Xəbər lenti


“Ukraynanın Prezident Aparatı heç vaxt Zelenskinin Ermənistana və Azərbaycana səfərə hazırlaşdığı barədə hər hansı məlumat verməyib. Ona görə də biz Prezidentin səfərinin ləğvi ilə bağlı heç nə deyə bilmərik”.

 

Ovqat.com-un məlumatına görə, Zelenskinin mətbuat katibi Nikolay Nikiforov Ukrayna mediasına verdiyi açıqlamada belə deyib.

 

Qeyd edək ki, bu barədə məlumatı ilk əvvəl Ermənistan mediası yaymışdı. Əvvəl fevralın 23-də bəzi erməni media orqanlarında tirajlanan xəbər 3 gün sonra “Azadlıq”  radiostansiyasının erməni redaksiyası kimi fəaliyyət göstərən “Azatutyun” tərəfindən də yayılmışdı. Fevralın 26-da “Azatutyun” bir az da irəli gedərək, Zelenskinin Cənubi Qafqaza səfərinin vaxtını və marşrutunu belə göstərmişdi: martın 4-də əvvəl İrəvana, sonra Bakıya. Səfərin öncəliyini İrəvana verməklə yəqin ki, Zelenskinin bir köynək ermənilərə daha yaxın olduğu barədə ictimai rəy yaratmağa çalışmışdır.

 

 Martın 1-də xəbər öz təsdiqini tapmayanda isə erməni mediası növbəti yalanını dövriyyəyə buraxmışdı: Rəsmi Bakı bu səfəri qəbul etmədiyindən, Zelenskinin regiona gələsi olmadı. 

 

Dərd burasındadır ki, ilk dəfə erməni mediası tərəfindən tirajlanan xəbər həm Ukrayna, həm də Azərbaycan mətbuatı tərəfindən günlərlə müzakirə olunmuşdu. Xüsusilə bizim media orqanlarımızdan bəziləri Zelenskini bu “xəyanəti”nə görə ağ yuyub qara sərmiş, xaricdən yayımlanan internet tele-kanalları isə Ukrayna prezidentinin bu “səfər”ində hansısa siyasi ismarış axtarmış və ölkə rəhbərini sərt tənqid atəşinə tutmuşdular. 

 

Görünən budur ki, Ukrayna Prezident Aparatı erməni məkrinin daha artıq davam etməməsinin qarşısını almaq məqsədilə iddiaları yalanlamaq məcburiyyətində qalıb.

 




Ana səhifəyə qayıt        Baxış: 5 464          Tarix: 1-03-2024, 23:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma