vəzifəsi bundan ibarətdir”.

 

Bir sözlə, Daşnaksütyun partiyası Azərbaycanın Qarabağı geri qaytarmaq strategiyasına İrəvanda vəziyyəti qarışdırmaqla mane olmaq istəyir. Bəs, Ermənistanı daha da zəif salacaq bu vətəndaş qarşıdurması nə zaman baş verəcək? 

 

Deputat bu suala da cavab verib:

 

““Daşnaksütyun”un həm küçə döyüşləri, həm də qarşıdan gələn tədbirlər haqqında öz fikirləri var. Biz onları həmkarlarımızla müzakirə edəcəyik, əvvəlki hərəkətlərimizizn səhvlərini müəyyən edəcəyik. Müxalifət öz addımlarını dəqiq formalaşdırmalı və mübarizəni davam etdirməlidir. Bundan əvvəl hesab edirəm ki, yaxın günlərdə Ermənistanda və “Artsax”da Paşinyanın qeyri-legitimliyini və onun imzasının hüquqi əsası olmadığını göstərmək üçün etirazlar, müqavimət aksiyaları keçirilməlidir. Nikol Paşinyanın “Artsax”ı və Ermənistanı təslim etmək hüququ və mandatının olmadığı bütün dünyaya çatdırılmalıdır”.

 

Deputatın bildirdiyinə görə, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının zərəri təkcə Qarabağdakı ermənilərə dəymir: “Ermənistanın dövlətçiliyi də ciddi sual altındadır. Dünənki bəyanatdan sonra indiyə qədər buna şübhə ilə yanaşan Ermənistan Respublikasının bütün vətəndaşları şübhələrini bir tərəfə atmalıdırlar. Biz əlimizdən gələni etməliyik ki, hakimiyyət bundan yayınmasın. Mən “Daşnaksütyun” adından danışıram, amma əminəm ki, siyasi sahədə prosesə cəlb olunacaq çoxlu qüvvələr var. “Daşnaksütyun” istənilən statusda - həm aparıcı qüvvə, həm də sıravi döyüşçü kimi əməkdaşlığa hazırdır. Bu hakimiyyət orqanlarına qarşı hər hansı hərəkətlər qanuni sayılır, çünki onlar qeyri-legitimdir. İstər itaətsizlik olsun, istərsə də üsyan. Hakimiyyət bizə alternativ vermir. Ya təslim olmalı, ya da döyüşməliyik. Vətən uğrunda mübarizədə isə bütün vasitələr hüquqidir”, - Saqatelyan vurğulayıb.

 

“Hakimiyyətə qarşı üsyan” deyərkən nəyi nəzərdə tutduğuna aydınlıq gətirən Saqatelyan qeyd edib ki, söhbət zorakılıqdan yox, erməni xalqının əsirlikdən azad olmaq hüququndan gedir. “Mən zorakılığa çağırışlar etmirəm. Mən xalqın hakimiyyətə qarşı mübarizə aparmaq kimi müstəsna hüququndan danışıram. Hökumət bizə seçim yeri qoymur. Bəli, xalq genişmiqyaslı itaətsizliyə hazırlaşmalıdır”, - deyən Saqatelyan öz bir neçə dəqiqəlik əvvəlki mövqeyindən geri çəkilməyi də unutmayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 5 899          Tarix: 23-05-2023, 15:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma