“Naxçıvan Ali Məclisinin sədrinin köməkçisi Ramiz Məmmədovun "canişin"in oğluna “Simurq quşu” xidməti deyəsən işə yaramayıb”.
Ovqat.com-un Baş redaktoru Heydər Oğuz bu gün facebook səhifəsində paylaşdığı statusda bildirib.
Onun sözlərinə görə, dünən Ramiz Məmmədovun oğlu Ramin Məmmədov Naxçıvan MR fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
“Ramin Məmmədov barəsində müvafiq Sərəncamı kim imzalasa yaxşıdır? - Əlbəttə ki, öz həqiqi rəhbərinin kimliyini unudub "canişin" həzrətlərinə "apar-gətir" xidməti göstərən Ramiz Məmmədovun rəsmən tabeçiliyində olduğu Anar İbrahimov. Yəni Naxçıvan Ali Məclisinin sədri. Belə görünür ki, Ramiz Məmmədovun öz həqiqi sədrinə sözü keçməyib”, - Heydər Oğuz bildirib.
O qeyd edib ki, Anar İbrahimovun hansı səbəbdən bu Sərəncamı imzaladığını bilmir: “Böyük ehtimalla, bu, Ramiz Məmmədovun öz sədrinin kimliyini unudub başqasına “Simurq quşu” xidməti göstərməsindən qaynaqlanmayıb. Yəqin ki, dövlət strukturlarında özünü formalaşdırmış Anar müəllim bu xırda səbəbə görə öz köməkçisinin oğlunu cəzalandırmazdı. Ümid edirəm ki, Ramin Məmmədovun vəzifəsindən uzaqlaşdırılmasının əsl səbəbi media orqanlarına sızdırılacaq və biz də bundan xəbər tutacağıq”.
Zəruri haşiyə
Maraqlıdır ki, Naxçıvanın dərin sirlərinə vaqif olan TNS saytı Heydər Oğuzu çox intizarda buraxmayaraq bu Sərəncamın verilməsi barədə bəzi incə məlumatları indidən paylaşıb:
“Ramin Məmmədov bu vəzifəyə təyin olunanda ciddi tənqidi yazı ilə çıxış etmiş, bu təyinatın yanlış olduğunu bildirmişdik. Ramin Məmmədovun əvvəllər Prezident mühafizəsində çalışdığını, bir müddət orada fəaliyyət göstərdikdən sonra müəmmalı şəkildə vəzifəsindən uzaqlaşdırıldığını xatırlatmışdıq.
Ramin Məmmədov uzun illər Vasif Talıbovun köməkçisi vəzifəsində çalışan, bu gün isə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin ən yaxın və ən etibarlı adamı olan, qeyri-rəsmi onun köməkçisi funksiyasını icra edən Ramiz Məmmədovun oğludur. Onun bu vəzifəyə təyinatında Fuad Nəcəflinin xüsusi rolu olmuşdu.
Ramin Məmmədov Naxçıvanda nazir müavini təyin olunduqdan sonra atasının hazırkı mövqeyindən yararlanaraq muxtar respublikada biznes imperiyasını qurmağa başlayıb.
Ötən ilin mart ayında Naxçıvanda “CREO PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Şirkətin qanuni təmsilçisi Fərəcov Emin Zakir oğlu, hüquqi ünvanı Babək rayonudur. Məhdud Məsuliyyətli Cəmiyyət 29 mart 2023-cü il tarixdə dövlət qeydiyyatına alınıb.
Redaksiyamıza etibarlı mənbələrdən daxil olan məlumata görə, bu şirkətin əsl sahibi sabiq nazir müavini Ramin Məmmədovdur. Şirkətin fəaliyyət istiqamətləri barədə dəqiq məlumat yoxdur. Şirkətin tikinti sektorunda fəaliyyət göstərəcəyi bildirilirdi. Görünür, yaradılmış imkandan səmərəli istifadə edən Ramiz Məmmədov Naxçıvanda aparılacaq genişmiqyaslı tikinti-quruculuq işlərində yaxından iştirak etmək, tikinti biznesini formalaşdırmaq fikrinə düşüb. Hansısa istehsal və xidmət sektoru daha gec qazanc gətirir. İstehsal və xidmət sektorunun gəlir gətirməsi üçün illər lazımdır. Amma tikinti sektorunda qazanc əldə etmək üçün uzun müddət gözləməyə ehtiyac yoxdur. Bunanı tik, yolunu çək, dövlətdən pulunu al.
TNS bu məsələni ictimailəşdirdikdən sonra həmin şirkətin fəaliyyəti məhdudlaşdırılıb.
Ramiz Məmmədovun oğlunun belə qeyri-qanuni fəaliyyətləri, nazirlikdəki vəzifələrinin öhdəsindən gələ bilməməsi, hətta işə çıxamayaraq, özünün biznes faəliyyəti ilə məşğul olması, müəyyən “işlərin” həll edilməsi müqabilində kimlərləsə sövdələşməsi onun vəzifəsindən azad edilməsinə əsas verib” – TNS bildirib.
Saytın təxminlərinə görə, Ramin Məmmədovun vəzifəsindən azad edilməsi ciddi siqnaldır: “Bu fakt son bir ildə muxtar respublikada kadr islahatlarının düzgün aparılmadığının daha bir sübutudur. Yaxın vaxtlarda son bir ildə təyin edilmiş daha bir neçə yüksək vəzifəli şəxsin işdən çıxarılacağı gözlənilir”.
***
Heydər Oğuz daha sonra yazır ki, Ramin Məmmədovun Naxçıvan MR FHN-dəki vəzifəsindən uzaqlaşdırılması onun boyundan uzun ümidlərinin də üstündən xətt çəkib: “Belə ki, bir neçə ay bundan əvvəl onun yaxınlarının şəxsən mənə verdiyi məlumata görə, Ramin müəllim özünü fövqəlnazir "manıs Kamal"ın yerinə hazırlayırdı. Yəqin ki, ona bu vədi də "canişin" əfəndi vermişdi. İndi isə Anar İbrahimovun bir imzası ilə bəlkə də böyük bir projeyə son qoyuldu”.
Müəllifin “Simurq quşu xidməti” deyərkən nəyi nəzərdə tutduğunu anlamaq üçün onun dünən Facebookda paylaşdığı bu statusunu oxumanız tövsiyə olunur:
“Canişin”in camadanı və Ramiz Məmmədovun qanadları
Paylaş: