Xəbər lenti

 

Vaxtilə qədim Romada tualet imperiya mədəniyyətinin vazkeçilməz tərkib hissəsi kimi qəbul olunurdu. Bu gün gənclər necə gedib internet-kafelərdə oturub həm çay içir, həm məlumatlanır, həm də söhbət edirlərsə, qədim Roma aristokratları da eyni qaydada tualetdən yararlanırdılar: həm özlərini rahatladır, həm də “unitaz” üzərində oturub saatlarla dünya və ölkə gündəmini müzakirə edirdilər. Arada hətta oturduqları “unitaz”dan  durmadan çay, qəhvə və s. içkilərdən də nuş edirdilər: söhbətlərinə və təbii ehtiyaclarına şirinlik qatmaq üçün.

 

Şəkillərdə: antik dövrdən bu günə qalan xatirələr


İndi isə deyəsən, Naxçıvan “canişinliyi” antik Roma tualet kültürünü “kiçik torpağ”a gətirmək istəyir. Təbii ehtiyacını gidərmək istəyənlər bundan sonra Mömünə xatun  məqbərəsinin qabağında tarixi abidəni seyr edə-edə antik Roma həzzi ala biləcəklər. Hər halda TNS-in iddialarından belə anlaşılır. 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun muxtar respublikaya rəhbərlik etdiyi dövrdə Naxçıvandakı tarixi abidələr bərpa adı altında məhv edilib. Naxçıvanqala, Gülüstan, Qarabağlar türbələri, Qazançı körpüsü və onlarla abidə elə formada “bərpa” olunub ki, bu gün muxtar respublikaya gedən turistlər onların qədim tariximizin bir parçası olduğuna inanmırlar.

 

İnsafən deyək ki, Vasif Talıbov Naxçıvanın tarixini silsə də, təhqir etmir, onu murdarlamırdı.

 

Bir də xüsusilə qeyd edək ki, Talıbovun rəhbərliyi dövründə Naxçıvanın simvollarından biri olan Möminə Xatun məqbərəsinə toxunulmadı. Vasif Talıbov bilirdi ki, bu məqbərə "qırmızı xət"dir, ona toxunmaq olmaz. Bunun çox ciddi səbəbləri var idi.

 

Hələ 1999-cu ildə Naxçıvana səfər edən Ulu Öndər Heydər Əliyev milli memarlığımızın möhtəşəm abidəsi olan Möminə Xatun türbəsini ziyarət zamanı çıxışında məqbərə ilə bağlı qiymətli fikirlər səsləndirib: Əlbəttə, bu abidənin qiyməti yoxdur. Məsələn, çox vaxt, elə bu gün də bunu gözəl memarlıq abidəsi kimi təbliğ edirlər. Bu təbiidir, doğrudan da belədir. Dağılanlar dağılıb, amma qalanlar içərisində Мöminə Xatun məqbərəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir. Ancaq hesab edirəm ki, bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.

 

Həmin tədbirdə Ulu Öndərə məlumat verilib ki, Onun tapşırığı ilə Bakıdan, neft şirkətindən gəlib buranın bərpası üçün layihə-smeta sənədlərini hazırlayıblar.

 

Ümumilli Liderimiz deyib: “Bizim Dövlət Neft Şirkəti? İlham, bu iş sənə həvalə olunur. Mən çox məmnunam ki, siz belə təşəbbüs göstərmisiniz. Bu məsələni öz əlinizə götürün. Özün bu işlə məşğul ol, bütün layihələrə bax. Nə qədər vəsait lazımsa, Dövlət Neft Şirkəti ayıra, təmin edə bilər”.

 

İndi bildinizmi Vasif Talıbov niyə Möminə Xatun məqbərəsinə toxuna bilməmişdi. Abidənin bərpasının, ətrafının abadlaşdırılmasının layihəsinə dövlət başçısı özü baxıb, bu məsələ Onun nəzarəti ilə həyata keçirilib.

 

Bu gün Naxçıvanın simvollarından biri olan bu məqbərinin qarşısında tualet tikmək onu məhv etməkdən daha betər hərəkət - tariximizi murdarlamaq, xalqımızı təhqir etməkdir. Bu “müdrik qərarı” kimin verdiyini, hansı ağıl və məntiqlə burada tualet tikmək fikrinə düşdüklərini bilmirik. Bildiyimiz odur ki, bu, ağlı başında olan adamın gördüyü iş deyil. Möminə Xatunun yerləşdiyi Əcəmi seyrəngahında başqa yer yoxdur? Bu ərazinin relyefi elədir ki, orada yeraltı tualet də tikmək olar, bu məqsədlə başqa yer tapmaq da. Bunun qarşısı alınmasa, bundan sonra Möminə Xatuna baxanda birinci tualeti, sonra məqbərəni görəcəyik. Budurmu sizin tariximizə hörmət və ehtiramınız? Milli tariximizi “zibilləməkdə” məqsəd nədir?

 

Əllərini bulamışkən, bir neçə ironiyalı təklif də biz verək. Təklif edirik ki, Yusif Küseyir oğlu türbəsinin qarşısında bar, Qarabağlar türbəsinin qarşısında sauna, Naxçıvanqalada diskoteka, İmamzadə kompleksində pub açılsın.

 

Naxçıvanda baş alıb gedən intizamsızlığa, özbaşınalığa, biabırçılığa “dur” deməyin vaxtı çatıb.

 




Ana səhifəyə qayıt        Baxış: 10 121          Tarix: 17-03-2024, 20:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma