Xəbər lenti


Ana və uşaq ölümləri, rüşvət alma iddialarına görə haqqında bir neçə cinayət işi açılmış ginekolog-cərrah Nəzakət Gülməmmədova Naxçıvan Perinatal Mərkəzinə (keçmiş Doğum Evi) baş həkim təyin olunur. 

 

Ovqat.com-un məlumatına görə, bu barədə “Gündəlik Naxçıvan” Naxçıvan Səhyiyə Narizliyindəki mənbələrə istinadən bildirib. 

 

Mənbənin bildirdiyinə görə, daha doğrusu, artıq təyinat olub və bununla bağlı sərəncam yaxın günlərdə ictimailəşdiriləcək.
 

Nəzakət Gülməmmədovanın ittiham olunduğu son ölüm hadisəsi ötən ilin oktyabrında baş verib. Onun mərkəzdə əməliyyat etdiyi Babək qəsəbə sakini 43 yaşlı Sveta Xudiyeva növbəti gün vəfat edib. Mərhumun qohumları bildirir ki, onlardan 700 manat rüşvət ala bilsin deyə, Nəzakət Məmmədova əməliyyata fiziki cəhətdən hazır olmayan xəstəni bıçaq altına salıb. Məsələ ictimailəşdikdən sonra Naxçıvan prokurorluğu onun haqqında rüşvət alma və səhlənkarlıq səbəbindən ölümə səbəb olma ittihamı ilə müvafiq maddələrlə cinayət işi açmışdı.
 

Bu hadisədən sonra mərkəzin o vaxtkı baş həkimi Kifayət Məmmədova vəzifəsindən istefa vermişdi. Onun burda tüğyan edən, həddini aşmış rüşvətxorluq və müxtəlif səbəblərdən qarşısını ala bilmədiyi çoxsaylı ölüm hallarına etiraz olaraq istefa verdiyi bildirilir. Məlumata görə o, mərhum Sveta Xudiyevanın əməliyyat olunmasına qarşı çıxsa da, Nəzakət Gülməmmədova buna məhəl qoymayıb.
 

Nəzakət Gülməmmədovanın baş həkim təyin olunması ilə bağlı məlumatı Perinetal Mərkəzin əməkdaşları da təsdiq edirlər:


 “Sveta Xudiyevanın xəstəxanadakı səs-küylü ölümündən sonra hamı onun həbs olunacağını gözləyirdi. Lakin, onu baş həkim təyin ediblər. Artıq, dünəndən bu vəzifədə fəaliyyətə başlayıb. Gəldi, dedi ki, 80 min manat verib, işi bağladım, məni istəməyənlər qalsınlar yana-yana. Xəstələri soyub, nazirliyə yaxşı pul qazandırdığı üçün onu gözlərinin üstündə tuturlar. Doğuşa gələn hər bir xəstəyə xüsusi iynə vurub, keysəriyyə əməliyyatına məcbur edir və hərəsindən min manat rüşvət alır. Başqa qanunsuz əməlləri ilə də pul qazanır. Təbii ki, bu pulu tək yemir, yarıdan çoxu yuxarıya gedir”.

 

Xatırladırıq ki, bu iddia “Gündəlik Naxçıvan”a aiddir. Həqiqəti nə qədər əks etdirib-etdirmədiyini deyə bilmərik. Tərəflərin iddialarla bağlı mövqeyini də işıqlandırmağa hazırıq.

 

Ovqat.com

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 165          Tarix: 11-01-2024, 08:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma