Xəbər lenti


Naxçıvanın simvol abidələrindən sayılan Mömünə Xatun türbəsinin yaxınlığında tualet tikilməsi iddialarına Naxçıvan İcra hakimiyyəti aydınlıq gətirib.

 

Ovqat.com-la əlaqə saxlayan Naxçıvan MR yetkililərindən biri həmin yarımçıq tikilinin ümumi ayaqyolunun fasadı olmadığını bildirib.

 

Həmsöhbətimizin bildirdiyinə görə, Vasif Talıbovun zamanında Naxçıvan şəhərinin bir hissəsini elektrik enerjisi ilə təchiz edən əksər yüksəkgərginlikli xətlər məhz həmin ərazidə birləşirmiş. Bu da elektirik enerjisində hər hansı problem yaranacağı təqdirdə onun təmirini çətinləşdirirmiş. Naxçıvan şəhər meriyası məlum problemin qarşısını almaq üçün ərazidə yüksəkgərginlik yarımstansiya tikməyi qərarlaşdırıb. Həmin yarımçıq tikili də məhz sözügedən yarımstansiyanın tamamlanmamış hissəsi imiş.

 

Yeri gəlmişkən, şəhər meriyası APA-nın Naxçıvan bürosuna da eyni məzmunlu və daha detallı açıqlama verib. Açıqlamada bildirilir:

 

Mömünə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı yayılan məlumatlara Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən aydınlıq gətirilib.

 

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti Mömünə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı dəqiqləşdirilmədən yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

 

Qeyd edilib ki, Naxçıvan şəhərinin Əcəmi seyrəngahı ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti tərəfindən başladılan tikinti işləri 2023-cü ilin noyabr ayından Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində tikinti işləri dayandırılıb. Həmçinin ərazinin razılaşdırılmadan istismarına icazə verilmədiyinə dair xəbərdarlıq edilib. Xidmət tikinti işlərinin başladılmasını 459 nömrəli yarımstansiyanın köhnə olması və təhlükəsizlik nöqteyi-nəzərindən qurğu və avadanlıqların qapalı tikilinin içərisində quraşdırılması ilə əsaslandırıb.

 

Xidmət tərəfindən bildirilib ki, növbəti mərhələdə seyrangahın görünüşünə xələl gətirən digər hava elektrik verilişi xəttinin yeraltı kabel xəttinə keçirilməsi işləri də aparılacaq.

 

Bütün bunları nəzərə alaraq İcra Hakimiyyəti tərəfindən uyğun yer seçilməsi ilə bağlı layihələndirmə işlərinə başlanılıb.

 

Abidənin tarixiliyi nəzərə alınaraq aparılan işlər yekunlaşdıqdan sonra tarixi abidəyə heç bir xələl gətirmədən elektrik xətlərinin çəkilməsi və qanunauyğun formada nəzərdə tutulan yarımstansiyanın qurulması üçün müvafiq yer ayrılacaq.

 

Qeyd edək ki, bir müddət öncə sözügedən ərazidə ictimai tualetin tikildiyinə dair məlumatlar yayılmışdı.

 

Xatırladaq ki, bu məlumat qardaş media orqanı olaraq qəbul etdiyimiz TNS tərəfindən yayımlanmışdı. Ovqat.com isə həmin məlumatı antik Roma tualet mədəniyyəti ilə müqayisə etmişdi.

 




Ana səhifəyə qayıt        Baxış: 5 686          Tarix: 19-03-2024, 10:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma