Xəbər lenti


Naxçıvan şəhər İcra Hakimiyyətinin faktiki başçısı (rəsmən müavini) Əhməd Vəliyev dünən axşam təcili Bakıya çağrılıb. 

 

Ovqat.com-un əldə etdiyi məlumata görə, bu təcili dəvətin səbəbi bilinmir.

 

Amma dünən axşamdan Naxçıvan MR-da yaşanan gərginliklər Əhməd Vəliyevin niyə Bakıya çağırılmasına qismən aydınlıq gətirir.

 

İddialara inansaq, ötən axşam Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi rayon icra başçılarına zəng edib Muxtar Respublikadakı vəziyyətlə bağlı onları bərk danlayıb. Səhər açılan kimi isə Naxçıvan şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru Əli Vəliyev son zamanlar iaşə obyekti açmaq məqsədi ilə ona müraciət edən sahibkarları yanına çağırıb bundan sonra onların müraciətinə şəhər meriyasının Memarlıq və tikinti şöbəsinə yeni müdir təyin olunan Qabil Abbasovun baxacağını bildirib və özünə təqdim edilən sənədləri sahibkara qaytarıb. 

 

İnformasiya qaynağımız həm səlahiyyətli nümayəndə Fuad Nəcəflinin icra başçılarına zəng etməsini, həm Əhməd Vəliyevin təcili Bakıya çağrılmasını, həm də meriyanın Ticarət və Xidmət Departamentinin direktoru Əli Vəliyevin sahibkarlardan topladığı sənədləri özlərinə qaytarmasını bir amillə əlaqələndirir. Onun iddiasına görə, ötən ilin 28 iyulunda Naxçıvan şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru təyin olunan Əli Vəliyev işində ciddi dönüş yarada bilməyib. Yenə “xan” dövründəki qaydalar eynilə davam edir; aldığı obyektdə pəncərəni qapı ilə əvəz edən və ya yeni iş yeri açmaq üçün Sərəncam almaq istəyən sahibkarlardan 25-30 min manat civarında “şirinlik” alınırmış və s. Bu da bəzi sahibkarların etirazına səbəb olub və onlar Bakıya şikayət ediblər. Bakıdan gələn sərt tənqid nəticəsində xüsusi nümayəndə icra başçılarına zəng edib və onları danlamaqla işini yekunlaşdırıb. Başqa sözlə, Bakı “canişin”i danlayıb, “canişin” də icra başçılarını. Bununla kifayətlənməyən paytaxt isə Naxçıvan şəhər İcra Hakimiyyətinin faktiki başçısını görüşə çağırıb.

 

Maraqlıdır ki, Naxçıvanın faktiki meri Əhməd Vəliyev əslində legitim mer deyil. Yəni onun hansısa sərəncama qol çəkmək ixtiyarı yoxdur. Nəticədə sahibkarlardan “şirinlik” alınaraq onlara sərəncam əvəzinə söz verilirmiş. Di gəl ki, Bakıya edilən şikayətlər bütün planları alt-üst edib.

 

Sərəncam əvəzinə söz verilən sahibkarların 40 nəfər civarında olduğu bildirilir.

 

Digər iddialara görə, Naxçıvanın faktiki meri “çiçəyi burnunda” məmurlardandır. O, bir neçə gün əvvəl bu vəzifəyə təyin olunub və yeni iş yerinə özü ilə bərabər əlavə 4 nəfər də gətirib. 

 

İsa Allahverdiyevi  Hüquq Şöbəsinə müdir;

Qabil Abbasovu Memarlıq ve tikinti şöbəsinə müdir;

Sadiq Salahlını Ümumi şöbəyə müdiri;

Bağır Abbasovu 1 saylı Mənzil İstismar Sahəsinə (Jek)  müdir.

 

Dərd burasındadır ki, bu möhtəşəm “beşliy”in hamısı Fətullah Gülənin bir vaxtlar Naxçıvanda fəaliyyət göstərən orta məktəbinin məzunlarıdır. Odur ki, Naxçıvan şəhər meriyasında işləyənlər arasında “FETÖ-çülər iş başına gəldi” dedi-qoduları yayılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 12 068          Tarix: 29-02-2024, 19:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma