“Ümummilli Lider Heydər Əliyevin yaratdığı və bizə miras qoyduğu əqli mülkiyyət siyasəti Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında yaşadılmır”.
Ovqat.com-a Naxçıvandan göndərilən bir şikayət məktubunda belə deyilir.
Müəllif iddia edir ki, Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Patent şöbəsinə müraciət etmək istəyib. Xidmətdən bildiriblər ki, artıq yeni strukturda Patent şöbəsi yoxdur, çoxdan ləğv olunub. Ona heç bir köməklik edə bilməyəcəklər. Patent almaq üçün Bakı şəhərində yerləşən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə müraciət edəsən. O da edib. Amma heç bir nəticə əldə edə bilməyib.
Uzun çək-çevirdən sonra şikayətçiyə məsləhət görüblər ki, bu işlə məşğul olan patent müvəkkikləri var, onlarla əlaqə saxlamaq lazımdır. İnternetdə siyahıda olan patent müvəkkillərinin iş qarşılığında istədiyi məbləğ isə 2000 manatdan başlayır.
Qısası, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yeni “hərrac bazarı” yaradılıb və ayda 500-600 manat alan müəllim öz ixtirasını patentləşdirmək üçün bir neçə aylıq məvacibini ailəsinin boğazından kəsib bu bazarın “bazarkom”larına verməlidir.
Şikayət məktubunu olduğu kimi dərc edirik:
2023-cü ilin may ayının 5-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ümummilli Lider Heydər Əliyev Azərbaycan əqli mülkiyyət sisteminin yaradıcısıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib. Tədbirin açılışında vurğulanıb ki: Ulu Öndər fenomenini, Heydər Əliyev böyüklüyünü, onun bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz – onun müasirləri acizik və yalnız illər, qərinələr ötəndən sonra bu tarixi şəxsiyyətin vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman özü verəcək. Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır. Heydər Əliyev dühasının sovet müəlliflik hüququnu inzibati-amirlik sisteminə xidmət edən, müəlliflərin xeyrindən daha çox onların mənafeyinə zidd olan “əsərlərdən istifadə hüququ”, yaradıcılığa sipər çəkən amil kimi təsəvvür etdiyi qeyd edilib. Ulu Öndərin yaradıcılıq sərbəstliyi və dövlət müdaxiləsi arasında olan qeyri-bərabər vəziyyəti aradan qaldıraraq, “müəllif öz əsərinin sahibkarı yox, ancaq müəllifidir” prinsipinin dağıdılmasının təşəbbüskarı olduğunu diqqətə çatdırılıb. O, Heydər Əliyevin müəlliflərə və yaradıcı şəxslərə onların şəxsi hüquqları ilə yanaşı, əmlak (iqtisadi) hüquqlarını da qaytararaq yaradıcılığın həvəsləndirilməsinə, mədəni irsin zənginləşdirilməsinə əsas yaratdığını, müəllifin iradəsinin muxtariyyətini bərpa etdirərək və əsərdən istifadəyə müəllif icazəsini ön plana çəkdirərək gələcək müəlliflik hüququna əsaslanan “mədəni (kreativ)” sənayenin təməl daşını qoyduğunu bildirilib. Sovet patent sistemində də yaradıcının sıxıldığını söyləyərək ixtiraçının patent hüququnun sahibi deyil, o yalnız ixtiraçı olduğunu və heç təsadüfi deyil ki, ozamankı qanunvericiliyin patent haqqında yox, ixtiraçı fəaliyyəti haqqında olduğunu vurğulanıb. Bu xoşagəlməz vəziyyəti Ulu Öndərin uzaqgörənliyi aradan qaldırdı, patent haqqında qanun qəbul edildi və ixtiraçının hüquqları bərpa olunmaqla, yenilikçiliyə, innovasiyaya yol açıldı. Heydər Əliyevin uzaqgörənliyinin nəticəsidir ki, Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Bern Konvensiyası, Cenevrə Konvensiyası, Roma Konvensiyası, İnternet müəllif-hüquq müqavilələrində və digər mötəbər beynəlxalq təsisatlarda və qurumlarda fəal iştirak edir, ÜƏMT-nin diplomatik konfranslarında rəhbər orqanlara seçilir. Təsadüfi deyil ki, Azərbaycan ÜƏMT-nin 190 üzv-dövlət sırasından dəfələrlə bu təşkilatın fəaliyyətini əlaqələndirən Koordinasiya Komitəsinin üzvü seçilib. Həmçinin Azərbaycan nümayəndəsi 150-dən artıq dövləti birləşdirən məşhur Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası Assambleyasının sədr müavini, sonra isə sədri seçilib. Xüsusilə qeyd olunub ki, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində yaradılan, müəllifi olan milli əqli mülkiyyət sistemi Prezident İlham Əliyevin yaradıcılıqla keçirilən varislik xəttində, səyləri və dəstəyi ilə uğurla inkişaf edir. Belə ki, 2018-ci ildə ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər həyata keçirilib, Əqli Mülkiyyət Agentliyi yaradılıb. Prezident İlham Əliyevin həyata keçirdiyi institusional islahatlar çərçivəsində uzun illər bir-birindən ayrılıqda fəaliyyət göstərən sənaye mülkiyyətinin və müəlliflik hüququnun bir örtük altında birləşdirilərək, Əqli Mülkiyyət Agentliyinin yaradılması dövlətimizin başçısının bu sahəyə olan diqqət və qayğısının növbəti təzahürüdür. Məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir.
Daha sonra çıxış edən natiqlərdən birinin “Müstəqil Azərbaycanın əqli mülkiyyət sisteminin yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda məruzəsi dinlənilib. Ulu Öndərin əqli mülkiyyətə, əqli mülkiyyətin yaradıcılarına, əqli mülkiyyətin qorunub saxlanmasında əməyi olan hər bir şəxsə xüsusi diqqət və qayğı ilə yanaşdığı bildirilib. Məhz bu qayğının nəticəsində Agentlik qonorar toplayan ictimai birlik statusundan mərkəzi icra hakimiyyəti orqanı statusunda fəaliyyət göstərən dövlət qurumuna çevrilib. Bu gün biz Əqli Mülkiyyət Agentliyində çalışmağımızı böyük qürur və fəxr hissi ilə deyə bilərik. Hər zaman Ulu Öndərin əqli mülkiyyətə böyük diqqət yetirdiyini, Azərbaycan mədəniyyətinin inkişafına qayğı göstərdiyini, Azərbaycan mədəniyyətini və ədəbiyyatını ümumiyyətlə intellektual mülkiyyət kimi xarakterizə etdiyi vurğulanaraq Heydər Əliyevin sözlərini xatırlanıb: “Bu gün müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir”.
Deməli belə çıxır ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı və bizə miras qoyduğu əqli mülkiyyət siyasəti Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında yaşadılmır. Zəif olan işlərin üstündən tamamilə xətt çəkilir. Bunu mən yox Naxçıvanda yaşayan bir qohumum mənə bildirdi. Onun bir neçə ixtira patenti var əvvəlcədən alıb. İndi yeni ixtirasına patent almaq istəyir. Bu işə baxan Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Patent şöbəsinə müraciət edib. Şöbədən bildiriblər ki artıq yeni strukturda Patent şöbəsi ləğv olunub. Ona heç bir köməklik edə bilməyəcəklər. Patent almaq üçün Bakı şəhərində yerləşən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə müraciət etsin. Ona mərkəzin telefon nömrəsini də deyiblər: Qaynar xətt- 960.
Mən ora zəng etdim mənə izləyəcəyim yolları izah etdilər, sənədləri yükləməyi, doldurmağı, təsdiqləməyi, yenidən elektron formada yükləməyi, kabinet yaratmağı izah etdilər. Bu isə çox çətin proseslərdir. Mən bunları neçə dəfə hazırlamağa çalışsam da bacara bilmədim. Təkrar dəfələrlə zəng etdim. Qaynar xətt olduğu üçün saatlarla gözləyirdim ki cavab alım. Amma gözləməkdən vaxt çatmırdı. Sonda irad bildirdim ki, niyə belə proseslər şətin və qəlizdir. Mən müəllim olaraq bu işlərdə belə çətinlik çəkirəm. Bəs sahibkarlar necə edəcək? Axı sahibkarlar biznesmenlər hamısı ali təhsilli deyillər. Onların biznesi, külli miqdarda gəliri və pulu var. Onlar hamısı müəllim deyil ki, ya da o qədər varlı olduğu üçün gedib haradasa yenidən təhsil almayacaqlar ki. Bunun çıxış yolu nədir? deyə sual verdim. Dedilər ki bu işlə məşğul olan patent müvəkkikləri var. İnternetdə siyahıda olan patent müvəkkillərinin iş qarşılığında istədiyi məbləğ isə 2000 manatdan başlayır. Müəllim neçə il işləyib bunu ödəməlidir. Patentin sənayedə tətbiq olunub olumayacağı hələ bəlli deyil, amma patent almaq bu qədər çətin və bahalıdır. Hələ mən markalaşmanı demirəm. O da qalsın növbəti yazıya...
Paylaş: