“Azərbaycanla sülh sazişi imzaladıqdan sonra Ermənistan daha çətin vəziyyətə düşə və Ermənistanın nəfəs almasına belə heç bir təminat olmaya bilər”.
Ovqat.com-un məlumatına görə, bu barədə keçmiş xarici işlər naziri Vardan Oskanyan sosial şəbəkələrdə yaydığı müraciətində bildirib.
10 il Ermənistan Xarici İşlər Nazirliyinə rəhbərlik edən diplomat bildirib ki, sülh sazişinin bağlanması ilə bağlı danışıqları təkcə Ermənistan-Azərbaycan arasında yaşanan proses kimi deyil, daha çox Ermənistan-Türkiyə prosesi kimi qəbul etmək lazımdır. Onun sözlərinə görə, son vaxtlar Türkiyə və Azərbaycan bu prosesdə eyni dərəcədə maraqlıdır. Və hər iki qonşu dövlətdə güclü inam var ki, ermənilər gec-tez qisas almaq istəyəcəklər.
“Türkiyə və Azərbaycan hesab edirlər ki, erməni xalqı bu iki dövlətin ərazilərini hələ də öz ata-babalarının tarixi torpaqları hesab edir, xüsusən də Dağlıq Qarabağın Azərbaycan tərəfindən “mənimsənilməsindən” sonra. Bu, Ankara və Bakıdakı hakimiyyət orqanlarını inandırır ki, bir gün Ermənistan məğlubiyyətdən qurtulsa, onlar üçün təhlükə yaradacaq”, - Oskanyan belə düşünür.
Sabiq nazir hesab edir ki, məhz bu səbəbdən həm Türkiyə, həm də Azərbaycan sülh müqaviləsi ilə Ermənistanı maksimum sıxışdırmağa çalışacaqlar: “Və indiki hakimiyyətin bu istiqamətdə yürütdüyü siyasətinin acı bəhrələrini, çoxsaylı uğursuzluqlarını, onun günahı üzündən baş verən fəlakətləri nəzərə alsaq, ağrılı güzəştlər ssenarisini qətiyyən istisna etmək olmaz”.
Paylaş: